“Alibaba” portretləri canlandıran EMO neyro-şəbəkəsini təqdim edib
Alibaba İntellektual Hesablama İnstitutunun tədqiqatçıları tərəfindən hazırlanan EMO (Emote Portrait Alive) adlı süni intellekt insanın statik fotoşəkilini canlandıra, onları danışdıra və hətta mahnı oxuda bilir.
AZƏRTAC xəbər verir ki, sistem animasiyanın səs ardıcıllığının emosional tonlarına tam uyğun gələn real üz ifadələrini və baş hərəkətlərini canlandırır.
EMO sistemi süni intellektin real təsvirlər hazırlaya bilən diffuziya modelinə əsaslanır. O, fotoşəkilin və səsin birbaşa videoya çevrilməsini nəzərdə tutur. Habelə təbii nitqlə əlaqəli ən kiçik detalları, hərəkətləri və fərdi xüsusiyyətləri videoda canlandırmağa imkan yaradır.
Ekspertlər EMO tərəfindən canlandırılan videoların digər sistemlər tərəfindən hazırlanan videolardan daha təbii və emosional olduğunu deyirlər. Bu sistem təkcə nitq əsasında deyil, həmçinin vokaldan istifadə etməklə animasiyalar hazırlaya bilir. O, orijinal təsvirdəki şəxsin ağzının formasını nəzərə alır, müvafiq üz ifadələri əlavə edir və hərəkətləri vokalla sinxronlaşdırır.
EMO ilə bağlı yeganə problem bu texnologiyadan sui-istifadə potensialıdır. Tədqiqatçılar hazırda süni intellekt tərəfindən hazırlanan videoların müəyyən edilməsi üsulları üzərində çalışırlar.
azertag.az