AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

“AMEA-nın 2025-2030-cu illər üçün İnkişaf Konsepsiyası və Yol Xəritəsi”nin hazırlanması üzrə İşçi qrupunun iclası keçirilib

Noyabrın 28-də AMEA-nın Rəyasət Heyətinin binasında “AMEA-nın 2025-2030-cu illər üçün İnkişaf Konsepsiyası və Yol Xəritəsi”nin hazırlanması üzrə İşçi qrupunun iclası keçirilib.

Elminfo.az xəbər cerir ki, İclas beynəlxalq təcrübədə elmin inkişaf strategiyalarına mövcud yanaşma və tendensiyaların, İşçi qrupuna təqdim olunmuş təkliflərin, o cümlədən İnkişaf Konsepsiyasının strukturunun müzakirəsinə həsr olunub.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Rəyasət Heyəti aparatı, AMEA-nın elmi müəssisə və təşkilatları və Gənc Alim və Mütəxəssislər Şurasından İşçi qrupunun üzvləri iştirak ediblər.

İclası giriş sözü ilə açan akademik İsa Həbibbəyli bildirib ki, 2025-ci ildə şərəfli tarixi və inkişaf yolu keçmiş, yetişdirdiyi görkəmli alimləri ilə ölkə və dünya elmində öz sözünü demiş Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi tamam olur. Akademik İsa Həbibbəyli AMEA-nın 80 illik yubileyi ilə bağlı hazırlıq işlərinin davam etdiyini, bu çərçivədə bir sıra mühüm nəşrlərin çap ediləcəyini söyləyib.

AMEA-nın yaranma tarixi və keçdiyi inkişaf yolundan danışan akademik İsa Həbibbəyli qeyd edib ki, yüksək oktanlı benzinin kəşfi ilə İkinci Dünya müharibəsinin taleyində mühüm rol oynamış akademik Yusif Məmmədəliyevin və digər alimlərin elmi ixtiralarının əhəmiyyətini nəzərə alan SSRİ rəhbərliyi elmi-texniki tərəqqinin inkişafı üçün keçmiş ittifaq ölkələrində, o cümlədən Azərbaycanda da Elmlər Akademiyasının yaranması haqqında qərar qəbul etmişdir. Akademiyanın, eləcə də Azərbaycan alimlərinin ötən müddət ərzində bir çox uğurlara imza atdığını bildirən natiq AMEA-nın SSRİ illərində Ulu Öndər Heydər Əliyevin qayğısı ilə əhatə olunduğunu, müstəqilliyin ilk illərində, 90-cı illərdə isə Ümummilli Liderin elmə verdiyi yüksək dəyər nəticəsində bağlanmaq təhlükəsindən xilas olduğunu söyləyib. Diqqətə çatdırıb ki, Ulu Öndər hakimiyyətə yenidən qayıdışından sonra ilk görüşlərindən birini Akademiyada Azərbaycan alimləri ilə keçirib, həmçinin 90-cı illərdə durğunluq dövrünü yaşayan AMEA-nın inkişafı üçün mühüm qərarlar qəbul edib.

31 yanvar 1997-ci ildə Ümummilli Liderin Akademiya rəhbərliyi ilə görüşünün müstəqillik illərində AMEA-nın taleyində dönüş nöqtələrindən biri olduğunu, Elmlər Akademiyasının gələcək vəzifələrinin müəyyənləşdirildiyini, alimlərin sosial məsələlərinə xüsusi diqqət yetirildiyini bildirib.

2022-ci ildən etibarən isə Yeniləşən Akademiyanın qurulması istiqamətində mühüm islahatlara başlanıldığını bildirən natiq ilk dəfə keçmiş Elmlər Akademiyaları sistemində AMEA-da daxili imkanlar hesabına “Elektron Akademiya” şöbəsinin yaradıldığını, AMEA-nın tarixində ilk dəfə olaraq beynəlxalq təşkilatlara – Beynəlxalq Akademiyalararası Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Elmi Şura, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası və Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasına (IAP) səsvermə hüququna malik üzvü seçildiyini diqqətə çatdırıb.

Uzun illər Azərbaycan elminin Asiya dövlətlərinin akademik qurumları ilə əməkdaşlıqdan uzaq olduğunu, elmdə bir növ Asiya boşluğunun yarandığını vurğulayan akademik İsa Həbibbəyli bu gün Asiya dövlətlərində elmi-texniki tərəqqinin yüksək səviyyədə olduğunu, bunu nəzərə alaraq AMEA-nın Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasına üzvlük üçün müraciət edərək qəbul edildiyini deyib. Həmçinin AMEA-nın bir sıra institutlarında Asiya ölkələri, xüsusilə Çinlə elmi əlaqələrin genişləndirilməsi məqsədilə yeni şöbələrin yaradıldığını, əməkdaşlıq müqavilələrinin imzalandığını, o cümlədən Nobel mükafatı laureatı, ABŞ-nin Şimali Karolina Universitetinin professoru, Türk dünyasının fəxri Əziz Səncərin bu istiqamətdə AMEA-da geniş məruzə ilə çıxış etdiyini söyləyib.

Bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyevin ölkə elmi qarşısında qoyduğu vəzifələrdən, müstəqil Azərbaycan dövlətinin maraqlarından və müasir dünya elminin çağırışlarından irəli gələrək AMEA-nın elmi müəssisə və təşkilatlarında daxili imkanlar hesabına 40-dan çox yeni strukturun yaradıldığını bildirib. Həmçinin AMEA-nın iki müəssisəsinin adı dəyişdirilərək AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu və AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu adlandırılıb.

Yeniləşən Akademiya uğrunda aparılan islahatlar çərçivəsində yeni dövrün çağırışlarına uyğun olaraq hazırlanmış Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnaməsinin ölkə Prezidenti İlham Əliyevin 3 noyabr 2023-cü il tarixli Fərmanı ilə təsdiqləndiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyevin Ali Baş Komandanlığında Azərbaycanın tarixi Qarabağ Zəfərinə toxunan akademik İsa Həbibbəyli dövlət suverenliyimizin tam bərpası və Dövlət Bayrağımızın bütün respublika ərazisində dalğalanması ilə ölkəmizin yeni tarixi mərhələyə qədəm qoyduğunu bildirib. Dövlət başçısının yeni tarixi mərhələdə Azərbaycanın gələcək milli ideyası ilə bağlı ziyalılarımız, alimlərimiz qarşısında vəzifələr qoyduğunu xatırladan natiq qeyd olunan tapşırığın icrası ilə əlaqədar AMEA-da humanitar və ictimai elmlər bölmələrini əhatə edən alimlərin iştirakı ilə 3 dəfə geniş müzakirələrin aparıldığını, Azərbaycanın gələcək milli ideyası ilə bağlı alimlərimizin – “Daha güclü Azərbaycan, türk birliyi, rəqəmsal inkişaf və strateji tərəfdaşlıq” nəticəsinə gəldiyini söyləyib.

Bu gün müzakirəsi keçirilən “AMEA-nın 2025-2030-cu illər üçün İnkişaf Konsepsiyası və Yol Xəritəsi”nin AMEA-da 2022-ci ildən etibarən həyata keçirilən geniş yeniləşmə islahatlarının tərkib hissəsi olduğunu deyən akademik İsa Həbibbəyli bu sənədin Akademiyanın 80 illik yubileyinə mühüm töhfə olacağını və Elmlər Akademiyasının gələcək fəaliyyət istiqamətində xüsusi rol oynayacağını vurğulayıb.

“Fundamental elmi ənənələrimizi, elmi məktəblərimizi qorumaqla Akademiya yeniləşməlidir. Apardığımız islahatlar, eyni zamanda bizdən gördüyümüz işlərin mahiyyəti üçün maarifçilik tələb edir. Akademiyanın yeni Yol Xəritəsinin hazırlanmasında hər bir alimin iştirakını vacib hesab edirik və bu sənəd AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan alimlərdən daxil olan təkliflər əsasında hazırlanacaq. Daha sonra AMEA-nın Rəyasət Heyətinin və AMEA-nın Ümumi yığıncağının müzakirəsinə çıxarılacaq”, – deyən akademik İsa Həbibbəyli İşçi qrupuna uğurlar arzulayıb.

Sonra “Azərbaycan Milli Elmlər Akademiyasının 2025-2030-cu illər üzrə İnkişaf Konsepsiyası və Yol Xəritəsi”nin hazırlanmasının menecmenti, koordinasiyası və intellektual emalı” mövzusunda çıxış edən İşçi qrupunun sədri, AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan  Xavəri İşçi qrupunun bu günə qədərki fəaliyyəti haqqında məlumat verib, beynəlxalq təcrübə nəzərə alınmaqla müasir dünyanın çağırışlarına, Azərbaycanda dövlət siyasətinin sosial-iqtisadi, mədəni-mənəvi və ideoloji prioritetlərinə, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsində müəyyən edilmiş yeni məqsəd, fəaliyyət istiqamətləri və vəzifələrə uyğun olaraq Konsepsiyanın hazırlanması istiqamətində işlərin davam etdiyini bildirib.

