Azərbaycanlı alimlər Qazaxıstanda keçirilən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dəyirmi masada çıxış ediblər
Qazaxıstanın Yesenov Universitetində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qazaxıstan və Azərbaycan arasında əməkdaşlıq müasir mərhələdə: ikitərəfli münasibətlərin inkişafında Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirildi.
Dəyirmi masada Qazaxıstan və Azərbaycanın aparıcı ekspertləri, alimləri və ictimaiyyət nümayəndələri, o cümlədən Yesenov Universitetinin müəllim və tələbələri, həmçinin Aktaudakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Hibrid formatda keçirilən tədbirdə Azərbaycan Universitetinin alimləri də iştirak edib. Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınski “Ortaq gələcək: Azərbaycan və Qazaxıstan arasında türk dünyasının dialoqu çərçivəsində əməkdaşlığın perspektivləri”, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Cəfərov isə “Heydər Əliyevin prezidentliyi dövründə Qazaxıstan və Azərbaycan arasında əməkdaşlığın geosiyasi aspektləri” mövzularında məruzələrlə çıxış ediblər.
E.Talışınski çıxışında bildirib ki, türk dünyası geniş bir coğrafiyanı əhatə edən, dil, mədəniyyət, tarix və ənənə baxımından bir-birinə bağlı ölkələrin yaratdığı bir birlikdir. Azərbaycan və Qazaxıstan bu birlikdə mühüm rol oynayır. Hər iki ölkənin tarixi, mədəniyyəti və dilindəki yaxınlıq, bir-birinə daha da yaxın olmağını təmin edir və əməkdaşlığın inkişafı üçün təməl yaradır. Azərbaycan və Qazaxıstan yalnız iki qardaş ölkə olmaqla kifayətlənməyib, həm də türk dünyasının güclü əlaqələrini və birliyini simvollaşdırırlar.
E.Cəfərov isə öz çıxışında bildirdi ki, Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq, geosiyasi baxımdan çox mühüm bir yer tuturdu. Həm regional sabitliyin qorunması, həm enerji təhlükəsizliyi, həm də türk dünyasında ortaq mövqelərin formalaşdırılması, iki ölkə arasındakı əlaqələrin güclənməsində əsas rol oynayırdı. Bu əməkdaşlıq, Azərbaycanın və Qazaxıstanın geosiyasi maraqlarını birləşdirərək, hər iki ölkənin beynəlxalq aləmdə daha da möhkəmlənməsinə zəmin yaratmışdır.
Dəyirmi masanın moderatoru Qazaxıstandakı Azərbaycan Mərkəzinin direktoru, Yesenov Universitetinin müəllimi İlkin Orucov idi.