“Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” – konfrans
Şamaxı Rayon İcra Hakimiyyətinin, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və Şamaxı filialının birgə təşkilatçılığı ilə rəsədxanada “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.
Əvvəlcə Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub.
Elminfo.az xəbər verir ki, bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil edilən konfransda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, ADPU-nun rektoru Cəfər Cəfərov, universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova, Şamaxı filialının direktoru Tünzalə Yusifova dünyanı narahat edən ekoloji problemlərdən, iqlim dəyişikliklərindən, onların canlı aləmə mənfi təsirlərindən danışıblar.
Çıxış edənlər ölkəmizdə ekologiyanın, ətraf mühitin qorunmasına xüsusi önəm verildiyini vurğulayıb, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ekoloji siyasət haqqında məlumat veriblər.
“Qlobal iqlim dəyişikliyinin elmi aspektləri” mövzusunda geniş məruzə ilə çıxış edən N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru Namiq Cəlilov ölkəmizdə aparılan ekoloji siyasət strategiyasının ümumi konturları və prinsiplərini şərh edib. Qeyd olunub ki, müasir çağırışlara uyğun şəkildə həyata keçirilən ekoloji siyasətimiz ekoloji tarazlığın bərpasına, ekologiyanın qorunmasına hesablanmış kompleks fəaliyyəti özündə əks etdirir.
Tədbirin sonunda Namiq Cəlilova ADPU-nun 100 illik “Yubiley” medalı təqdim edilib.