Astronomlar yeni növ buludları olan gənc ekzoplanet tapıblar
Beynəlxalq astronom komandası “Ceyms Uebb” kosmik teleskopu vasitəsilə gənc ekzoplanetlərin tədqiq edilməsində irəliləyiş əldə edib.
“Report” xəbər verir ki, tədqiqat “Nature” elmi jurnalında dərc olunub.
Alimlər Yerdən 360 işıq ili məsafədə yerləşən YSES-1 sistemində qeyri-adi atmosfer hadisələri və peyklərin formalaşma prosesini aşkar ediblər. Müşahidələr göstərib ki, YSES-1c planetində buludlar quma bənzər silikat hissəciklərindən ibarətdir. Bundan başqa, qonşu YSES-1b planetinin ətrafında ayların formalaşmasını qidalandıran nadir planetətrafı disk aşkar edilib.
Ümumilikdə, 16,7 milyon il yaşı olan sistem müşahidə olunan proseslər üçün gözlənilmədən yetkin çıxıb. YSES-1c-nin silikat buludları xüsusi maraq doğurur və ekzoplanetlərdə indiyə qədər müşahidə edilmiş ən güclü udulma xüsusiyyətini nümayiş etdirir. YSES-1b ətrafında planetətrafı diskin aşkarlanması da az təəccüblü olmayıb.
“Cəmi üç belə disk məlumdur və bu, onların ən qədimidir”, – tədqiqatçılar qeyd ediblər.
Bu kəşf ayların formalaşma proseslərinin müddəti haqqında yeni suallar qaldırır və həmçinin Günəş sistemimizin formalaşmasını anlamaq üçün ipucları verir.
Mənbə: Report.Az