AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

AMEA-da keçirilən beynəlxalq simpozium öz işini bölmə iclasları ilə davam etdirib

elminfo.az science.gov.az-a istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmlər Akademiyasının (TÜBA)  birgə təşkilatçılığı ilə “Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən beynəlxalq simpozium öz işini bölmə iclasları ilə davam etdirib.

Bölmə iclaslarında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Müzəffər Şəkər, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının prezidenti, TÜBA Beynəlxalq Əlaqələr İşçi Qrupunun sədri professor Əhməd Nuri Yurdusev, hər iki ölkədən elmi quruların, strateji araşdırma mərkəzlərinin və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə giriş sözü ilə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli vurğulayıb ki, bu gün Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə olduğu kimi elmi və mədəni istiqamətlər üzrə də sistemli şəkildə dərinləşir və dünya miqyasında nümunəvi model kimi dəyərləndirilir. Akademik bildirib ki, iki ölkənin strateji tərəfdaşlığının bünövrəsini təşkil edən münasibətlər bu gün Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın uzaqgörən liderliyi ilə bütün sahələrdə yeni mərhələyə qədəm qoyub. AMEA rəhbəri qeyd edib ki, bu cür elmi platformalar iki ölkənin akademik dairələri arasında əməkdaşlığın gücləndirilməsinə, ortaq elmi araşdırmaların təşviqinə və ortaq intellektual məkanın qurulmasına mühüm töhfələr verir.

“Türkiyə-Azərbaycan əlaqələrinin strateji əsasları” mövzusunda birinci sessiya TÜBA-nın professoru Şener Aktürkün moderatorluğu ilə baş tutub. Sessiyada AMEA-nın A.Bakıxanov adına Tarix və Etnoqrafiya İnstitutunun direktoru, t.e.d. Kərim Şükürov “Heydər Əliyev: Azərbaycan və Türkiyə Respublikaları arasında müasir münasibətlərin banisi” adlı məruzəsində iki ölkə arasında strateji tərəfdaşlığın banisi kimi Ulu Öndərin siyasi kursunu elmi əsaslarla təhlil edib.

İbn Haldun Universiteti nəzdində fəaliyyət göstərən Avrasiya Araşdırmaları üzrə Heydər Əliyev Mərkəzinin professoru Yaşar Sarı “Türkiyə – Azərbaycan münasibətlərində Heydər Əliyev irsi” mövzusunda çıxışında bu irsin çağdaş regional siyasətdəki rolunu vurğulayıb.

Sonra Türkiyə Milli İntellekt Akademiyasının dosenti Muhammet Koçak, AMEA-nın Şərqşünaslıq İnstitutunun dosenti Məmmədəli Babaşlı və Koç Universitetinin dosenti Belgin Şan tərəfindən təqdim olunan çıxışlarda Türkiyə -Azərbaycan strateji tərəfdaşlığı, enerji təhlükəsizliyi və posthegemon çoxtərəfliliyin yeni modelləri ətrafında müzakirələr aparılıb.

“İkitərəfli münasibətlərin yeni imkanları” mövzusunda növbəti sessiya tarix elmləri doktoru Kərim Şükürovun moderatorluğu ilə davam etdirilib. Bu mərhələdə AMEA-nın Şərqşünaslıq İnstitutunun dosenti Namiq Məmmədov “Türkiyənin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu” mövzusunda təqdimatla çıxış edərək, regionda həyata keçirilən strateji enerji layihələrinin əhəmiyyətini diqqətə çatdırıb.

TÜBA-nın professoru Şener Aktürk “Azərbaycan və türk millətçiliyi və müqayisəli perspektivdə din: Konstitusiya münaqişələri, ekümenik müsəlman kimliyi və sekulyarizm” adlı məruzəsində milli ideoloji sistemlər arasında paralellər apararaq dövlət-din münasibətlərinə dair analitik təhlillər təqdim edib. Sessiyada AMEA-nın Şərqşünaslıq İnstitutunun f.ü.f.d. Ceyhun Ağayev “Türkiyə – Azərbaycan diaspor əməkdaşlığı: Yeni dövrdə strateji yanaşmalar” mövzusunda çıxış edərək, diaspor təşkilatları arasında koordinasiyanın gücləndirilməsinin milli maraqların beynəlxalq səviyyədə müdafiəsindəki roluna diqqət çəkib.

Marmara Universitetinin dosenti Serhan Afacan isə “Türk Dövlətləri Təşkilatı və onun İranın Türkiyə və Azərbaycanla münasibətlərinə təsiri” adlı təqdimatında bu təşkilatın regional və qlobal əhəmiyyətini, eyni zamanda İranla münasibətlərə təsir mexanizmlərini izah edib.

Son məruzə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynovun təqdimatında olub. “Azərbaycan-Türkiyə münasibətlərində kitabxanaların rolu” mövzusunda çıxış edən alim, elmi məlumat mübadiləsinin, ortaq elmi platformaların qurulmasının və mədəni yaddaşın qorunmasında kitabxanaların strateji rolunu vurğulayıb.

Tədbirin birinci gününün yekununda sessiyaların yüksək elmi səviyyədə keçdiyi və Türkiyə -Azərbaycan münasibətlərinin müxtəlif sahələrdə daha da inkişaf etdirilməsi üçün elmi əsasların möhkəmləndirilməsinə töhfə verdiyi vurğulanıb.