Aşıq Pəri Məclisinin “Əsgərimə Heykəl Qoyun” Almanax kitabının təqdimat mərasimi keçirildi
bdmxeber.az xəbər verir ki, 03 may 2025-ci il tarixində Beynəlxalq Diaspora Mərkəzinin (BDM) ofisində, Beynəlxalq Diaspora Mərkəzi, Qərbi Azərbaycan İcması Paşalı Rayon İcması və Aşıq Pəri Məclisinin birgə təşkilatçılığı ilə “Almanax – Əsgərimə Heykəl Qoyun” kitabının təqdimat mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev açaraq Aşıq Pəri Məclisinin bütün üzvlərini, qaziləri, şəhid analarını və “Almanax – Əsgərimə Heykəl Qoyun” kitabında şeirləri nəşr olunan bütün şair və şairələri salamladı. O, öncəliklə Beynəlxalq Diaspora Mərkəzinin fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. İsmayıl Ağayev qeyd etdi ki, “Beyinəlxalq Diaspora Mərkəzi olaraq, məqsədimiz Azərbaycan həqiqətlərini, xüsusilə də Vətən uğrunda canını fəda edən şəhidlərimizin qəhrəmanlığını dünyaya tanıtmaqdır. Bugünkü təqdim etdiyimiz bu almanax – bir kitabdan daha çox, bir xalqın yaddaş kitabıdır. Şairlərimizin qələmindən süzülən hər misra, hər bənd əsgər ruhunun, vətən sevgisinin simvoludur.”
Aşıq Pəri Məclisinin İdarə Heyətinin sədri və Beynəlxalq Diaspora Mərkəzinin Mədəniyyət Departamentinin rəhbəri Elmira Hüseynova öz çıxışında Aşıq Pəri Məclisinin fəaliyyəti haqqında geniş məlumat verdi. O bildirdi ki, bu məclis 1984-cü ildə əslən Borçalı mahalından olan Narınc Xatun tərəfindən yaradılıb və artıq 15 ildir ki, Pərvanə xanım Zəngəzurlu tərəfindən idarə olunur. Müavin Südabə xanım İrəvanlının isə məclisin inkişafında xüsusi rolu olduğunu vurğuladı. Elmira Hüseynovanın bildirdi ki, “Aşıq Pəri Məclisi təkcə poeziya məclisi deyil – bu məclis milli ruhun, el dəyərinin yaşadığı məkandır. Biz bu kitabla həm şairlərimizi tanıdırıq, həm də şəhidlərimizin ruhuna poetik bir abidə ucaldırıq.”
Aşıq Pəri Məclisinin rəhbəri Pərvanə xanım Zəngəzurlu çıxışında məclisin məqsədlərindən və gələcək planlarından danışdı: “Əsgərimizin qələmdə ucalan heykəlini yaratmaq bizim borcumuzdur. Biz bu məclisdə sözün gücü ilə Vətənin səngərinə çevrilmişik. Bu almanaxda toplanan şeirlər hər bir şəhidə poetik bir başdaşıdır.”
Aşıq Pəri Məclisinin müavini Südabə xanım İrəvanlı isə məclisə verdiyi töhfələrdən danışdı: “Mənim üçün bu məclisin bir parçası olmaq həm şərəf, həm də məsuliyyətdir. Vətən uğrunda canından keçən qəhrəmanların adını yaşatmaq – hər birimizin müqəddəs vəzifəsidir.”
Tədbirdə Aşıq Pəri Məclisinin mətbuat katibi Minurə Dadaşqızı, məclisin prodüseri Həsənova Sona xanım və bədii rəhbəri Sevil Ədalə də fəal iştirak etdilər. Minurə Dadaşqızının çıxışı: “Bu təqdimat yalnız bir kitabın tanıtımı deyil, həm də qəlblərdə ucalan şəhidlərin ruhuna sayqıdır. Media olaraq bu hadisələri işıqlandırmaq bizim borcumuzdur.” Sevil Ədalənin çıxışında bildirdi ki; “Bədii rəhbər kimi hər bir təqdim olunan şeirdə, hər bir səhnələşdirilən kompozisiyada şəhid ruhunun əks olunmasına çalışmışıq. Biz sənətlə müqəddəs borcu yerinə yetiririk.”
Tədbirdə qazilər, şəhid ailələri və kitabda şeirləri çap olunan şairə xanımlar iştirak etdilər. Qazilər çıxışlarında Vətən müharibəsində keçdikləri şərəfli döyüş yolundan danışaraq, belə tədbirlərin ruhlandırıcı və mənəvi dəstək verici olduğunu qeyd etdilər.
Tədbir çərçivəsində aşıqlar vətənə, torpağa həsr olunmuş mahnılar ifa etdilər.
Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə şəkli çəkildi.