26 noyabr 2024-cü il tarixində görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Gövhər Baxşəli qızı Baxşəliyevanın 70 yaşı tamam olur.
Akademik Gövhər Baxşəliyeva 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
O, 1984-cü ildə “Müasir Suriya ədəbiyyatında vətənpərvərlik mövzusu” mövzusunda namizədlik, 1996-cı ildə “Əbül-l-Fərəc əl-İsfəhaninin “Nəğmələr kitabı” və klassik Azərbaycan ədəbiyyatı” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 2004-cü ildə professor elmi adını almış, 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir. Beynəlxalq Elmlər Akademiyasının (Avstriya, İnsbruk) həqiqi üzvüdür.
Akademik Gövhər Baxşəliyeva əmək fəaliyyətinə AEA-nın Şərqşünaslıq İnstitutunda başlayaraq baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışmışdır. O, 1993-cü ildən Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, 1997-ci ildən direktoru vəzifəsini icra edən olmuşdur. 2002-ci ildən isə həmin institutun direktoru vəzifəsində çalışır. 26 yanvar 2022-ci ildən AMEA-nın vitse-prezidenti vəzifəsini icra edir.
Gövhər Baxşəliyeva klassik və müasir ərəb ədəbiyyatı, ərəbdilli Azərbaycan ədəbiyyatı, müqayisəli ədəbiyyatşünaslıq, ədəbi əlaqələr, mənbəşünaslıq, habelə şərqşünaslıq elminin başqa istiqamətlərinin inkişafında görkəmli xidmətləri olan və milli şərqşünaslıq elmini tədqiqatları ilə zənginləşdirən tanınmış şərqşünas alimdir. G.Baxşəliyeva “Əbd əs-Salam əl-Üceyli. Həyat və yaradıcılığı”, “Əbülfərəc əl-İsfahaninin “Nəğmələr kitabı” və klassik Azərbaycan ədəbiyyatı”, “Müasir Suriya hekayəsi” və “Toufik əl-Həkimin ədəbi görüşləri” kimi fundamental monoqrafiyaların, “İslam” ensiklopedik lüğətin (həmmüəllif), habelə 20 kitabın, o cümlədən “Ölməzliyə aparan yol”, “İlahi eşq dastanları”, “Məqalələr, məruzələr, müsahibələr” (4 cilddə), “Əsassız erməni iddiaları və tarixi faktlar” (İngilis dilindən Azərbaycan və rus dillərinə tərcümə), “Этническая идентичность Низами Гянджеви” (rus, ingilis və fars dillərində), “Unudulmaz lider” və s. kitablarının, həmçinin orta əsr mənbələrinin şərhli filoloji tərcümələrinin müəllifidir. Xaricdə 27 məqalə, məruzə və tezisi işıq üzü görmüşdür. Onun əsərləri keçmiş sovet respublikalarında və ərəb ölkələrində elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb, haqqında mətbuatda yazılar gedib, tədqiqatlarda əsərlərinə çoxsaylı istinadlar edilib. Azərbaycan şərqşünaslıq elmini bir çox xarici ölkələrdə (Almaniya, Türkiyə, Rusiya, İran, İtaliya, Fransa, Misir, Liviya, BƏƏ, Suriya, Çin, Rumıniya, Macarıstan, Polşa) layiqincə təmsil etmişdir.
Gövhər Baxşəliyeva şərqşünaslıq sahəsində bir çox əsərlərin elmi redaktorudur. “Şərq araşdırmaları” elmi-nəzəri və “Azərbaycan şərqşünaslığı” elmi-kütləvi dərgilərin baş redaktorudur. Bir sıra dərgilərin redaksiya heyətinin üzvüdür.
Gövhər Baxşəliyeva milli və xarici (Türkiyə, Misir, İraq, BƏƏ, İran və s.) şərqşünas kadrların hazırlanmasında fəal iştirak etmiş, onun bilavasitə rəhbərliyi ilə 25 namizədlik və 2 doktorluq dissertasiyası müdafiə olunmuşdur. Hazırda bir neçə doktorant və dissertanta rəhbərlik edir. Bir sıra namizədlik və doktorluq dissertasiyalarına rəsmi opponentlik etmişdir. “Türk xalqları ədəbiyyatı”, “Dünya ədəbiyyatı (ərəb ədəbiyyatı)” və “Dünya ədəbiyyatı (fars ədəbiyyatı)” ixtisasları üzrə Müdafiə şurasının sədridir. Şərqşünaslıq sahəsində Respublikada aparılan elmi işlərin koordinasiyası üzrə Problem Şurasının uzun illər sədri olmuşdur.