Daha sonra İşçi qrupunun sədr müavini fəlsəfə elmləri doktoru Füzuli Qurbanov “Müasir elmi çağırışlar kontekstində AMEA-nın “2025-2030-cu illər üzrə İnkişaf Konsepsiyası və Yol Xəritəsi”nin əsas istiqamətləri” mövzusunda məruzə ilə çıxış edərək qeyd edib ki, AMEA-nın İnkişaf Konsepsiyası dünya elminin çağırışları və Azərbaycanın strateji inkişaf kursu nəzərə alınmaqla formalaşdırılmalıdır. Bunun üçün konkret fəaliyyət istiqamətləri, AMEA-nın yeniləşmə kursunun əsas nəzəri-konseptual prinsipləri, real mexanizmləri, strateji hədəfləri prizmasında müəyyən edilməlidir. Həmin istiqamətlər ümumi səviyyədə AMEA-nın Rəyasət Heyətinin 29 fevral 2024-cü il tarixli iclasının qərar hissəsində konkret maddələrlə ifadə edilmişdir. 7 tezisdən ibarət olan həmin istiqamətlər təşkilatın İnkişaf Konsepsiyası və Yol Xəritəsinin həm yönləndirmə, həm məzmun və məqsəd müəyyən etməkdə baza rolunu oynamalıdır.

İşçi qrupunun üzvü fəlsəfə elmləri doktoru, professor Roida Rzayeva “Müasir dünya elmində və Türkiyədə ictimai və humanitar elmlərin əsas inkişaf tendensiyaları” mövzusunda təqdimat edərək bildirib ki, müasir dövrdə elm qlobal inkişaf industriyasına çevrilib. Bu gün ictimai-humanitar elmlərdə müasir tendensiyalar sosial və informasiya-texnoloji dəyişikliklər şəraitində və müasirliyin çağırışları kontekstində dəyərləndirilməlidir. Müasir elmin sosial institut kimi inkişaf problemlərinin təhlili (təhsildən fərqli olaraq) onun öz daxili inkişaf qanunauyğunluqları çərçivəsində aparılmalıdır: “Müasir elmdə, xüsusilə də ictimai-humanitar sahədə, bir neçə əsas istiqamətləri qeyd etmək olar ki, bunlar bu elm sahələrində sistemli dəyişikliklərə səbəb olur və onları institusional olaraq dəyişir. Biz bu tendensiyaları Türkiyə nümunəsində də müşahidə edirik”.

İşçi qrupunun üzvü yer elmləri üzrə fəlsəfə doktoru Aytən Hüseynova “Avropa, Amerika Birləşmiş Ştatları və Çində Elmin İnkişaf Strategiyası: qarşılıqlı müqayisə” mövzusunda çıxış edib, qeyd olunan ölkələrdə elmin inkişafı ilə bağlı mövcud yanaşmalar üzrə müqayisəli təhlillər aparıb.

İşçi qrupunun üzvü fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev “Körfəz-Ərəb ölkələrində 2025-2030-cu illər elm və təhsil strategiyası (Qətər dövlətinin nümunəsində)” mövzusunda təqdimatla çıxış edərək vurğulayıb ki, Körfəz ərəb ölkələrində 2025-2030-cu illərdə elmin inkişafı dövlət siyasətinin əsas prioritetləri kimi qəbul edilmişdir. Körfəz ölkələrindən Qətər dövlətinin növbəti beş il üçün qəbul etdiyi dayanıqlı inkişafın üçüncü strategiyası layihəsində dövlətin gələcəyi, iqtisadi, siyasi və hərbi qüdrəti onun elmi potensialı ilə bilavasitə bağlı olduğu fikri öz əksini tapmışdır. Ölkənin davamlı inkişaf strategiyası, habelə müasir dünyada baş verən qlobal iqtisadi problemlər körfəz ərəb dövlətlərinin elmi əsaslar üzərində inkişafını zərurətə çevirir.

İşçi qrupunun üzvü Nuray Nurizadə “Müasir şəraitdə Rusiya Federasiyasında humanitar və ictimai elmlərin inkişaf strategiyası” mövzusunda təqdimatında bildirib ki, müasir şəraitdə Rusiya Federasiyasında humanitar və ictimai elmlərin inkişaf konsepsiyasına ümumi baxış təqdim edilmişdir. Rusiyanın qarşısında duran “böyük çağırışlar” şəraitində humanitar və ictimai elmlərin inkişafı texnoloji suverenliyin, sosial dayanıqlılığın və milli rəqabət qabiliyyətinin təmin edilməsinə yönəlmiş yenilənmiş “Rusiya Federasiyasının Elmi-Texnoloji İnkişaf Strategiyası” və ümumi konsepsiyalar əsasında təhlil edilmişdir.

Təqdimatlardan sonra mövzular ətrafında müzakirələr aparılıb. Müzakirələrdə riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov, fəlsəfə üzrə fəlsəfə doktoru Vüsal Zülfüqarov, filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev, filologiya üzrə fəlsəfə doktoru Zümrüd Mənsimova, İşçi qrupunun üzvü Aynur Günəşli fikir və mülahizələrini tədbir iştirakçıları ilə bölüşüblər.

      

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir