Azərbaycanda yeni ali təhsil müəssisələrinin açılması əcnəbi tələbələr üçün böyük imkanlar yaradır – RƏY
Ali təhsil arzusunda olan xarici ölkə vətəndaşlarını Azərbaycan universitetlərində bakalavriat və magistratura təhsili almağa dəvət edirəm. Məlumdur ki, xarici ölkədə ali təhsil almaq istəyən hər bir şəxs getmək istədiyi ölkənin ali təhsil ocaqları haqqında məlumat əldə etmək marağında olur. Dövlətin təhsil sisteminə münasibəti, universitetlərin ümumi vəziyyəti, gələcək karyera, təhsilin inkişaf mərhələsi, reytinq səviyyəsi kimi nüanslar şəxsin qərar verməsi üçün vacib amillərdən sayılır. Bunları nəzərə alaraq sizi düzgün seçim etmək üçün Azərbaycan universitetləri və dövlətin təhsilə olan münasibəti barədə tanış etmək istəyirəm.
Elminfo.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında ixtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev söyləyib.
Azərbaycan universitetlərinin inkişafı və reytinq səviyyəsi
Azərbaycan universitetlərinin inkişafı və reytinq səviyyəsini təhlil edən mütəxəssis yerli ali məktəblərin tədris etdiyi ixtisaslar üzrə regionda ən nüfuzlu olduğunu, müasir təhsil sisteminin bilik və bacarıqlarını özündə əks etdirən təhsil ocaqlarından sayıldığını bildirib. Ramin Nurəliyev vurğulayıb ki, son illərdə dünya universitetlərinin reytinq siyahısında Azərbaycan universitetlərinin adlarını görmək qürurvericidir: “Dünyanın ən yaxşı 1000 universiteti siyahısına Azərbaycan universitetinin də adının düşməsi ali təhsil ocaqlarının inkişafı istiqamətində atılan addımların bariz nümunəsidir. 2024-cü ildə dünyanın nüfuzlu “Quacquarelli Symonds” (QS) təşkilatı fənn proqramları üzrə ən yaxşı universitetlərin reytinq siyahısına Azərbaycan Dillər Universiteti (301-340-cı yer) ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (351-400-cü yer) adlarını qeyd edib. Bu gün Azərbaycanda ixtisaslaşmış ali təhsil ocaqları var. İqtisadiyyat və biznes sahəsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetini, neft və qaz mühəndisliyi üzrə Bakı Ali Neft Məktəbini, mühəndislik ixtisasları üzrə Bakı Mühəndislik Universitetini, pedaqoji ixtisaslar üzrə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetini, xarici dil bilikləri üzrə Azərbaycan Dillər Universitetini, dövlət idarəçiliyi üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını, beynəlxalq ticarət və logistika üzrə Dövlət Gömrük Komitəsinin Akademiyasını, aviasiya sahəsi üzrə Milli Aviasiya Akademiyasını, beynəlxalq standartlara uyğun ingilis dilində tədris verən ADA Universitetini, Xəzər Universitetini, eləcə də tədrisi ingilis dilində aparılan digər universitetləri xüsusilə qeyd etmək lazımdır”.
Dövlətin təhsil sisteminə münasibəti
Ekspert bu gün xarici tələbələrin Azərbaycan universitetlərində təhsil alması üçün həm dövlət, həm də universitetlər tərəfindən hər bir şəraitlə təmin edildiyini söyləyib. Ramin Nurəliyev Azərbaycan universitetlərinin çoxunda tədris prosesinin beynəlxalq təhsil sisteminə uyğunluğunun əcnəbi tələbələr üçün çətinlik törətmədiyini diqqətə çatdırıb: “Təhsil ilə yanaşı, sosial yaşam da ölkədə yüksək səviyyədədir. Qış və yay istirahət mərkəzləri, dənizkənarı park, qədim tarixi abidələr, olimpiya kompleksləri, idman zalları, müasir ticarət mərkəzləri və Bakı şəhərinin füsunkar gözəlliyi əcnəbi tələbələrin diqqət mərkəzində olub.
Azərbaycanda yeni ali təhsil müəssisələrinin açılması əcnəbi tələbələr üçün böyük imkanlar ortaya qoyur. Xankəndi şəhərində Qarabağ Universitetinin fəaliyyətə başlaması, eləcə də Türkiyə-Azərbaycan Universitetinin təsis edilməsi dövlət tərəfindən ali təhsil sahəsində atılan uğurun və inkişafın nəticəsidir. İşğaldan azad olunan Azərbaycan torpaqlarının qısa bir zamanda bərpası və inkişafı, eləcə də oralarda ümumtəhsil və ali təhsil müəssisələrinin açılması Azərbaycan iqtisadiyyatının gücünü göstərir.
Bu gün Azərbaycan universitetlərində əcnəbi tələbələrin təhsil alması üçün bir çox səbəblər var. Beynəlxalq ali təhsil proqramlarının Azərbaycan universitetlərində tətbiqi, inkişaf etmiş ölkələrin universitetləri ilə əməkdaşlıq, xarici ölkə universitetlərinin Azərbaycanda filiallarının açılması və dünyanın inkişaf etmiş ölkələrinin universitetləri ilə ikili diplom proqramları, Erasmus+, hökumətlərarası təqaüd proqramları və s. layihələr Azərbaycandakı ali təhsilin beynəlxalq təhsilə olan marağının təzahürüdür. Hazırda Azərbaycan universitetlərində əyani və qiyabi təhsil forması üzrə bakalavr və magistr dərəcəsində minlərlə xarici ölkə vətəndaşları təhsil almaqdadır. Azərbaycan dövləti xarici tələbələrin təhsil, yaşam, ünsiyyət və təhlükəsizliyinə xüsusi diqqət ayırır. Azərbaycan təhlükəsizlik və yaşam baxımından tələbələr üçün çox əlverişli bir seçimdir. Respublikamızın hər yerində müxtəlif xalqların nümayəndələrinin və xarici vətəndaşların hüquqları Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində tam qorunmaqdadır. Ali təhsil müəssisələrinə tələbə qəbulunda hər il dövlət sifarişli yerlərin artması, Azərbaycan vətəndaşlarının Dövlət Proqramı çərçivəsində xarici universitetlərdə təqaüdlə təhsil alması, hökumətlərarası təqaüd proqramları, təhsil müəssisələrinin inkişafı üçün dövlət vəsaitinin ayrılması, xüsusi imtiyaza malik tələbələrin ödənişsiz təhsil alması, tədris ilində yüksək nailiyyətlər əldə edən tələbələrə aylıq təqaüdün verilməsi dövlətin təhsilin inkişafına olan diqqət və qayğısını göstərməkdədir”.
Xarici ölkə universitetlərinin filialları və əməkdaşlıq
Mütəxəssis Azərbaycan universitetlərinin bir neçə dünya universiteti ilə sıx əməkdaşlıq çərçivəsində qarşılıqlı təhsil proqramları həyata keçirdiyini qeyd edib. Bildirib ki, bu proqramlarla yanaşı, xarici universitetlərin Azərbaycanda filialları da mövcuddur: “Bunlardan Rusiyanın İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialları, ADA Universitetinin nəzdində fəaliyyət göstərən İtaliya-Azərbaycan Universiteti Azərbaycan təhsilinin inkişafına öz töhfəsini verməkdədir.
Eləcə də Azərbaycan universitetləri dünyanın bir sıra universitetləri ilə ikili diplom proqramı çərçivəsində həm bakalavr, hə də magistr sahələri üzrə əməkdaşlıq edərək xarici ölkə diplomlarının Azərbaycan universitetlərində təhsil alan tələbələrin də almasını təmin edib. Bunlardan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Almaniyanın Zigen Universiteti və ABŞ-ın Corciya Universiteti ilə, Bakı Ali Neft Məktəbinin Böyük Britaniyanın Heriot Vatt Universiteti ilə, Azərbaycan Dövlət İqtisad Universitetinin Böyük Britaniyanın London Universiteti, Fransanın Monpelye və Fransanın ICD universitetləri, ABŞ-ın Linkoln Universiteti, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti, Litvanın Mikolas Romeris Universiteti ilə, ADA Universitetinin ABŞ-ın Corc Vaşinqton Universiteti, Rusiyanın MQİMO Universiteti, Fransanın CEFAM Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin ABŞ-ın Corc Vaşinqton Universiteti ilə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin İstanbul Texniki Universiteti və Fransanın GNAM Universiteti ilə, həmçinin Böyük Britaniyanın Vestminster Universiteti və Britaniya Kral Memarlıq İnstitutu ilə memarlıq sahəsində, İspaniyanın Koruna Universiteti, İtaliyanın Milan Politexnik Universiteti ilə, Azərbaycan Dövlət Aqrar Universiteti ilə Türkiyənin Ege Universiteti və ABŞ-ın Oklahoma Dövlət Universiteti ilə, Bakı Mühəndislik Universitetinin Cənubi Koreyanın INHA Universiteti ilə, Gəncə Dövlət Universitetinin Türkiyənin Dokuz Eylül Universiteti ilə, Bakı Dövlət Universitetinin Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti, Fransanın Lumière Lyon Universiteti, İsrailin Holon Texnologiya İnstitutu, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti, ABŞ-ın Linkoln Universiteti, Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti və Qazaxıstanın bir neçə universiteti arasında ikili diplom proqramı çərçivəsində beynəlxalq əməkdaşlıq edirlər.
Həmçinin özəl ali təhsil ocaqlarından Xəzər Universiteti, Qərbi-Kaspi Universiteti, Azərbaycan Universiteti və Odlar Yurdu Universitetinin də müvafiq ixtisaslar üzrə ikili diplom proqramları çərçivəsində əməkdaşlıqları mövcuddur”.
Xarici tələbələrin Azərbaycan universitetlərinə müraciət forması
Ramin Nurəliyev əcnəbi vətəndaşların Azərbaycan universitetlərinə əyani və qiyabi təhsil forması üzrə müraciət edə biləcəklərini diqqətə çatdırıb: “Müraciət üçün tələb olunun sənədlər onlayn formada portala yuklənilir və namizəd tərəfindən təsdiq edilir. Elm və Təhsil Nazirliyi müraciətləri qiymətləndirir və uyğun namizədlərin Azərbaycan universitetlərinə qəbulu həyata keçirilir. Qəbul olunan əcnəbi tələbələr, ilk növbədə, tədris dilinə uyğun olaraq Azərbaycan dili dövlət dili imtahanı və yaxud tədris dili imtahanı verirlər. İmtahanı müvəffəqiyyətlə keçənlər birbaşa universitetin 1-ci kursuna bərpa olunur. Dil imtahanını keçə bilməyən xarici ölkə vətəndaşları 1 il universitetin daxilində fəaliyyət göstərən hazırlıq qruplarına qəbul olunaraq tədris dili biliklərini mənimsəyir və növbəti ildən 1-ci kursdan tədrisə başlayır.
Əcnəbi tələbələrin Azərbaycan universitetlərinə qəbulu üçün SAT, TOEFL, IELTS, beynəlxalq olimpiada və müsabiqə nəticələri, ölkələri üzrə qəbul imtahanından nəticə və orta ümumtəhsil müvəffəqiyyət dərəcəsi tələb olunur. Əcnəbi tələbələrin Azərbaycan universitetlərində təhsili ödənişli əsaslarla həyata keçirilir, bununla yanaşı, tələbələr müxtəlif təqaüd proqramlarına müraciət edərək pulsuz təhsil almaq hüququna malikdir.
Azərbaycan universitetlərində təhsil almaq istəyən xarici vətəndaşların müraciəti may-iyun aylarından etibarən başlayır və sentyabradək davam edir. Hər bir abituriyentin tələbə adını qazanması üçün Azərbaycan universitetlərində təhsil almasını gözləyirik”.