O, pedaqoji fəaliyyətlə də məşğul olmuş, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatı fənni üzrə xüsusi kurs aparmışdır.
G.G.Baxşəliyeva elm təşkilatçısı kimi də xeyli işlər görmüşdür. Onun İnstituta rəhbərlik etdiyi dövrdə şərqşünaslıq elminin ən müxtəlif sahələrinə aid onlarca tədqiqat hazırlanıb çap olunmuş, bir çox beynəlxalq və respublika elmi konfrans və simpoziumları keçirilmiş, institutun perspektiv inkişaf planları işlənib hazırlanmışdır. Qədim tarixi ənənələri olan Azərbaycan şərqşünaslığı onun direktorluğu dövründə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. İnstitutun profili və aparılan elmi tədqiqatların başlıca istiqamətləri genişlənmiş, Şərq ölkələrinin tarixi, iqtisadiyyatı, ictimai-fəlsəfi fikri, filologiyası, Azərbaycanın Şərq ölkələri ilə tarixi-mədəni əlaqələrinin aktual problemləri, Şərq-Qərb qarşılıqlı münasibətləri kompleks şəkildə tədqiq olunmuşdur.
G.B.Baxşəliyevanın fəaliyyəti nəticəsində 1990-cı illərin əvvəllərində baş vermiş kadr axınının qarşısı alınmış və istedadlı gənc kadrların cəlb olunması ilə İnstitutun elmi potensialı möhkəmləndirilmişdir.
Qədim tarixi ənənələrə malik Azərbaycan şərqşünaslıq elmi G.Baxşəliyevanın rəhbərliyi ilə öz yeni inkişaf mərhələsinə qədəm qoydu. İnstitutda aparılan elmi-tədqiqat işlərinin tarixinin, iqtisadiyyatının, ictimai-fəlsəfi irsinin, filologiyasının, habelə Şərq ölkələrinin Azərbaycanla tarixi-mədəni əlaqələrinin aktual məsələləri öyrənilmiş, Şərq-Qərb qarşılıqlı əlaqə və təsir problemləri hərtərəfli tədqiq edilmişdir.
Eyni zamanda institutda şərqşünaslığın ənənəvi klassik istiqamətləri ilə yanaşı Azərbaycan elminin müasir tələblərinə uyğun olaraq yeni tədqiqat sahələrinin inkişafına diqqət yetirilməyə başlanmışdır. Bu məqsədlə institutun strukturunda dəyişikliklər aparılmış, yeni şöbələr (“Şərq-Qərb”, “Cənubi Azərbaycan”*, “Mərkəzi Asiya ölkələri”, “Asiya-Sakit Okean regionu ölkələri”, “Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi”, “Şərq ölkələrinin tarixşünaslığı”) yaradılmışdır. G.B.Baxşəliyevanın rəhbərliyi ilə son illərdə institutun beynəlxalq elmi əlaqələri xeyli genişlənmişdir, ABŞ, Almaniya, Hollandiya, Çin, Rusiya, Türkiyə, Ərəb ölkələri, İran, Özbəkistan, Qazaxıstan, Macarıstan, Rumıniya, Polşa və sairə bu kimi bir sıra xarici ölkələrdəki şərqşünaslıq mərkəzləri ilə fəal elmi mübadilələr həyata keçirilmişdir. AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən kimi G.Baxşəliyeva İctimai Elmlər bölməsinin Elmi Şurasına sədrlik edərək böyük elmi-təşkilati fəaliyyət göstərir.
Gövhər Baxşəliyeva, eyni zamanda ölkəmizin ictimai-siyasi həyatında da fəal iştirak etmişdir. O, II, III, IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, 2001-2005-ci illərdə AR MM sədrinin müavini vəzifəsində çalışmışdır. AR MM-nin İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqında nümayəndə heyətinin rəhbəri, İKT Pİ İcraiyyə komitəsinin üzvü, Azərbaycan–Misir və Azərbaycan-Liviya Parlamentlərarası işçi qruplarının rəhbəri olmuşdur.
