BDU-105: Azərbaycanda riyaziyyat, mexanika üzrə elmi məktəblərin yaranmasında önəmli rol oynayan fakültə
Bakı Dövlət Universitetinin (BDU) köklü fakültələrindən olan Mexanika-riyaziyyat fakültəsi Fizika-riyaziyyat fakültəsinin bazasında (1920-1921) yaradılıb. Mexanika-riyaziyyat fakültəsi 1958-1959-cu tədris ilində müstəqil fakültəyə çevrilib. Bu fakültə riyaziyyat, mexanika və tətbiqi riyaziyyat üzrə elmi məktəblərin yaranmasında, bu sahədə peşəkar kadrların hazırlanmasında əvəzsiz xidmətlər göstərib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, respublikada riyaziyyat və mexanika elminin inkişafında neft sənayesinin, kibernetika və informatika sahələrinin çox böyük rolu olub. Rusiya və Ukraynanın tanınmış mexanik və riyaziyyatçı alimləri Aleksandr Buxştab, Yaroslav Lopatinski, Aleksandr Kovanko, Boris Rozenfeld, Vladimir Tartakovskinin dəvət olunması riyaziyyat və mexanika elmlərinin formalaşmasına təkan verib. Rusiyada təhsil almış ilk pedaqoq riyaziyyatçılar Məmməd Əfəndiyev və Mikayıl Xıdırzadə yüksəkixtisaslı milli kadrların hazırlanmasında mühüm xidmətlər göstəriblər. Ölkədə milli riyaziyyatçılar nəslinin yetişdirilməsində riyaziyyatçı alimlər Zahid Xəlilov, İbrahim İbrahimov, Əşrəf Hüseynov, Maqsud Cavadov, Qoşqar Əhmədovun da rolu çox böyükdür.
Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsindən sonra digər sahələrdə olduğu kimi, ali təhsil sahəsində də əsaslı dəyişikliklər baş verdi. Həmin yeniliklərdən ən mühümü azərbaycanlı gənclərin xaricdə təhsil almaq üçün göndərilməsi idi. 1970-1980-ci illərdə Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə elə BDU-dan da onlarla gənc riyaziyyatçı keçmiş SSRİ-nin qabaqcıl elmi mərkəzlərinə və təhsil ocaqlarına göndərildi. Bu dövrdə onlarla elmlər doktoru və elmlər namizədi yetişdi, respublikada yeni elmi məktəblər yarandı. Bu riyaziyyatçılar nəinki Azərbaycanda, dünyanın qabaqcıl universitetləri və elmi mərkəzlərində çalışıblar. Ulu Öndərin təşəbbüsü ilə 1972-ci ildə Mexanika-riyaziyyat fakültəsinin bir sıra kafedralarının bazasında Tətbiqi riyaziyyat və kibernetika fakültəsi təşkil olundu.
XX əsrin ortalarından başlayaraq fakültədə funksional və riyazi analiz, diferensial və inteqral tənliklər, riyazi fizika tənlikləri, funksiyalar nəzəriyyəsi, hesablama riyaziyyatı, ehtimal nəzəriyyəsi, həndəsə, harmonik analiz, funksional fəzaların daxilolma nəzəriyyəsi, diferensial operatorların spektral nəzəriyyəsi, tərs məsələlər, optimal idarəetmə nəzəriyyəsinin riyazi məsələləri, xüsusi törəməli diferensial tənliklər üçün başlanğıc və sərhəd məsələləri, çoxobrazlılar, deformasiya olunan bərk cisim mexanikası sahələrində tədqiqatlar aparılıb və mühüm nəticələr əldə edilib. Akademiklər Zahid Xəlilov funksional analiz, Əşrəf Hüseynov qeyri-xətti sinqulyar inteqral tənliklər, İbrahim İbrahimov funksiyalar nəzəriyyəsi, Məcid Rəsulov diferensial tənliklər, Azad Mirzəcanzadə tətbiqi mexanika və neft mədəni işləri, AMEA-nın müxbir üzvləri Yusif Əmənzadə elastiklik, Qoşqar Əhmədov optimal idarəetmə, Arif Babayev sinqulyar inteqral tənliklər və analitik funksiyalar üçün sərhəd məsələləri, Yəhya Məmmədov hesablama riyaziyyatı, Maqsud Cavadov həndəsə və riyaziyyatın tədrisi metodikası, Mirabbas Qasımov diferensial operatorların spektral nəzəriyyəsi və tərs məsələlər sahələrinin yaradıcıları olublar.
