Azərbaycanla Qazaxıstan əməkdaşlıq sahələrini genişləndirir
Prezident İlham Əliyev: “Bizim üçün qardaş ölkə, strateji tərəfdaş və müttəfiq olan Qazaxıstanın Prezidentinin dövlət səfərinə böyük əhəmiyyət veririk”
Azərbaycan-Qazaxıstan münasibətləri ortaq köklərə və tarixə əsaslanır. İki ölkə, eləcə də xalq arasında ənənəvi dostluq və qardaşlıq münasibətləri bu gün də davam edir. Qeyri-rəsmi məlumatlara görə, hazırda Qazaxıstanda iki yüz minə yaxın azərbaycanlı yaşayır. Azərbaycanlılar burada diaspor işində çox fəaldırlar. Bununla yanaşı, soydaşlarımız Qazaxıstanda elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrdə çalışır, bu ölkənin ictimai-siyasi inkişafına öz töhfələrini verirlər.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana son səfəri 2023-cü il noyabrın 2-də olub. Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə iştirak edib. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev isə ötən il noyabrın 24-də Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə işgüzar səfərdə olub.
Dövlət başçıları arasındakı sıx əlaqələr ölkələrimiz arasındakı əlaqələrə mühüm töhfə verir. Bu da ikitərəfli əməkdaşlığın mütərəqqi inkişafına və daha da möhkəmlənməsinə xidmət edir. Martın 11-12-də Prezident Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərə daha da müsbət təsir göstərəcək. Prezident İlham Əliyev 11 mart tarixində mətbuata verdiyi bəyanatında həmkarı Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfərini çox yüksək qiymətləndirib və dəyər verib: “Bizim üçün qardaş ölkə, strateji tərəfdaş və müttəfiq olan Qazaxıstanın Prezidentinin dövlət səfərinə böyük əhəmiyyət veririk.
Münasibətlərimizin dinamikası qarşılıqlı səfərlərimizin xronologiyasından aydın görünür. Son ilyarım ərzində mən Qazaxıstana dörd dəfə səfər etmişəm, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti üçüncü dəfədir ki, ölkəmizə gəlir. Bu gün, eyni zamanda, fikir mübadiləsi çərçivəsində cari ilin sonunadək qarşıdakı səfərlərlə bağlı razılıq əldə etdik. Yəni, belə dinamik qarşılıqlı fəaliyyət faktı özlüyündə mənzərəni aydın göstərir. Biz təkcə mühüm ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmirik, həmçinin regional problematika, regionumuzda təhlükəsizlik sistemi ilə bağlı olan məsələlərə də toxunuruq”.
Onu da deyək ki, bu səfər çərçivəsində Prezidentlərin məhdud tərkibdə görüşü olub. Prezidentlər iki dövlətin qarşılıqlı fəaliyyətinin möhkəmləndirilməsi sahəsində görülmüş işlərlə bağlı ətraflı diskussiyalar aparıblar. Həmçinin gələcək planları geniş müzakirə ediblər.
Daha sonra Prezidentlərin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib. Görüşdə iqtisadi-ticari və investisiya əməkdaşlığının inkişafı, neft-qaz sahəsində əməkdaşlıq, bərpa olunan enerji mənbələri, nəqliyyat-logistika sahələrində, rəqəmsal kommunikasiyalar üzrə əməkdaşlıq, həmçinin mədəni-humanitar sahələrdə məsələlər haqqında danışılıb.
Həmin gün, həmçinin Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev Çinin Siyan terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimini videobağlantı ilə izləyiblər. Mərasim zamanı bildirilib ki, əvvəllər Çindən Orta Dəhliz vasitəsilə yüklərin Qara dəniz limanlarına çatdırılması təxminən 53 gün çəkirdisə, hazırda bu müddət 18 gün təşkil edir. Prezident İlham Əliyev bu əlamətdar hadisə münasibətilə nəqliyyatçıları təbrik edib: “Bu gün müzakirə edilən planlar ölkələrimizin dəmir yollarının boş qalmaması, belə konteyner qatarlarının isə gündəlik həyatımızın bir parçası olmasına imkan verir. Ölkələrimiz arasında müxtəlif istiqamətlərdə nə qədər çox yük daşınarsa, əməkdaşlığımız o qədər inkişaf edəcək, Qazaxıstanla Azərbaycan beynəlxalq nəqliyyat daşımalarında daha böyük rol oynayacaqlar”.
Bildiymiz kimi, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazi Yaradıcı İnkişaf Mərkəzi tikilib. Səfər çərivəsində Prezident Kasım-Jomart Tokayev Füzuli rayonunda da olub və bu məktəbin açılışında iştirak edib. Prezident İlham Əliyevin dediyi kimi, bu, Qazaxıstanın Azərbaycana qardaş köməyidir, bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir və azad edilmiş ərazilərin bərpasına dəstəyidir.
Azərbaycanla Qazaxıstan əməkdaşlıq sahələrini genişləndirmək və inkişaf etdirməkdə maraqlıdır. Buna görə bu ölkələr arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq bundana sonra adaha da yükəsələn xətlə inkişaf edəcək.
Rüstəmova Aybəniz Vilayət qızı,
Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent