Bakıdan İğdıra, İğdırdan İrəvana: Tarixi həqiqətlərin işığında
elminfo.az bdmxeber.az-a istinadən xəbər verir ki, 2025-ci il mayın 21-də Beynəlxalq Diaspora Mərkəzinin (BDM) ofisində BDM, Qərbi Azərbaycan Dərələyəz İcması və Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin (ASİMDER) birgə təşkilatçılığı ilə “Tarixi həqiqətlərə dəstək və erməni iddialarına qarşı birlik” mövzusunda tədbir keçirildi.
Tədbirdə BDM sədri İsmayıl Ağayev, ASİMDER başqanı Göksəl Gülbəy, ASİMDER başqanı köməkçisi və eyni zamanda AK Parti İğdır İl Başkan Yardımcısı Erdal Vural, İstisu İcmasının sədri Alı Safolu (Alıyev), Kotanlı rayon icmasının sədri Əbülfəz müəllim, Keşkənd-Amağu icmasının sədri Elmira xanım Hüseynova, Terp İcmasının sədri Ceyhunə xanım Şirəliyeva, Əbil kənd icmasının sədri Zeynal Məmmədov və digər qonaqlar, eləcə də mətbuat nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan BDM sədri İsmayıl Ağayev əvvəlcə iştirakçıları salamladı və Vətən torpaqlarımızın azadlığı uğrunda Birinci və İkinci Qarabağ müharibələrində, eləcə də Türkiyə Respublikasının PKK terror təşkilatı ilə mübarizəsində şəhid olmuş qəhrəmanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş etdi.
Daha sonra İsmayıl Ağayev Beynəlxalq Diaspora Mərkəzinin, Dərələyəz və Qərbi Azərbaycan İcmasının fəaliyyəti, həmçinin Qərbi Azərbaycana Qayıdış Konsepsiyası haqqında ətraflı məlumat verdi. O, Türkiyədən gəlmiş dəyərli qonaqlarla, xüsusilə ASİMDER və AK Partinin müxtəlif il başqanları ilə uzun illər ərzində birgə təşkil edilən tədbirlərdən bəhs etdi. ASİMDER başqan köməkçisi və AK Parti İğdır İl Başkan köməkçisi Erdal Vuralı xüsusi olaraq salamladı və ona təşəkkürünü bildirdi. Ağayev çıxışı zamanı Azərbaycan və Türkiyə arasında diasporalararası əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğuladı. O, həmçinin Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həyata keçirilməsində birgə fəaliyyətin əhəmiyyətini xüsusi qeyd etdi. Ağayev çıxışında bildirdi ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası yalnız siyasi və ya tarixi bir məsələ deyil, bütöv bir xalqın milli kimliyini, tarixi yaddaşını və ata-baba yurduna bağlılığını qorumaq naminə ortaq və strateji yanaşma tələb edən müqəddəs bir missiyadır.
Göksəl Gülbəy çıxışında Azərbaycan və Türkiyə arasında mövcud olan sarsılmaz dostluq və qardaşlıq münasibətlərindən bəhs edərək, bu münasibətlərin diasporalar səviyyəsində də gücləndirilməsinin vacibliyini vurğuladı. O, Beynəlxalq Diaspora Mərkəzi ilə ASİMDER təşkilatının illər boyu apardığı birgə fəaliyyətin önəmini qeyd edərək bildirdi ki, həm Azərbaycanda, həm də Türkiyənin müxtəlif şəhərlərində, eləcə də Avropanın bir çox ölkəsində keçirilən tədbirlər zamanı erməni yalanlarının ifşa olunması, tarixi həqiqətlərin dünyaya çatdırılması üçün yorulmadan mübarizə aparılmışdır. Göksəl bəy çıxışında xüsusi olaraq vurğuladı ki, o illərdə biz Qarabağın işğalı, erməni vandalizmi və bu ədalətsizliyə qarşı səssiz qalan beynəlxalq ictimaiyyət barədə danışırdıqsa, bu gün artıq Azərbaycan xalqının, ordusunun və dövlətinin birliyi nəticəsində baş vermiş 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm zəfərdən, azad edilmiş torpaqlardan və ermənisiz Qarabağdan böyük iftixarla danışırıq. O, bu qələbənin yalnız Azərbaycan üçün deyil, bütün türk dünyası üçün strateji əhəmiyyət daşıdığını və bu mübarizənin uğurla davam etməsi üçün həmrəyliyin daha da gücləndirilməsinin vacibliyini qeyd etdi.