Mexanika-riyaziyyat fakültəsi respublikada riyaziyyat elminin inkişafında xüsusi yer tutur. Fakültədə tədris Azərbaycan, ingilis və rus dillərində olmaqla əyani və qiyabi formada təşkil olunub. Bakalavriatura səviyyəsində “Riyaziyyat”, “Riyaziyyat müəllimliyi”, “Mexanika” ixtisasları üzrə kadr hazırlığı aparılır.
Magistratura səviyyəsində isə 10 ixtisaslaşma – “Riyaziyyatın tədrisi metodikası və metodologiyası”, “Riyazi analiz”, “Funksional analiz”, “Diferensial tənliklər”, “Həndəsə”, “Cəbr”, “Hesablama riyaziyyatı”, “Optimal proseslərin riyazi nəzəriyyəsi”, “Deformasiya olunan bərk cisim mexanikası”, “Maye, qaz və plazma mexanikası” üzrə kadrlar hazırlanır. Fakültədə doktoranturaya “Cəbr, “Analiz və funksional analiz”, “Həndəsə”, “Ədədi analiz”, “Topologiya”, “Diferensial tənliklər”, “Dinamik sistemlər və optimal idarəetmə”, “Deformasiya olunan bərk cism mexanikası”, “Maye, qaz və plazma mexanikası” ixtisaslarına qəbul aparılır.
Hazırda fakültədə 2 nəfər AMEA-nın müxbir üzvü, 20 nəfər elmlər doktoru, professor, 64 nəfər fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim çalışır.
Fakültənin professor-müəllim heyəti müxtəlif təcrübə proqramlarında fəal iştirak edir, əməkdaşların beynəlxalq bazalarda indeksləşdirilmiş jurnallarda məqalələri nəşr olunur. Müəllimlər, doktorantlar, magistrantlar ölkə, eləcə də beynəlxalq səviyyəli elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış edirlər. Fakültədə mütəmadi şəkildə elmi konfrans, seminar və ustad dərsləri təşkil olunur.
Mexanika-riyaziyyat fakültəsinin təşkilatçılığı ilə gənc tədqiqatçıların beynəlxalq və respublika elmi konfransları, riyaziyyat sahəsində ixtisaslı mütəxəssislərin hazırlanmasının keyfiyyətini daha da yüksəltmək, istedadlı tələbələri aşkar etmək və dəstəkləmək, onları elmi-tədqiqat fəaliyyətinə cəlb etmək məqsədilə tələbələr arasında Riyaziyyat üzrə Respublika Olimpiadası keçirilir. Bu il olimpiada qalibləri – Mexanika-riyaziyyat fakültəsinin IV kurs tələbələri Vüqar Quliyev və Amil Cəbiyev Bolqarıstanda keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında da böyük uğura imza atıblar. Belə ki, Vüqar Quliyev olimpiadada I yeri qazanaraq qızıl, Amil Cəbiyev isə III yeri tutaraq bürünc medala sahib olub.
Mexanika-riyaziyyat fakültəsində 9 kafedra (Riyazi analiz kafedrası, Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrası, Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrası, Cəbr və həndəsə kafedrası, Diferensial və inteqral tənliklər kafedrası, Hesablama riyaziyyatı kafedrası, Riyaziyyat və onun tədrisi metodikası kafedrası, İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrası, Ali riyaziyyat kafedrası) fəaliyyət göstərir. Fakültə yarandığı gündən Moskva Dövlət Universiteti, Steklov adına Riyaziyyat İnstitutu, Ukrayna Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutu, Sankt-Peterburq Riyaziyyat İnstitutu, İstanbul Texniki Universiteti, Rostov Dövlət Universiteti, Tbilisi Dövlət Universiteti və digər universitetlərlə səmərəli elmi əməkdaşlıq edir. Mexanika-riyaziyyat fakültəsinin tələbələri tələbə təşkilatlarında, elm klublarında fəal iştirak edirlər. Tələbə təşkilatlarındakı fəaliyyətlər tələbələrimizin yeni mühitə uyğunlaşmalarına, istedadlarını üzə çıxarmağa, universitetdə və onun hüdudlarından kənarda qeyri-standart layihə və yaradıcı ideyalarını həyata keçirmələrinə kömək edir. Təhsil müddətində həyata keçirilən əlavə tədbirlər fakültə tələbələrinin əmək bazarında şanslarını artırır, onlara dəyərli peşəkar təcrübə qazandırır.
Fakültədə Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi, “BDU könüllüləri” kimi tələbə təşkilatları fəaliyyət göstərir. Tələbə Gənclər Təşkilatının nəzdində “Xarici dil klubu”, “Məntiq klubu” yaradılıb. Klubun məqsədi tələbələrin qarşılıqlı müzakirələr apararaq natiqlik və özünüifadə qabiliyyətlərini inkişaf etdirməkdir.