GÜNDƏM

Bakı Mühəndislik Universitetinə akkreditasiya şəhadətnaməsi təqdim edilib

Elm və Təhsil Nazirliyi Akkreditasiya Şurasının müvafiq qərarı ilə Bakı Mühəndislik Universitetinin (BMU) 5 il müddətinə akkreditasiya olunması ilə bağlı şəhadətnamə ali təhsil ocağına təqdim edilib. Bu məqsədlə keçirilən tədbirdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və BMU-nun rəhbər heyəti iştirak edib.

Elminfo.az xəbər verir ki, BMU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə rektor Yaqub Piriyev akkreditasiyanın ali təhsil müəssisələrinin gələcək fəaliyyətinə, strateji inkişafına müsbət təsiri və keyfiyyətin təminatı sahəsində rolundan danışıb. Rektor BMU-nun institusional akkreditasiyaya hazırlıq zamanında TKTA-nın bütün mərhələlərdə verdiyi dəstəyi, xüsusən əməkdaşlar üçün müxtəlif mövzularda təşkil edilən təlimləri, həmçinin müvafiq komissiya üzvlərinin obyektiv yanaşmasını yüksək dəyərləndirib. Akkreditasiya prosesi nəticəsində növbəti dövr üçün verilən bir sıra təklif və tövsiyələrə məsuliyyətlə yanaşılacağını vurğulayan Yaqub Piriyev ali təhsil müəssisəsinin növbəti akkreditasiya prosesinə qədər daha üstün fəaliyyəti istiqamətində səylərin gücləndiriləcəyini bildiirb.

Öz növbəsində TKTA İdarə Heyətinin sədri Tural Əhmədov təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri ilə bağlı əsas məqamlara toxunub. Sədr təhsil müəssisəsinin statusunun müəyyən edilməsi və fəaliyyətinin növbəti beş il müddətinə uzadılması üçün hüquqi təminat yaradan akkreditasiya prosesi, eləcə də qiymətləndirmənin nəticələrinə diqqət çəkib. Yekunlaşan akkreditasiya prosesinin davamı kimi verilən tövsiyələrin icrası məsələlərindən bəhs edən Tural Əhmədov BMU kollektivini akkreditasiya prosesini müvəffəqiyyətlə başa çatdırması münasibətilə təbrik edib.

Akkreditasiya şəhadətnaməsinin təqdim olunmasından sonra gələcək fəaliyyət, həmçinin beynəlxalq akkreditasiya imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.