GÜNDƏM

AMEA-da “Özbək və Azərbaycan filologiyasının aktual məsələləri” adlı beynəlxalq konfrans keçirilir

Aprelin 15-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Özbək və Azərbaycan filologiyasının aktual məsələləri” adlı beynəlxalq konfrans işə başlayıb.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan və Özbəkistanın dərin tarixi köklərə, ortaq milli-mədəni və mənəvi dəyərlərə, zəngin adət-ənənələrə mənsub dövlətlər olduğunu bildirib. Azərbaycan–Özbəkistan əlaqələrinin yeni müstəvidə, müasir dövrün çağırışlarına uyğun inkişaf etdiyini deyən AMEA rəhbəri iki ölkə arasındakı əlaqələrin son illərdə Prezident İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sıx dostluq və qardaşlıq münasibətləri sayəsində keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, ölkələrimiz arasında ikitərəfli əlaqələr hazırda Türk Dövlətləri Təşkilatı çərçivəsində daha sürətlə inkişaf etməkdədir.

Akademik İsa Həbibbəyli qeyd edib ki, ötən il Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti nümunəsi kimi qiymətləndirilir. O, Füzuli şəhərində Azərbaycanın və Özbəkistanın dövlət başçılarının iştirakı ilə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılmasının iki ölkə arasındakı əlaqələrin növbəti mühüm təzahürü olduğunu söyləyib.  AMEA rəhbəri, həmçinin Füzuli şəhərindəki həmin orta məktəbdə böyük alim və görkəmli dövlət xadimi Mirzə Uluqbəyin 630 illiyinə həsr olunmuş ilk beynəlxalq elmi konfransda iştirak etdiyini bildirib.

Görkəmli özbək mütəfəkkiri Mirzə Uluqbəyin ömür yolundan, zəngin yaradıcılığından bəhs edən akademik İsa Həbibbəyli ədibin dövrünün görkəmli riyaziyyatçı, astronomu olmaqla elmin, təhsilin inkişafına mühüm töhfələr verdiyini deyib. O, Nəsirəddin Tusi ilə Mirzə Uluqbəy arasındakı oxşar cəhətləri diqqətə çatdırıb, eyni düşüncəyə, amala və ideyallara malik hər iki şəxsiyyətin Türk dünyasına xidmət göstərdiyini söyləyib.

Azərbaycan-Özbəkistan elmi-ədəbi və mədəni əlaqələrinin inkişafında mühüm rolu olan müasir özbək ədəbiyyatının klassiki Maqsud Şeyxzadənin yaradıcılığından da danışan AMEA prezidenti ədibə həsr olunan “Maqsud Şeyxzadə və Azərbaycan” adlı monoqrafiyanın hazırlanmasının önəminə toxunub. O, iki ölkənin görkəmli şəxsiyyətləri ilə bağlı elmi tədqiqatların genişləndirilməsinin vacibliyini qeyd edib.

Akademik İsa Həbibbəyli, həmçinin AMEA-nın Gəncə Bölməsində Əlişir Nəvai Mərkəzinin yaradılması haqqında Daşkənd Özbək Dili və Ədəbiyyatı Universiteti ilə memorandumun imzalandığını xatırladıb. Bu mərkəzin yeni istiqamətlərin müəyyənləşməsinə, birgə tədqiqatların aparılmasına, dost ölkələrimiz arasında ədəbi əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini bildirib.

Akademiya ilə Özbəkistanın elmi qurumları arasında əlaqələrin son illər daha da inkişaf etdiyini deyən AMEA rəhbəri qardaş ölkənin bir sıra müəssisələri ilə ikitərəfli müqavilələrin imzalandığını söyləyib.

O, AMEA-da özbək ədəbiyyatı klassiklərinin irsinin geniş tədqiq edildiyini diqqətə çatdırıb. Alim özbək dilində “Azərbaycan ədəbiyyatı: Qədimdən bugünədək”, eləcə də Azərbaycan dilində “Özbək ədəbiyyatı: Qədimdən bugünədək” adlı kitabların hazırlanmasının zəruriliyini qeyd edib.

Akademik İsa Həbibbəyli bugünkü konfransın elmi və tarixi əhəmiyyətini önə çəkib, beynəlxalq tədbirin əsas məqsədinin Azərbaycan–Özbəkistan əlaqələrinin dairəsini daha geniş üfüqlərə doğru genişləndirmək və yeni əsərlər meydana qoymaq olduğunu bildirib.

Sonra Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin professoru Nurbay Cabbarov “Türküstan cədid mətbuatında millət və milliyyət təlqini” mövzusunda məruzəsini təqdim edib.

Tədbirə onlayn qatılan Özbəkistanın Urgənc Dövlət Universitetinin prorektoru Zəfər İbrahimov iştirakçıları salamlayıb. Bildirib ki, eyni soya, ortaq tarixə və mədəniyyətə malik olan Azərbaycan və özbək xalqları arasındakı qardaşlığın kökləri tarixin dərin qatlarına gedib çıxır. O, özbəklərin hər zaman Azərbaycan ədəbiyyatına, mədəniyyətinə böyük maraq göstərdiyini, azərbaycanlı ədiblərin əsərlərindən bəhrələndiyini bildirib, konfransın işinə uğurlar arzulayıb.

Daha sonra Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri filologiya elmləri doktoru Almaz Ülvi Binnətova “Aman Matcanın yaradıcılıq etüdləri”, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professoru İslom Yoqubov “Poetik təfəkkür və bədii ifadə tərzi: müştərəklik və özünəxaslıq”, Füzulişünaslıq sektorunun müdiri filologiya elmləri doktoru, dosent Ataəmi Mirzəyev “Azərbaycan lirik şeirində Əlişir Nəvai təsirinin təzahür formaları”, Urgənc Dövlət Universitetinin Özbək filologiyası fakültəsinin dekanı professor Gayipov Dilshod Qadambayevich “Özbək və Azərbaycan cədidçiliyinin müştərək cəhətləri xüsusunda bəzi mülahizələr”, Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Yaşar Qasımbəyli “Fərhad və Şirin” dastanı Azərbaycan ədəbiyyatşünaslığında”, Urgənc Dövlət Universitetinin əməkdaşı Əzəmət Primov “Zəfərnamə” dilindəki ayrım leksikologiyasının Xarəzmin hazırkı oğuz şivələrinə münasibəti haqqında” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Qeyd edək ki, beynəlxalq konfrans aprelin 16-da öz işini başa çatdıracaq.