Bakı və Ankara ilə barış, Moskva ilə sərhəd: Ermənistan SÜLH İSTƏYİR? – ŞƏRH
Cənubi Qafqazda davam edən Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması istiqamətində bu gün mühüm mesaj verildi. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 7 iyul tarixində verdiyi açıqlamada, ölkəsinin sülh müqaviləsini imzalamağa tam hazır olduğunu və prosesin süni şəkildə gecikdirilməməli olduğunu bildirdi.
Bu bəyanat, tərəflər arasında son aylar ərzində aparılan intensiv danışıqlar fonunda verilib və bölgədə sülh üçün yaranan yeni imkanların göstəricisi kimi qiymətləndirilir. Bununla belə, Azərbaycanın irəli sürdüyü iki əsas tələb hələ də yerinə yetirilməyib.
Maraqlıdır görəsən, Ermənistan-Azərbaycan sülh müqaviləsinin tezliklə bağlanma ehtimalı varmı? Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa çalışır? Turkustan.az olaraq bu suallarımızı politoloq Oqtay Qasımova ünvanladıq.
Oqtay Qasımov
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni hazır olsa da, Azərbaycanın iki tələbi yerinə yetirilmədiyindən hələlik bu sənədi imzalamaq mümkün olmur. Hazırda Ermənistanda baş verən proseslər göstərir ki, hakimiyyət komandası sülhdə maraqlıdır, lakin müxtəlif səbəblərdən və Ermənistandakı daxili-siyasi vəziyyətdən istifadə edən Paşinyan bu prosesi müəyyən qədər uzadır. Bu gecikmənin arxasında da müəyyən məqsədlər dayanır. Ermənistan cəmiyyətində hələ də belə fikirlər mövcuddur ki, zaman keçdikcə vəziyyət Ermənistanın xeyrinə dəyişə bilər və Ermənistanın himayədarları ona dəstək verərək yenidən Azərbaycana qarşı revanş cəhdləri edə bilərlər. Lakin hesab edirəm ki, bu, olduqca yanlış və avantürist bir yanaşmadır.
Azərbaycan isə bu prosesləri diqqətlə izləyir və bu tip təhdidlərə, çağırışlara hər zaman hazır olduğunu bəyan edir. Son iki ay ərzində Azərbaycanın ən yaxın müttəfiqləri olan Türkiyə və Pakistan rəhbərlərinin Azərbaycana, konkret olaraq Qarabağ və Şərqi Zəngəzura səfərləri və oradan verilən mesajlar, əslində, regionla bağlı fərqli planları olan dairələrə bir cavab kimi dəyərləndirilə bilər. Paşinyan da bunu dərk etdiyindən Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir. Onun Türkiyə səfəri də məhz bununla bağlı idi. Ehtimal olunur ki, orada bir sıra ikitərəfli məsələlərlə bağlı müzakirələr aparılıb və müəyyən qədər mövqe yaxınlaşması əldə olunub. Məhz bu fonunda biz Ermənistandan Rusiyaya yönələn təzyiqləri də müşahidə edirik.
Aytən Yaşar/ Turkustan.az
Mənbə: Turkustan.Az