AMEA-da Məhəmməd Füzulinin 530 illik yubileyi ilə bağlı tədbirlərə başlanıb
Fevralın 15-də AMEA-nın Rəyasət Heyəti və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530-cu ildönümünə həsr olunmuş “Məhəmməd Füzuli – sələflər və xələflər: orta əsrlər əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib.
Elminfo.az science.gov.az-a istinadən xəbər verir ki, Konfrans çərçivəsində tədbir iştirakçıları institutun Ekspozisiya zalında nümayiş olunan Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin hazırladığı “Məhəmməd Füzulinin əsərlərinin Bakı nüsxələri” adlı sərgi ilə tanış olublar. Şöbə müdiri t.ü.f.d., dosent Nigar Babaxanova və baş mütəxəssis Nəzrin Rzayevanın hazırladığı sərgidə dahi şairin əlyazmalarının ən nəfis, nadir və qədim nüsxələri ilə yanaşı, müxtəlif illərdə əsərlərinə çəkilmiş illüstrasiyalar, sənətkarın portretləri və onun yaradıcılığını əks etdirən süjetli xalçaların reproduksiyaları nümayiş olunub. Sərgilənən materiallar sırasında Əzim Əzimzadənin əl işi olan Füzuli portretinin orijinal nüsxəsi, Füzulinin vəfatından cəmi bir neçə il sonra üzü köçürülən və UNESCO-nun “Dünya yaddaşı” beynəlxalq reyestrinə daxil edilmiş anadilli “Divan” nüsxələri diqqəti daha çox cəlb edib.
Həmçinin AMEA prezidenti və digər mötəbər qonaqlar Əlyazmalar İnstitutunun Kitabxanasının hazırladığı kitab sərgisi ilə – Füzuli əsərlərinin müxtəlif dövrlərdə nəşrə hazırlanan çap variantları, institut əməkdaşları tərəfindən ərsəyə gələn elmi-tədqiqat işləri, dahi şairin anadilli “Divan”ı və “Leyli və Məcnun” poemasının elmi-tənqidi mətnləri ilə tanış olublar.
Daha sonra konfrans öz işinə başlayıb.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli giriş nitqində ölkə başçısının “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli Sərəncamının icrası ilə bağlı Akademiyada 30-a yaxın tədbirin keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Əlyazmalar İnstitutunda keçirilən bu konfransın AMEA-da Məhəmməd Füzulinin yubileyi ilə bağlı tədbirlər planı çərçivəsində ilk konfrans olduğunu nəzərə çatdırıb və ilk tədbir üçün bu institutun seçilməsinin məqsədli olduğunu deyib. Qeyd edib ki, Əlyazmalar İnstitutu Məhəmməd Füzulinin adını daşıyır, burada ədibin 140-dan çox əlyazmasının surəti qorunur, həmçinin müəssisədə bir çox füzulişünas alim cəmləşib.
Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yubileyinin beynəlxalq səviyyədə layiqli şəkildə keçirilməsinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran AMEA rəhbəri qeyd edib ki, Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutur, dahi mütəfəkkirin yaratdığı anadilli poeziyanın mükəmməl nümunələri Azərbaycan ədəbi-bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəldib.
Akademik İsa Həbibbəyli Füzulinin 530 illik yubileyi çərçivəsində ədibin UNESCO-nun “Dünya yaddaşı” beynəlxalq reyestrinə daxil edilmiş anadilli “Divan”ının nəfis şəkildə yenidən çap ediləcəyini diqqətə çatdırıb.
AMEA rəhbəri vurğulayıb ki, dövlət başçısının Sərəncamı Füzulinin irsinə qayıtmağa, onun Azərbaycançılıq ideologiyası və Türk dünyası kontekstində yenidən tədqiqinə geniş meydan açmış oldu.
Daha sonra konfransın plenar iclasında beş məruzə dinlənilib. Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli “Nizami Gəncəvi və Məhəmməd Füzuli: Azərbaycan romantikasının iki uca zirvəsi” adlı məruzə ilə çıxış edərək Məhəmməd Füzulinin öz sələflərinin açdığı yolu uğurla davam etdirməklə yanaşı, öz ənənələri olan mükəmməl ədəbi məktəb formalaşdırdığını diqqətə çatdırıb. Nizami və Füzuli yaradıcılıqları arasında paralellər aparan alim bu iki sənətkarın Azərbaycan ədəbiyyatı tarixində iki ayrı intibah mərhələsinə zəmin yaratdığını söyləyib. Hər iki sənətkarın möhtəşəm yaradıcılığını ədəbiyyatımızdan boylanan ən uca dağ zirvələrinə bənzədib.
Tədbirdə, həmçinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimləri – Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin müdiri fil.e.d., dosent Aygül Hacıyevanın “Məhəmməd Füzuli və Ruhi Bağdadinin əsərlərində “bahar” mövzusu”, həmin şöbənin aparıcı elmi işçisi fil.ü.f.d., dosent Nəzakət Məmmədlinin “Fəridəddin Əttar və Mövlanə Cəlaləddin Rumi ənənələri Məhəmməd Füzuli yaradıcılığında”, Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. Tünzalə Seyfullayevanın “Taşlıcalı Yəhya yaradıcılığında Məhəmməd Füzuli ənənələri” və elmi katib fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadənin “Məhəmməd Füzuli və Cəlil Məmmədquluzadə: kəsişən xətlər və paralellər” mövzusunda məruzələri dinlənilib.
Böyük marağa səbəb olan məruzələr ətrafında çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru fil.e.d. Lalə Əlizadə, Tusi Tərtibat Mərkəzinin direktoru, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun psixoloq-pedaqoqu Əli İbrahimbəyli, Əlyazmalar İnstitutunun alimləri – Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.e.d., professor Kamandar Şərifov, Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin baş elmi işçisi fil.e.d., professor Raqub Kərimov, Çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi t.e.d. Tahirə Həsənzadə çıxış edib, dahi şair Məhəmməd Füzulinin həyata, insana dərin məhəbbət aşılayan və daim gözəllik duyğusu ilə yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsinin Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi ən dəyərli mənəvi sərvətlərdən biri olduğunu vurğulayıblar. Edilən məruzələrdə qaldırılan problemlərin aktuallığını qeyd edən çıxışçılar onların ayrıca monoqrafik tədqiqatlar üçün də mövzu ola biləcəyini nəzərə çatdırıblar.
Konfrans bölmə iclasları ilə öz işini davam etdirib.