Azərbaycan Universitetində Sent-Luis Vaşinqton Universitetinin nümayəndələri ilə görüş olub
Azərbaycan Universitetində ABŞ-ın Sent-Luis Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzinin direktoru professor Maykl Şerraden və mərkəzin əməkdaşı Aytəkin Hüseynli ilə görüş olub.
Azərbaycan Universitetindən AZƏRTAC-a bildirilib ki, görüşdə rektor Səadət Əliyeva Sent-Luis Vaşinqton Universiteti ilə qurulmuş əlaqələrdən məmnun olduğunu bildirib və rəhbərlik etdiyi ali təhsil müəssisəsinin bu əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsində maraqlı olduğunu vurğulayıb.
Professor Maykl Şerraden bir il əvvəl Azərbaycan Universitetində olduğunu qeyd edərək burada keçirdiyi görüşləri xatırlayıb, xüsusilə hər iki universitet tərəfindən birgə təşkil olunan “Social Work & Social Research” (Sosial iş və sosial tədqiqat) beynəlxalq konfransının yüksək səviyyədə keçirildiyini bildirib.
Elmi işlər üzrə prorektor Yusif Qasımov konfransdan sonra onun qətnaməsinə uyğun olaraq görülmüş işlər haqqında məlumat verib, “Social Issues” jurnalının təsis edildiyini və artıq bu jurnalın 6 nömrəsinin çap edildiyini diqqətə çatdırıb. Prorektor beynəlxalq və yerli alimlərin marağını nəzərə alaraq konfransın ikincisinin də keçiriləcəyini qeyd edib.
Tərəflər daha sonra ikitərəfli əlaqələrin gücləndirilməsində maraqlı olduqlarını qeyd edib və yaxın günlərdə əməkdaşlıq haqqında memorandumun imzalanması barədə razılığa gəliblər.