ELMİ ANONSLAR

AMEA-da “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 25 yanvar 2024-cü il tarixində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinin qeyd olunması haqqında Sərəncam imzalamışdır.

Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Şərq ədəbiyyatına mühüm təsir göstərən qüdrətli şair və mütəfəkkirdir. Onun ülvi ideyalarla yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir. Füzulinin 500 illik yubileyinin UNESCO tərəfindən qəbul olunmuş qərarla beynəlxalq səviyyədə qeyd edilməsi milli-mədəni dəyərlərin və klassik ədəbi irsin qorunmasına həmişə xüsusi diqqət və qayğı göstərmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Üç dildə müxtəlif mövzu və janrlarda kamil sənət nümunələri yaradaraq Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatının ən böyük nailiyyətlərini bədii şəkildə ümumiləşdirən Məhəmməd Füzuli ümummüsəlman mədəniyyətinin müştərək yetirməsi və qanuni varisi kimi yüksəlmişdir. Füzuli yaradıcılığının geniş tarixi və coğrafi miqyası böyük təsir qüvvəsinə malikdir.

15-16 aprel 2024-cü il tarixində AMEA-nın Humanitar və İctimai Elmlər bölmələri və İraq-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə görkəmli şairin 530 illik yubileyinə həsr olunmuş “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” adlı beynəlxalq elmi konfrans keçiriləcəkdir. Konfransın Təşkilat Komitəsi konfransda iştirak üçün tezis qəbulunu elan edir. “Cəmii-lisanə qadir” Füzulinin poetik irsi və ədəbi məktəbinin tədqiqinə həsr olunmuş mövzuları əhatə edən məruzələrin tezisləri konfransda iştirak üçün təqdim oluna bilər.

Tezislər Azərbaycan, türk, ərəb, ingilis və ya rus dillərinin birində A4 formatda, 14 ölçülü hərflərlə, 1 intervalla, “Times New Roman” şriftində fuzuli_530@mail.ru elektron ünvana qəbul edilir. Tezislərin qəbulunun son tarixi 25 mart 2024-cü il, qəbul olunan tezislərin elanı tarixi 30 mart 2024-cü ildir. Konfransda iştirak etməyən müəlliflərin tezisləri çap olunmayacaq.

Tezislərin qəbulu ilə bağlı daha ətraflı məlumatı orientalstudies.az saytından almaq olar.

Ünvan: Bakı şəhəri, H.Cavid pr. 117 (AMEA-nın Əsas binası, VII mərtəbə, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, 715-ci otaq)

Tel.: (+994 55) 392 96 41