Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilir
Fevralın 29-da AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilir.
Elminfo.az science.gov.az-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, Elm və Təhsil naziri Emin Əmrullayev, Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (TÜBİTAK) başqanı professor Hasan Mandal, AMEA-nın Rəyasət Heyətinin üzvləri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın və əhatə etdiyi elmi müəssisə və təşkilatların direktorları, ali təhsil müəssisələrinin rektorları iştirak edirlər.
Əvvəlcə 2023-cü ilin yekunlarına həsr olunmuş sərgiyə baxış olub.
İclası AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ümumi yığıncaqda AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “AMEA-da yeniləşmə prosesləri: ilkin nəticələr və perspektivlər” və Azərbaycan Respublikasının Elm və təhsil naziri Emin Əmrullayevin “Elm siyasətinin reallıqları və perspektivləri” mövzusunda məruzəsi dinlənilib.
Daha sonra AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik-katib akademik Arif Həşimovun “AMEA-nın tabeliyində olan və əhatə etdiyi elmi müəssisələrin 2023-cü ilə dair hesabatı: mühüm elmi nəticələr və qarşıda duran vəzifələr” mövzusunda məruzəsi dinlənilib.