AMEA-da “StartUp School 2 – AI for Green Solidarity” layihəsi ilə bağlı tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə 2018-ci ildə təsis edilmiş və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalı Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-ın Nevada Universiteti ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən “StartUp School 2 – AI for Green Solidarity” layihəsi ilə bağlı maarifləndirmə tədbirlərini davam etdirir.
elminfo.az science.gov.az-a istinadən xəbər verir ki, layihə çərçivəsində növbəti tanıtım tədbiri Azərbaycan Milli Elmlər Akademiyasında keçirilib. Görüşdə AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri dosent Hüseyn Hüseynov, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri k.ü.f.d. Elmir Babayev, “Enterprise Azerbaijan” portalının rəhbəri dosent Mətanət Musayeva, layihə meneceri Nəzrin Əkbərova, xarici təcrübəçi Peter Balogh, AMEA-nın gənc alimləri, doktorant və dissertantları, həmçinin AMEA-da təcrübə keçən müxtəlif ali təhsil müəssisələrinin tələbələri iştirak ediblər.
Qeyd edək ki, layihədə yüksəkixtisaslı süni intellekt ekspertləri tərəfindən tədris sessiyaları keçiriləcək. Seçilmiş iştirakçılar “AI for Karabakh” devizli hakatona qoşulmağa dəvət olunacaqlar. “Böyük Qayıdış üzrə I Dövlət Proqramı”na öz töhfələrini vermək məqsədi ilə hakaton iştirakçılarına yerli problemlərin həllinə süni intellekt bacarıqlarını tətbiq etmək imkanı veriləcəkdir.
Tədbir çərçivəsində “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva portalın əsas fəaliyyəti və layihə haqqında görüş iştirakçılarına ətraflı məlumat verib, bu layihənin gənc startapçılara təqdim etdiyi imkanlardan danışıb.
Portalın layihə meneceri Nəzrin Əkbərova komanda üzvlərinin seçilməsi, layihənin hazırlanması və portal üzərindən qeydiyyatının aparılması prosedurlarını izah edib. “Enterprise Azerbaijan” portalının xarici təcrübəçisi Peter Balogh isə startaplarla bağlı öz təcrübələrini iştirakçılarla bölüşüb.
Tədbirin sonunda iştirakçıların çoxsaylı sualları cavablandırılıb və onlara gələcək fəaliyyətləri ilə bağlı tövsiyələr verilib.
Nəzərinizə çatdıraq ki, layihəyə sənəd qəbulu 17 mart 2024-cü ilə qədər davam edir. Qeydiyyat üçün www.startupschool.az və ya https://enterpriseazerbaijan.gov.az/ saytlarına daxil ola bilərsiniz.