Bakı İlahiyyat Kollecinin boş qalan plan yerlərinə qəbul üçün qeydiyyatdan keçən abituriyentlərin nəzərinə
Dini mənəvi xidmət ixtisasına qəbul olmaq istəyən abituriyentlərin müsahibədə iştirak etməsi üçün sentyabrın 3-8-də aparılan ərizə qəbulunda 25 nəfər qeydiyyatdan keçib. Abituriyentlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, dini mənəvi xidmət ixtisası üzrə Dini-Psixoloji Komissiya sentyabrın 10-da Azərbaycan İlahiyyat İnstitutunda (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi, 29) fəaliyyət göstərəcək.
İştirakçılar saat 09:00-da şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi ilə birlikdə imtahan binasının qarşısında olmalıdırlar.
Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışlar və dünyəvilik anlayışı, psixoloji parametrlərinin islamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılacaq.
Müsahibədən uğurla keçən abituriyentlər boş qalan yerlərə ixtisas seçimi zamanı tam orta təhsil bazasında orta ixtisas təhsili səviyyəsinə aid digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kollecinin dini mənəvi xidmət ixtisasını da seçə bilərlər.