GÜNDƏM

Akademik İsa Həbibbəyli Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri ilə görüşüb

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dizayn kafedrasının İnteryer üzrə dizayner ixtisaslaşması üzrə II kursda təhsil alan 16 tələbəsi “İsmailiyyə sarayı” binasında daxili interyerlə bağlı eskizlərin işlənilməsi” mövzusunda tədris-yaradıcılıq təcrübəsi keçmək üçün AMEA-nın Rəyasət Heyətinin binasında olublar.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tələbələr əvvəlcə AMEA-nın Rəyasət Heyəti binasında “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda keçiriləcək konfrans çərçivəsində təşkil edilmiş AMEA əməkdaşlarının rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Daha sonra qonaqlar AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ilə görüşüblər. Akademik İsa Həbibbəyli AMEA-nın Rəyasət Heyətinin binasının yerləşdiyi İsmailiyyə binasının interyeri və dizaynı haqqında tələbələrə geniş məlumat verib. Həmçinin qeyd edib ki, alim və mütəxəssislər elmi fəaliyyətlərindən əlavə, təsviri sənətlə də məşğul olur və bu günə kimi Ulu Öndər Heydər Əliyevə, akademik Zərifə Əliyevaya, Prezident İlham Əliyevə, Qarabağa, Şuşaya, “Nizami Gəncəvi İli”nə həsr olunmuş ümumilikdə 27 mövzuda sərgiləri təşkil edilib. Diqqətə çatdırıb ki, bu günlərdə AMEA-nın yeni loqosu üzrə müsabiqəyə yekun vurulub və ictimaiyyətə təqdim olunub.

Akademik İsa Həbibbəyli tələbələrə yeni yaradıcılıq uğurları arzulayıb və onlarla xatirə şəkli çəkdirib.

Görüşdə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalov, AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov, Humanitar Elmlər Bölməsinin elmi katibi filologiya üzrə fəlsəfə doktoru Arzu Məmmədxanlı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Dizayn” kafedrasının dosenti Əfrasiyab Məmmədov və həmin kafedranın müəllimi Emiliya Yanakiyeva iştirak ediblər.

Qonaqlar daha sonra Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda və Hüseyn Cavidin ev-muzeyində olublar. Onlara binanın interyeri və dizaynı ilə bağlı ətraflı məlumat verilib.