BDU-nun əməkdaşı Lissabon Universitetində xərçəng əleyhinə tədqiqatlar aparacaq
Bakı Dövlət Universitetinin (BDU) Sənaye kimyası elmi-tədqiqat laboratoriyasının müdiri, ICESCO-nun Biotibbi materiallar kafedrasının müəllimi Ələkbər Hüseynzadə sentyabrın 15-dən oktyabrın 15-dək Portuqaliyanın Lissabon Universitetində tədqiqatlar aparacaq.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Ələkbər Hüseynzadə Lissabon Universitetinin professoru Armando J.L.Pombeiro, eləcə də hazırda həmin universitetdə uzunmüddətli ezamiyyədə olan BDU əməkdaşları Kamran Mahmudov və Ataş Qurbanovla dihidropirimidinlərin sintezi və tədqiqi üzrə birgə tədqiqatlar aparmaq üçün dəvət olunub.
Məlumdur ki, bioloji aktiv birləşmələrin nümayəndələri olan dihidropirimidinlər xərçəng, vərəm, göbələk əleyhinə, antibakterial, antiviral, ağrıkəsici, proliferativ, kalsium və kalium kanal blokatorları və digər təsirlərə malikdir. Tədqiqatın ilk mərhələlərində aktivlik göstərən maddə sonradan müxtəlif amillərə görə dərmana çevrilmək şansını itirə bilər. Dihidropirimidinlərin əsasında monastrol, enastrol, fluorastrol, mon-97 (xərçəng əleyhinə fəaliyyət), batzelladin A və B (anti-HİV aktivliyi) kimi müxtəlif dərmanlar artıq sintez edilib və tibdə geniş istifadə olunur. Qeyd olunan birləşmələrin sintezi mikrodalğalı reaktorda aparılacaq.
Tədqiqatın növbəti mərhələsində sintez olunan birləşmələrin xərçəng əleyhinə aktivliyi Türkiyənin Sivas Cümhuriyyət Universitetində yoxlanılacaq.