Azərbaycan və Özbəkistan arasında təhsil sahəsində əməkdaşlıq üzrə 60 sənəd imzalanıb
Özbəkistanın Əndican şəhərində ali təhsil sahəsində tərəfdaşlığın gücləndirilməsinə yönəlmiş Özbəkistan və Azərbaycan universitetlərinin rektorlarının ilk görüşü keçirilib.
“Report” Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinə istinadən xəbər verir ki, görüşdə 60 müxtəlif sənəd imzalanıb.
“Görüşdə tələbə və alimlərin mübadiləsi, birgə təhsil proqramlarının və elmi tədqiqatların yaradılması, mütəxəssislərin hazırlanması keyfiyyətinin yaxşılaşdırılması və s. müzakirə edilib”, – məlumatda vurğulanıb.
Tərəflər arasında həmçinin tələbə və müəllimlərin akademik mobilliyi üçün beynəlxalq seminarların təşkili barədə razılıq əldə olunub.
Tədbirdə Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev və Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin müavini Şohrux Daliyev iştirak ediblər. Onlar uzunmüddətli əməkdaşlığın qurulmasının vacibliyini qeyd edib və təhsil sahəsində qarşılıqlı əlaqələri gücləndirməyə hazır olduqlarını bildiriblər.
“Müzakirələrin nəticəsi olaraq akademik mübadilərdən tutmuş ümumi tədqiqat layihələrinin hazırlanmasına qədər geniş sahələri əhatə edən təxminən 60 müxtəlif müqavilə və niyyət protokolları imzalanıb. İmzalanmış sənədlər ali təhsil və elm sahəsində əməkdaşlığın yeni mərhələsinin başlanğıcını simvolizə edir”, – məlumatda vurğulanıb.




Mənbə: Report.Az