AMEA Şərqşünaslıq İnstitutu ilə Moskva İslam İnstitutu arasında memorandum imzalanıb
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Rusiyanın Moskva İslam İnstitutu ilə əməkdaşlığın əsasını qoyub. Bu məqsədlə tərəflər arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.
Elminfo.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan məlumat verilib. Bildirilib ki, memorandumu AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva və Moskva İslam İnstitutunun rektoru professor Damir Muxetdinov imzalayıblar.
Memorandumda tərəflər arasında tədqiqatçılar, aspirantlar və doktorantlara qarşılıqlı dəstək, əməkdaşların elmi kvalifikasiyasının artırılmasında qarşılıqlı yardım, qabaqcıl elmi metodların tətbiqində bilik və təcrübə mübadiləsi, ikitərəfli birgə simpoziumların, seminarların və konfransların təşkili, birgə layihələrin və proqramların həyata keçirilməsinə dəstək nəzərdə tutulub.