ELMİ DİASPORA

Azərbaycan nümayəndəsi “Patria” IV Beynəlxalq Kollokviumunda ölkəmizi təmsil edib

elminfo.az xəbər verir ki, Kubanın paytaxtı Havana şəhərində “Patria” adlı IV Beynəlxalq Kollokvium uğurla başa çatıb. Ənənəvi tədbir bu il də dünyanın müxtəlif ölkələrindən olan yüzlərlə mütəxəssisin, ictimai fəalın, media rəhbərlərinin və fikir adamlarının iştirakı ilə yadda qalıb.

Qeyd edək ki, Kollokviuma 40-dan artıq ölkədən nümayəndə qatılıb. Tədbir çərçivəsində müasir dünyada informasiya təhlükəsizliyi, qlobal media axınları, dezinformasiya ilə mübarizə, beynəlxalq həmrəylik, eləcə də mədəni və ictimai dialoqun inkişafı kimi bir çox aktual mövzular müzakirə edilib.

Sevindirici haldır ki, bu il Azərbaycandan da ilk dəfə olaraq Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin direktoru, ispandilli ölkələr üzrə tanınmış ekspert Mahir Qurbanov tədbirdə iştirak edib. O, beynəlxalq panel müzakirələrində Azərbaycanın müasir inkişaf modeli, regionun geosiyasi əhəmiyyəti və Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin fəaliyyəti haqqında ətraflı məlumat verib. Mahir Qurbanovun çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb və tədbir zamanı ölkəmizin beynəlxalq platformalarda artan nüfuzuna dair müsbət rəy formalaşdırıb.

Eyni zamanda Mahir Qurbanov Kubanın dövlət televiziyası — ‘CubaVisión Internacional’ kanalının qonağı olub. O, canlı yayımda Azərbaycan həqiqətləri, ölkəmizin tarixi, multikultural dəyərləri və Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin regionlararası əməkdaşlıq istiqamətində gördüyü işlər barədə geniş məlumat verib. Verilişdə, həmçinin Azərbaycanın ispandilli ölkələrlə münasibətləri, mədəniyyətlərarası dialoq təşəbbüsləri və gələcək əməkdaşlıq perspektivləri də diqqət mərkəzində olub.

Bu cür tədbirlər Azərbaycanın beynəlxalq arenada tanınmasına, həmçinin ölkəmizin səsinin dünyaya çatdırılmasına əhəmiyyətli töhfə verir.