GÜNDƏM

Avstraliyalı diplomat: Azərbaycanın COP29-a uğurla ev sahibliyi edəcəyinə əminik

Avstraliyanın BMT İDÇK-dakı nümayəndə heyətinin rəhbəri Selli Boks Azərbaycanın COP29-a uğurla ev sahibliyi edəcəyinə əminliyini bildirib.

“Report” Azərbaycanın Avstraliya İttifaqındakı səfirliyinə istinadən xəbər verir ki, bu barədə Boks İttifaqın Federal Parlamentində COP29 ilə bağlı keçirilən tədbirdə çıxış edərkən söyləyib.

“Avstraliya İttifaqının Federal Parlamentində COP29 ilə bağlı keçirilən tədbirdə Avstraliyanın BMT İDÇK-dakı nümayəndə heyətinin rəhbəri Selli Boks çıxış edərək Azərbaycanın COP29-a uğurla ev sahibliyi edəcəyinə əminliyini bildirib və bu mühüm missiyada Avstraliyanın Azərbaycana dəstəyini ifadə edib”, – diplomatik missiyanın mətbuat xidməti qeyd edib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Konfransda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını imzalamış bütün 199 ölkənin nümayəndə heyətlərinin iştirak edəcəyi gözlənilir.