GÜNDƏM

Aşıq yaradıcılığının Aşıq Ələsgər zirvəsi

Prezident İlham Əliyev: “Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmışdır, uzun ömür yaşamışdır və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur”

Azərbaycanda aşıq yaradıcılığından danışanda ilk yada düşən Aşıq Ələsgər olur. Aşıq Ələsgər Azərbaycanda aşıq sənətinin ilk yaradıcılarından olub. Ondan sonra bu günə kimi aşıq sənətinə yiyələnlər Aşıq Ələsgərin yaradıcılığından bəhrələniblər. Və bu gün də Aşıq Ələsgərin yaradıcılığı hər bir aşıq üçün bir örnəkdir, nümunədir. Çünki Aşıq Ələsgər Azərbaycan ədəbiyyatının ən paralaq nümunələrindən hesab olunur. Onun yaradıcılığı, müxtəlif növ şeirləri tam xalqın ruhuna uyğun şəkildədir. Xalqın bir ədəbiyyat tarixidir. Həmçinin onun şeirlərini oxumaqla dövrün ədəbiyyat tarixini, ictimai həyatını da bilmək olur. Azərbaycan dövləti tərəfindən hər zaman Aşıq Ələsgərin şəxsiyyətinə, yaradıcılığına diqqət göstərilib. Hələ 1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illiyi Azərbaycanın hər yerində böyük təntənə ilə qeyd olunub. Bununla yanaşı, Moskvada da Aşıq Ələsgərin yubiley ilə bağlı tədbir keçirilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Ələsgər Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib. 1997-ci ildə Heydər Əliyevin sərəncamı ilə Aşıq Ələsgərin 175 illik yubileyi də dövlət səviyyəsində qeyd edilib.  2021-ci ildə isə Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümünün təntənəli qeyd olunması ilə bağlı Prezident İlham Əliyev tərəfindən sərəncam imzalanıb. Sənəddə bilirilib ki, Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: “Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır”. Elə həmin il cənab Prezident Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında da sərəncam imzalayıb. Sentyabrın 30-da isə Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı olub. Prezident İlham Əliyev və oğlu Heydər Əliyev açılışda iştirak ediblər. Dövlətimizin başçısı açılışda bildirib ki, Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmışdır, uzun ömür yaşamışdır və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur: “O vaxt onun 97 yaşı var idi, 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından – Qərbi Azərbaycandan birinci deportasiyası idi”. Qeyd edək ki, heykəlin müəllifi Xalq rəssamı Natiq Əliyev, memarı isə Azərbaycan Rəssamlıq Akademiyasının baş müəllimi Malik Babayevdir. Aşıq Ələsgər öz əsərləri ilə Azərbaycanın zəngin bədii irsinə misilsiz töhfələr bəxş edib. Azərbaycan milli bayramları və toylarının əvəzedilməz iştirakçısı olan Aşıq Ələsgərin yaradıcılığı əlvan xüsusiyyətlərə, müxtəlif mövzulara və süjet xəttinə malikdir. Aşıq Ələsgərin əsərləri dilinin sadəliyi, nitqin zənginliyi, müxtəlifliyi, emosionallığı və özünəməxsus bədii tapıntıları ilə seçilir. Onun yaradıcılığında gənc nəslin əxlaqi-tərbiyəvi və vətənpərvər ruhda böyüməsi üçün yazdığı şeirlər-ustadnamələr də xüsusilə təqdirəlayiqdir.

Cənab Prezident açılışda Aşıq Ələsgərin həyatından danışaraq, Azərbaycan xalqının dəfələrlə deportasiyalara məruz qaldığını xatırladıb: “Əfsuslar olsun, ondan sonra da bizim xalqımız iki deportasiyaya məruz qalmışdır. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçə mahalına çəkirdi, baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir”. Bu gün onun yaşadığı, böyüyüb boya-başa çatdığı ərazi Ermənistandadır. Hansı ki, bu ərazilər də vaxtı ilə Azərbaycan torpaqları olub və elə bu özü bir tarixi faktdır. Aşıq Ələsgərin qəbirüstüabidəsi orada olub, amma ermənilər onu dağıdıblar. Əlbəttə ki, bu birinci dəfə deyil, ermənilər 30 il müddətində Azərbaycanın işğalda saxladıqları torpaqlarındakı bütün milli-mədəni abidələrini, məscidlərini dağıtmışdılar. Bütün Qarabağı tanınmaz hala salmışdılar. Azərbaycan dövləti, vətəndaş cəmiyyəti bunu bütün beynəlxalq aləmə çar çəkir və ermənilərin vandallığını göstərirdi. Dünya bunu bilirdi, lakin səssiz qalırdı.

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent