ATƏT-in iclasında Qərbi azərbaycanlıların qayıdış hüququndan danışılıb
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məlahət İbrahimqızı iyunun 24-25-də Avstriyanın paytaxtı Vyana şəhərində keçirilmiş ATƏT-in “Dözümlülük, qeyri ayrı-seçkilik və gender bərabərliyi” mövzusunda insan hüquqları üzrə üçüncü əlavə iclasında iştirak edib.
Bu barədə AZƏRTAC-a Qərbi Azərbaycan İcmasından məlumat verilib.
Bildirilib ki, M.İbrahimqızı tədbirdə Qərbi Azərbaycan İcması adından çıxış edib. O, öz çıxışında Qərbi Azərbaycan İcması, onun gündəliyi, Ermənistandan azərbaycanlıların qovulması haqqında ətraflı məlumat verərək, Ermənistan tərəfindən aparılmış etnik təmizləmə və Qərbi azərbaycanlıların öz evlərinə qayıtmasına imkan verilməməsinin dözümsüzlük və ayrı-seçkilik olduğunu bildirib. Qadınlar Şurasının sədri Qərbi Azərbaycan İcmasının dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyini, İcmanın əsas missiyasının Qərbi azərbaycanlıların qayıdış hüququ kimi təməl insan hüququnun təşviqi olduğunu vurğulayıb.
Qeyd edək ki, ATƏT-in Fəaliyyətdə olan Sədri və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən təşkil olunmuş və ATƏT-in iştirakçı dövlətlərinin rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirak etdiyi bu tədbir insan hüquqlarının təşviqi məsələsinə həsr olunub.