“Autizmli uşaqların təhsil alması üçün valideynlərə seçim imkanları təklif edilir” – MÜSAHİBƏ
Azərbaycanda xüsusi təhsilə cəlb edilənlər arasında autizmli uşaqlar da var. Belə uşaqların təhsil ehtiyaclarını təmin etmək onların inkişafı üçün müəyyən imkanlar aça bilər. Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müəllimi, təhsil eksperti Samirə Həsənova AZƏRTAC-a müsahibəsində autizmli uşaqların təhsili məsələlərindən danışıb. Müsahibəni təqdim edirik.
-Fikrimcə, autizmli uşaqların xüsusi məktəblərə qoyulması onların təhsil probleminin tam şəkildə həll olunması demək deyil. Məsələn, elə xüsusi məktəbdə autizmli uşaqlar həmin mühitə adaptasiya olunmalıdır. Bunun üçün müəllim nə etməlidir?
-Əvvəlcə onu deyim ki, xüsusi məktəblərdə yalnız autizmli şəxslər deyil, həmçinin Daun sindromlu, ümumtəhsil proqramını mənimsəyə bilməyən və əqli inkişaf geriliyi olan uşaqlar da təhsil alır. Ümumtəhsil proqramını mənimsəyə bilməyən məktəblilər tədris ili ərzində tədricən aşkarlanaraq xüsusi məktəblərə yönləndirilir. Hazırda xüsusi məktəblər autizmli uşaqların təhsil alması üçün yeganə variant deyil. Belə uşaqların təhsil alması istiqamətində valideynlərə alternativ imkanlar təqdim edilir. Bu seçimlər diaqnozun dərəcəsi, uşağın inkişaf səviyyəsi, paralel diaqnozların mövcud olması və digər məqamlar nəzərə alınaraq həyata keçirilir. Autizmli uşaqlar məktəblərdə həmyaşıdları ilə birlikdə, məktəblərin inteqrasiya olunmuş siniflərində, ümumtəhsil müəssisəsinin inklüziv siniflərində, xüsusi siniflərində, yaxud xüsusi məktəblərdə, evdə təhsil almaq hüququna malikdirlər. Ümumi təyinatlı təhsil müəssisələrində xüsusi təhsilə ehtiyacı olan uşaqlar üçün müvafiq öyrənmə mühitinin formalaşdırılması, təlim şəraitinin yaradılması, onların təhsil hüququnun təmin olunması əsas prioritetdir. Bu məqsədlə kadr hazırlığı istiqamətində də ciddi işlər görülür. Ali təhsil müəssisələrində Korreksiyaedici təlim təhsil proqramının reallaşdırılması, yüksək təlim nəticələrinə yiyələnmiş, rəqabətqabiliyyətli mütəxəssislərin yetişdirilməsi sahə üzrə aparılan islahatların nəticəsi kimi dəyərləndirməlidir.
-Ümumiyyətlə, autizmli uşaqların hansı təhsil problemləri var və bunları aradan qaldırmaq üçün müəllim necə davranmalıdır?
-Nəzərə almaq lazımdır ki, autizmli uşaqla bağlı erkən müdaxilə nə qədər tez başlanarsa, belə uşaq keyfiyyətli reabilitasiya xidmətləri ilə nə qədər tez təmin olunursa, onun yaşıdları ilə birlikdə təhsil almaq, cəmiyyətə inteqrasiya etmək, özünürealizə fürsəti bir o qədər çox yüksələr. Bu səbəbdən də autizmlə bağlı maarifləndirmə işlərinin aparılması, erkən müdaxilənin önəminin qabardılması, cəmiyyətdə valideynlərin məlumatlandırılması, autizm riskinin olmasını müəyyənləşdirən testlərin əlçatanlığının təmin edilməsi problemin aradan qaldırılmasına zəmin yarada bilər. Beynəlxalq təcrübədə 18-36 aylıq uşaqların autizm riski daşımasını “görməyə” imkan verən testlər tətbiq olunur. Savadlı valideyn həmin skrininq şkalalarından yararlanır, risk amilinin mövcudluğu ilə bağlı məlumat əldə edən kimi vaxt itirmədən mütəxəssis dəstəyi alır. Prosesin intensivləşdirilməsi, diaqnozun qəbul olunması mərhələsində valideynə dəstək göstərilməsi, işin təşkili alqoritmi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması vaxt itkisinin qarşısını alır.