Filologiya üzrə fəlsəfə doktoru, şair-publisist, Azərbaycan Yazıçılar Birliyi və Jurnalistlər Birliyinin üzvü, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, İstisu İcmasının sədri Alı Safolu (Alıyev) çıxışında Qərbi Azərbaycanın yer adları, toponimləri və onların tarixi əhəmiyyətindən danışdı.
Kotanlı rayon icmasının sədri Əbülfəz müəllim çıxışında Azərbaycan–Türkiyə münasibətlərinin tarixi köklərindən və Qərbi Azərbaycanda müəllim işlədiyi dövrdə ermənilər tərəfindən həyata keçirilmiş etnik təmizləmə siyasətindən bəhs etdi. O, Qayıdış Konsepsiyasına əsaslanaraq inşallah Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdacağına inamını ifadə etdi.
BDM-in Mədəniyyət Departamentinin rəhbəri, Keşkənd-Amağu icmasının sədri Elmira xanım Hüseynova iştirakçıları və qonaqları salamlayaraq Dərələyəz bölgəsinin mətbəxindən danışdı. O, Dərələyəz mətbəxindən hazırladığı təamları qonaqlara təqdim etdi və Azərbaycan–Türkiyə qardaşlığına həsr etdiyi şeirini səsləndirdi.
Terp İcmasının sədri Ceyhunə xanım Şirəliyeva çıxışında Qərbi Azərbaycan İcmasının həyata keçirdiyi layihələr, deportasiya olunmuş soydaşlarımızın haqq səsinin beynəlxalq platformalarda çatdırılması istiqamətində görülən işlər və Terp icmasının bu ümummilli missiyadakı fəal rolu barədə ətraflı məlumat verdi. O, xüsusilə Terp kəndinin tarixi, mədəniyyəti və erməni təcavüzü nəticəsində üzləşdiyi acı taleyi diqqətə çatdıraraq, icma üzvlərinin təşkilatlanması, tarixi yaddaşın qorunması və Qayıdış Konsepsiyasının reallaşmasına töhfə vermək istiqamətində gördükləri işləri tədbir iştirakçıları ilə bölüşdü.
Əbil kənd icmasının sədri Zeynal Məmmədov çıxışında bütün türk dünyasının birgə mübarizəsinin vacibliyindən və bu mübarizənin nəticəsi olaraq Qərbi Azərbaycana qayıdışın mümkünlüyündən danışdı. O, cənab Prezidentin ətrafında sıx birləşərək bu tarixi hədəfə çatmağın vacibliyini qeyd etdi.
BDM-in Hərbi-Vətənpərvərlik Departamentinin rəhbəri Tofiq Həsənovun hazırladığı suvenir eksponatlar – türk birliyinə çağırış və üzərində Ulu Öndərlər Mustafa Kamal Atatürk və Heydər Əliyevin şəkilləri olan hədiyyələr tədbir iştirakçılarına təqdim olundu.
Tədbirin sonunda qonaqlara İrəvan xanlığının bayrağı hədiyyə edildi. Eyni zamanda qərara alındı ki, 2025-ci il iyunun 19-da İğdır şəhərində Zəngəzur mövzusunda böyük bir beynəlxalq konfrans keçirilsin. Bu tədbirdə Beynəlxalq Diaspora Mərkəzi, Qərbi Azərbaycan İcması və Dərələyəz icmasının üzvlərinin iştirakı vacib sayıldı.
Sonda Elmira xanımın hazırladığı Dərələyəz mahalına məxsus yeməklər və şirniyyatlar – İrəvan kətəsi, qovud, sulu ərişdə qonaqlara təqdim olundu və tədbirin xatirəsinə ümumi şəkil çəkildi.