AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri Elnur Mustafayev Beynəlxalq Konfransda iştirak edib.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev Beynəlxalq Konfransda iştirak edib.
Elminfo.az Elnur Mstafayevin Facebook səhifəsinə istinadən xəbər verir ki, Mustafayev Konfrans çərçivəsində Kufə Dövlət Universitetinin Tarix və Arxeologiya fakultəsinin dekanı tarix elmləri doktoru, professor Həmid Yasəri ilə yaxından tanış olub.
Daha sonra Mustafayev qeyd edib ki; “Fürsətdən istifadə edib Azərbaycan Milli Elmlər Akademiyasının, ələlxüsus akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun fəaliyyətləri, həmçinin Azərbaycan Dövlətinin elm siyasətinin həyata keçirilməsindəki əhəmiyyətli rolu haqqında məlumatları iraqlı alimin diqqətinə çatdırdım.
Bundan əlavə, Ermənistanın Azərbaycan torpaqlarının işğal etməsi, on minlərlə dinc müsəlman əhaliyə qarşı soyqırım törətməsi, işğal olunmuş ərazilərdə məscid, mədrəsə və tarixi abidələri dağıtması və s. cinayətləri haqqında informasiyaları ətraflı şəkildə qeyd etdim.
Söhbət əsnasında, ərsəyə gətirdiyim “Şuşanın maddi-mədəni irsi (epiqrafik abidələr əsasında)” adlı kitab haqqında da söhbət açdım. Şuşa şəhərinin öz məscidləri, karvansaraları, ovdanları və tarixi abidələri ilə Azərbaycanın, həmçinin İslam dünyasının mədəniyyət paytaxtlarından biri olduğunu ayrıca qeyd etdim.
İraqlı alim maraqlı məlumatlar üçün təşəkkür etdikdən sonra Şuşa şəhərinin maddi-mədəni abidələri haqqında tədqiqatlar aparacaqlarına söz verdi.
Sonda kitabdan bir nüsxə professor Həmid Yasəriyə hədiyyə etdim.”