ELMİ ANONSLAR

Beşinci “Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı başlayıb

Beşinci “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin ilk imtahanı başlayıb.

“Report” xəbər verir ki, Analitik təhlil imtahanı 4 sessiya olmaqla iki gün keçiriləcək.

Müsabiqənin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev bildirib ki, imtahanlar Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda, eləcə də Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 153, 158, 161, 229 və 238 nömrəli tam orta məktəblərində, bununla yanaşı Sumqayıt şəhərində yerləşən 1 nömrəli tam orta məktəbində təşkil olunub.

Fərhad Hacıyev

Naxçıvan şəhərində isə imtahan mayın 18-də olacaq.

Qeyd olunub ki, namizədlər əvvəlcədən seçdikləri 10:00 və 15:30 saatlarında imtahanda iştirak edə biləcəklər. Bundan əlavə, xaricdə yaşayan namizədlər üçün də distant formatda, proktorinq üsulu ilə 4 sessiyadan ibarət imtahanlar təşkil edilib. Əyani mərhələnin birinci turu olan Analitik təhlil imtahanında 7256 namizəd iştirak hüququ qazanıb.

İmtahan Verbal, Rəqəmsal və Abstrakt təhlil olmaqla, 3 blok üzrə aparılır. İmtahana ümumilikdə 3 saat vaxt ayrılıb.

Müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları bir çox beynəlxalq sistemdə tətbiq edilən T-şkala ilə hesablanacaq. T-şkalası bir çox beynəlxalq imtahanlarda (TOEFL, GMAT, SAT və s.) tətbiq olunan üsuldur. Nəticələrin hesablanmasında istifadə edilən bu üsul bütün dünyada ən qabaqcıl və ədalətli metod hesab olunur. Analitik təhlil imtahanının nəticələri imtahan bitdikdən sonra 5-7 iş günü ərzində iştirakçılara hesabat şəklində göndəriləcək.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.

Foto: Mircavid Eminoğlu

Mənbə: Report.Az