Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli tanınmış kərküklü tədqiqatçı, şair və yazıçı Şəmsəddin Kuzəçi ilə görüşüb.
Elminfo.azxəbər verir ki, Akademiyadan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-Kərkük ədəbi əlaqələrindən söz açılıb, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinin İraqda, görkəmli kərkük ədəbiyyatşünası Əta Tərzibaşının 100 illik yubileyinin isə Bakıda elmi konfranslarla keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
Kərküklü yazıçı Şəmsəddin Kuzəçi akademik İsa Həbibbəyliyə “İraq kültür bakanlığı mükafatı”nı təqdim edib. Həmçinin türkmən yazarın yeni nəşr edilmiş “Məqalələr” toplusu AMEA rəhbərinə hədiyyə olunub.
Akademik İsa Həbibbəyli bu günlərdə AMEA tərəfindən nəşr olunmuş Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” və Məhəmməd Füzuliyə həsr olunmuş kitabları Şəmsəddin Kuzəçiyə hədiyyə edib.
Görüşdə AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov, AMEA-nın vitse-prezidentləri akademik İradə Hüseynova və akademik Gövhər Baxşəliyeva, həmçinin filologiya elmləri doktoru professor Qəzənfər Paşayev də iştirak ediblər.