GÜNDƏM

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, Milli Aviasiya Akademiyasının kafedra müdiri akademik Əhəd Canəhmədov Niderlandın Amsterdam şəhərində keçirilən 6-cı Ümumdünya Konqresində elmi məruzə ilə çıxış edib.

Elminfo.az xəbər verir ki, Akademiyadan AZƏRTAC–a bildirilib ki, konqresə həm sədrlik etmək kimi məsul bir vəzifə, həm də konqresin ilk günündə moderatorluq etmək ona həvalə olunub. Əhəd Canəhmədov konqresi giriş sözü ilə açaraq iştirakçıları salamlayıb. Qeyd edib ki, konqresdə Avropa, Amerika, Asiya və Afrika ölkələrinin alimlərinin nümayəndələri təmsil olunur. Alimlərin etnik və dini mənsubiyyətləri müxtəlif olsa da, onları elm birləşdirir. Elm sosial və siyasi sərhədləri tanımır. Elm bəşəriyyətın inkişafına xidmət edir.

“Konqres elm nümayəndələri üçün yaxşı bir platformadır, yeni ideya və təcrübə mübadiləsi aparmaq, elmi və işgüzar əlaqələr yaratmaq, gələcək əməkdaşlıq üçün imkanları müzakirə etmək üçün səmərəli bir şəraitdir. Konqresin işinə uğurlar arzulayıram. Materialşünaslığın qlobal problemlərini müzakirə etmək üçün konqresin proqramına uyğun işimizə başlayaq”, – deyə o çıxışını bitirib.

Beynəlxalq tədbirdə akademik Əhəd Canəhmədov “Sinergetik prinsiplər və kiçik tsiklli yorğunluq şəraitində materialların dağılma qanunauyğunluqları” mövzusunda elmi məruzə edib. Ona sədrlik etmək haqqında və məruzəçi kimi sertifikatlar təqdim olunub.

Konqresin işi 2 gün davam edib.