O, bir sıra sәfәrlәrdә Azәrbaycan Respublikası Milli Mәclisinin nümayәndә heyәtinә rәhbәrlik edib (Türkiyә, Misir Ərәb Respublikası, Birlәşmiş Ərәb Əmirliklәri, Suriya, Liviya, Almaniya Federativ Respublikası, Norveç Krallığı, Fransa, Böyük Britaniya, İtaliya, Malayziya, İndoneziya, Sudan, İraq, Niger, İran, Mali, Mәrakeş vә sair), çoxsaylı görüşlәr keçirib, Azәrbaycanın nailiyyәtlәri, üzlәşdiyi problemlәr vә gәlәcәk әmәkdaşlıq perspektivlәri haqqında geniş fikir mübadilәsi aparıb. Azәrbaycan Parlamentini Qәrbi Avropa İttifaqının Parlamentlәrarası Assambleyasının 51-ci sessiyası (Paris, Fransa, 2005), Bәrpa olunan enerji ehtiyatlarından istifadә (Bonn, Almaniya, 2004), Uşaq haqlarının müdafiәsinә hәsr olunmuş Ümumdünya Qadın parlamentarilәrin konfransı (Roma, İtaliya, 2004), Beynәlxalq enerji tәhlükәsizliyinә hәsr olunmuş beynәlxalq konfrans (Uels, Avstriya, 2006), İstanbulda İƏT Parlament İttifaqının VIII sessiyası vә konfransı, İƏT Parlament İttifaqının IX sessiyası vә konfransı (2006), İƏT Parlament İttifaqının X sessiyası (Kuala-Lumpur, Malayziya, 2008), İƏT Parlament İttifaqının fövqәladә sessiyası (İstanbul, Türkiyə, sentyabr, 2008), İƏT Parlament İttifaqının XI sessiyası (Niamey, Niger, 2009), BMT-nin «Sivilizasiyaların alyansı», II forum (İstanbul, Türkiyə, 2009), İƏT Pİ İcraiyyә Komitәsinin iclası vә sessiyası (2009), AR Parlamentinin qadın nümayәndә heyәti tәrkibindә Rumıniyaya sәfәr (2010), İƏT Pİ II Fövqәladә konfransı (Dәmәşq, Suriya, 2010); İƏT Pİ XIII sessiyası vә konfransı (Əbu-Dabi, BƏƏ, 2011), İƏT Pİ XII konfransı (İndoneziya, Palembanq, 2012), İƏT Pİ VIII sessiyası (Xartum, Sudan, 2013), İƏT Pİ XII sessiyası (Bamako, Mali Respublikası, 2017), İƏT Pİ XIII sessiyası (Tehran, İİR, 2018), İƏT Pİ XIV sessiyası (Rabat, Mәrakeş, 2019) vә s. mötәbәr mәclislәrdә layiqincә tәmsil etmişdir.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvüdür.
Gövhәr Baxşәliyeva elmi mühitin ön sıralarında gedәn, cәmiyyәtin inkişafına öz töhfәsini verәn, zәhmәtә vә axtarışlara üstünlük verәn ziyalılardandır. Çoxillik sәmәrәli ictimai vә elmi fәaliyyәti, әldә etdiyi bilik vә tәcrübә Azәrbaycan Milli Elmlәr Akademiyasının hәqiqi üzvü Gövhәr Baxşәliyevanın bundan sonra da cәmiyyәtimizә fayda vermәk yollarında inamla xidmәt göstәrәcәyinә işıq salır.
Akademik G.Baxşəliyeva “Şöhrət” ordeni (2024), “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)”, “Azərbaycan polisinin 100 illiyi (1918-2018)”, Azərbaycan Respublikası Milli Məclisinin “Parlament” medalı, “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919–2019)”, “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)”, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)”, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı (2024), Misir və Rumıniya Parlamentlərinin fəxri medalları ilə təltif edilmişdir. Dəfələrlə AMEA-nın fəxri fərmanları ilə təltif olunub. “Qızıl qələm” mükafatı laureatıdır.