Autizm əlamətlərinin qabarıq şəkildə özünü göstərmədiyi uşaqların bəzən məhz məktəblərdə müəllimlər tərəfindən xüsusi təlim ehtiyaclarına malik olması müəyyənləşdirilir. Müəllimin peşəkarlığı – inklüziv mühitin formalaşdırılması, sosiallaşma prosesinin tənzimlənməsi şagirdin harmonik inkişafına təkan verir.
-Autizmli uşaqlarla məşğul olmaq üçün fərdi tədris planının kömək etdiyini söyləyirlər. Lakin fərdi tədris planı, təbii ki, müəyyən müddət üçündür. Uşağın gələcək həyatının müxtəlif mərhələlərində problem yaşamaması üçün nə etmək lazımdır?
-Autizm Spektr Pozuntusu (ASP) olan şəxslərin hər birinin özünəməxsus, spesifik təlim ehtiyacları var, onların tələbatlarının qarşılanması məqsədilə mütəxəssis valideynlə əməkdaşlıq şəraitində fərdi tədris planının hazırlanmasına nail olmalıdır. Autizmli şəxslər üçün hazırlanmış fərdi tədris planında yalnız təhsilin verilməsi prosesinin alqoritmi deyil, həm də nitq, ünsiyyət, fiziki inkişaf, davranış, özünəqulluq və digər istiqamətlər üzrə aparılacaq işlər, həyata keçiriləcək fəaliyyətlər, real hədəflər öz əksini tapmalıdır. Fərdi tədris planı hazırlanarkən şəxsin fiziki və psixoloji yaşı, potensialı, əldə etdiyi bacarıqlar nəzərə alınmalı, gözlənilər nəticələr dəqiqliklə müəyyənləşdirilməlidir. Yaxın və uzaq hədəflərin hazırlanmasına xüsusilə diqqət yetirilməli, “asandan çətinə”, “sadədən mürəkkəbə” prinsipləri gözlənilməlidir.
Autizmli şəxslərlə həyata keçirilən korreksiya, reabilitasiya xidmətlərinin başlıca məqsədi fərdi onun potensialının imkan verdiyi qədər inkişaf etdirmək, cəmiyyətdə mümkün qədər müstəqil, yaxud yarımmüstəqil fəaliyyət göstərmək üçün formalaşdırmaqdır.
-Autizmli uşaqlarla tədris aparan müəllimlər təlimlərə cəlb olunurmu?
-Müəllimlərin əksəriyyəti ölkə və beynəlxalq əhəmiyyətli seminar və konfranslarda iştirak edir, sahə üzrə həyata keçirilən layihələrdə, dünya təcrübəsinin tətbiqində, səmərəli üsul, resurs seçimində aktivlik göstərirlər. Lakin nəzərə alsaq ki, autizmli şəxslərin sayı ilbəil 10-17 faiz yüksəlir, deməli, qabaqlayıcı tədbirlər intensiv xarakter daşımalıdır.
-Ölkəmizdə autizmli uşaqların təhsili ilə bağlı hansı layihələr həyata keçirilir?
-Autizmli şəxslərin təhsili Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 78 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi təhsil müəssisələri haqqında” Əsasnamə ilə tənzimlənir. Ölkəmizdə ASP-li uşaqların cəmiyyətə inteqrasiyası ilə bağlı davamlı olaraq layihələr həyata keçirilir. Son illərdə bu, daha da intensiv xarakter alıb. Lakin hələ də autizmli gənclərin əmək bazarına çıxışı, onların məşğulluq xidmətlərinə cəlb olunması məsələsi böyük aktuallıq daşıyır.
-Valideynlərə nə tövsiyə edərsiniz?
-Valideynlərə autizm haqqında məlumatlı olmağı, autizmlə qarşılaşdıqda isə vaxt itirmədən mütəxəssisə müraciət etməyi, uşağı sevgidən məhrum etməməyi, qayğı ilə əhatələməyi, səbirlə, təmkinlə və intizamlı şəkildə övladı ilə məşğul olmağı, onun hər kiçik uğuruna sevinməyi, mütəxəssislərlə əməkdaşlıq şəraitində irəliləməyi tövsiyə edirəm.