ELM VƏ TƏHSİL

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi konfranslarının açılış mərasimi keçirilib.

Konfransda SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva, SOCAR-ın Kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova və digər rəsmilər iştirak ediblər.

Elminfo.az xəbər verir ki, BANM-dən AZƏRTAC-a bildirilib ki, tədbiri açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov elmi konfransların beş ildir beynəlxalq səviyyədə təşkil edildiyini, builki konfranslarda bir sıra yeniliklər həyata keçirildiyini və keyfiyyətinə, miqyasına və beynəlxalq universitetləri əhatə etməsinə görə seçildiyini qeyd edib. Rektor konfranslara təqdim edilən tezislər barədə də məlumat verərək bildirib ki, builki konfranslara ümumilikdə 517 tezis göndərilib, onlardan 384-ü qəbul edilib, göndərilən tezislərin 58-i 6 ölkənin 7 təhsil müəssisəsindən olub, ümumilikdə isə 55 müəssisədən tezis daxil olub. Elmar Qasımov gənc alimlərin yetişdirilməsi, onlara dəstək göstərilməsinin Bakı Ali Neft Məktəbinin önəmli missiyalarından olduğunu və konfransların Azərbaycanda gənclərin elmi-tədqiqat işlərinə yönəlməsi üçün böyük töhfə verdiyini vurğulayıb.

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev çıxışında BANM-də keçirilən elmi konfransların gənclərə yeni imkanların yaradılması baxımından əhəmiyyətini vurğulayıb və nazirlik olaraq hər cür dəstək göstərməyə hazır olduqlarını bildirib.

Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov Bakı Ali Neft Məktəbində ənənəvi olaraq keçirilən bu elmi konfransların gənclərin elmi-tədqiqata marağının artması baxımından vacibliyini qeyd edib.

Tədbir BANM-in Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Çingiz Hacıyevin tədqiqat mövzusunda təqdimatı ilə davam edib.

Qeyd edək ki, Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi konfransları “Dayanıqlı Kimya və Kimya mühəndisliyinə doğru”, “İNFOTECH 2024” və “Neft-qaz geologiyası və mühəndisliyi” mövzularını əhatə edir.

Konfranslar mayın 1-də yekunlaşacaq.