Azərbaycan və Belarus alimləri üçün birgə beynəlxalq qrant müsabiqəsi elan olunub
Azərbaycan Elm Fondu 2024-cü il aprelin 22-də imzalanmış Sazişin müddəalarını nəzərə almaqla, 4-cü Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsini (AEF-BQM-BRFTF-4/2024-5(53)) elan edib.
Müsabiqə Azərbaycan və Belarus alimlərindən ibarət müvəqqəti yaradılmış yaradıcı kollektivlərin birgə yerinə yetirilməsi planlaşdırılan və hər iki tərəf üçün aktual olan elmi istiqamətlər üzrə elmi-tədqiqat layihələrini dəstəkləmək, beynəlxalq elmi əməkdaşlıq fəaliyyətini stimullaşdırmaq və müasir elmi problemlərin həlli üçün əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə elan olunub. Müsabiqə çərçivəsində fundamental və tətbiqi xarakterli layihələr və 200 min manatadək maliyyə həcmli layihələr maliyyələşdiriləcək.
Müsabiqədə iştirak etmək üçün layihələr sentyabrın 10-dan noyabrın 8-i saat 17:00-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2025-ci ildə açıqlanması planlaşdırılır.
Qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat Fondun internet səhifəsində dərc olunacaq.