GÜNDƏM

Beynəlxalq Diaspora Mərkəzindən PKK-nın buraxılması ilə bağlı bəyanat

Beynəlxalq Diaspora Mərkəzi olaraq PKK terror təşkilatının buraxılma qərarı ilə bağlı yayılan məlumatlara münasibət bildirməyi zəruri hesab edirik.

PKK adlı separatçı və qanlı terror təşkilatı onilliklər boyunca regionda saysız-hesabsız insanın həyatına son qoymuş, mülki əhalini hədəfə almış, gəncləri zorla dağlara apararaq terrora cəlb etmiş, yüzlərlə ailənin ocağını söndürmüş, regionda sabitliyə və təhlükəsizliyə qarşı təhdid yaratmışdır. Təşkilat təkcə Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün təhlükə olmuş, beynəlxalq hüququ və insan haqlarını kobud şəkildə pozmuşdur.
Təşkilatın buraxılması ilə bağlı yayılan xəbərlər uzun illər davam edən terrora qarşı mübarizənin, dövlətlərin birgə qətiyyətli mövqeyinin və xalqın birliyinin nəticəsi kimi qiymətləndirilməlidir. Lakin bu cür məlumatlara ehtiyatla yanaşmalı, terrorçuların cinayət məsuliyyətindən yayınmaq məqsədilə “buraxılma” kimi manipulyativ yollar axtarmasının qarşısı alınmalıdır. Hər bir terrorçunun törətdiyi əməllərə görə ədalət mühakiməsi qarşısında cavab verməsi beynəlxalq hüququn tələbidir.

Beynəlxalq Diaspora Mərkəzi olaraq, biz hər zaman terrorun bütün formalarını qətiyyətlə pisləyir, bölgədə sülh və sabitliyin bərqərar olması üçün aparılan mübarizəyə dəstəyimizi ifadə edirik. Eyni zamanda dünya ictimaiyyətini bu kimi prosesləri diqqətlə izləməyə və terror təşkilatlarının rebrendinq və ya gizli fəaliyyət yollarına əl atmasının qarşısını almağa çağırırıq.

Sonda bir daha vurğulayırıq ki, terrorçuluq insanlığa qarşı yönəlmiş ən böyük cinayətlərdən biridir və onun heç bir formada bəraəti yoxdur!

Beynəlxalq Diaspora Mərkəzi
12 may 2025-ci il