GÜNDƏM

BDU-da “Enterprise Azerbaijan” portalının “Startup School 2” layihəsinin təqdimatı keçirilib

Bakı, 29 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının “Startup School 2 – AI for Green Solidarity” layihəsinin təqdimatı keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov layihənin gənclərin ideyalarının dəstəklənməsi istiqamətində əhəmiyyətindən danışıb, tələbələri fəal iştiraka dəvət edib.

“Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva “Startup School 2” layihəsinin əhəmiyyətindən, əməkdaşlıq etdiyi nüfuzlu qurumlardan və gənc startapçılara təqdim etdiyi imkanlardan danışıb. Bildirib ki, layihənin əsas məqsədi Azərbaycanda gənclərin süni intellektlə bağlı bilik və bacarıqlarını artırmaq, innovasiya mədəniyyətini və texnologiya savadını inkişaf etdirməklə insan resurslarının inkişafına töhfə verməkdir.

Portalın layihə meneceri Nəzrin Əkbərova tələbələrə layihənin məqsədi, meyarları, seçim qaydaları, ideyaların biznesə çevrilməsi imkanları, innovasiyaların inkişaf trendləri haqqında ətraflı məlumat verib, auditoriyanı maraqlandıran sualları cavablandırıb.

Tədbir çərçivəsində gənclər arasında innovasiya və startap ekosisteminə həsr olunmuş viktorina keçirilib. Viktorinanın ən fəal iştirakçılarına İİTKM-in ABŞ-ın Nevada Universiteti və Bakı Mühəndislik Universiteti ilə birgə hazırladığı “İnnovasiya və sahibkarlıq: startap ekosistemi” kitabı təqdim olunub.

Sonda “Enterprise Azerbaijan” portalının əməkdaşları BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi ilə tanış olublar.