Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin direktoru İlyas Nəsibov tərəfindən təqdim olunmuş “SAP hidrogel əsaslı ağıllı suvarma sistemi” layihəsi Bakı Su Həftəsi Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının 3 qalib startapından biri olub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bu suvarma sistemi əkin sahələrində və istixanalarda tətbiqi nəzərdə tutulmuş IoT (əşyaların interneti) prinsipi əsasında işləyir və su sərfiyyatını önəmli dərəcədə azaldır. Bunun sayəsində əkin sahələrinin torpağın nəmlik dərəcəsindən asılı olaraq lokal suvarılması mümkün olacaq. Eyni zamanda, torpağa tətbiq edilən hidrogellər bitki üçün lazım olan nəmlik dərəcəsini uzun müddət qoruya biləcək. Sahibkarlar mobil tətbiq vasitəsilə bir çox parametri – temperatur, nisbi rütubət, CO₂ miqdarı, atmosfer təzyiqi, torpağın nəmlik dərəcəsi, torpaqdakı mineralların miqdarı, PAR – fotosintetik aktiv radiasiya və s. dərhal monitorinq və idarə edə biləcəklər.
Xatırladaq ki, Bakı Su Həftəsi Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı martın 12-14-də keçirilib. Konfransda “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatları və yenidənqurma işləri”, “Azərbaycanda su təsərrüfatında müasir trendlər və su ehtiyatlarının inkişaf planları”, “Su, qida və enerji”, “Su ehtiyatlarının keyfiyyətinin təmin edilməsində təhlilin rolu”, “Su diplomatiyası”, “Su təsərrüfatında müasir texnologiyaların tətbiqinin əhəmiyyəti”, “Tullantı sularının davamlı idarə olunması: problemlər və həll yolları”, “Su ehtiyatlarına qənaət – “Bir damcı” dəyər verək” kimi mövzularda panel müzakirələri aparılıb. Tədbirdə 16 ölkədən 90-a yaxın şirkət iştirak edib.