GÜNDƏM

Beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipi

BRİCS 2006-cı ildə yaradılıb və yarandığı gündən beynəlxalq münasibətlər sisteminin demokratikləşməsinə xidmət edir. 2009-cu ildən bəri isə hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən bloka, eyni zamanda dünya əhalisinin təxmini yarısını və qlobal iqtisadiyyatın 1/4 -dən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib.
BRICS ölkələri beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qalaraq, dövlətlər arasında qarşılıqlı, faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır. Daha ədalətli beynəlxalq nizamın inkişafına və qlobal idarəetmənin təkmilləşdirilməsinə xidmət edir.
Azərbaycan balanslaşdırılmış xarici siyasi kursunu son dərəcə effektli şəkildə həyata keçirir və dünya ölkələri ilə siyasi, iqtisadi, mədəni sahələrdə problemsiz əməkdaşlığı qeyd olunanların təsdiqidir. Eyni zamanda, rəsmi Bakı siyasi, iqtisadi dialoqa açıq münasibət göstərir. Dünya birliyi, mötəbər təşkilatlarla qarşılıqlı hörmət və ehtiram üzərində qurulan əməkdaşlıq ölkəmizi beynəlxalq münasibətlərin önəmli tərəfdaşına çevirib. Azərbaycan istər Şərq və Qərb, istərsə də Şimal və Cənubla milli maraqlarını qorumaqla fəal əməkdaşlıq edir. Bu baxımdan Azərbaycanın BRİCS-lə təmasları təsadüfi deyil. Prezident cənab İlham Əliyevin XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirakı və nitqi ciddi məqamlarla yadda qaldı.
Prezident cənab İlham Əliyevin Kazanda XVI BRICS Sammitində iştirakı məmnunluqla qarşılandı. Çünki Prezident İlham Əliyevin lideri olduğu Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır və bunu fəaliyyəti ilə sübut edib. Ölkəmiz BMT-dən sonra dünyanın ikinci nəhəng təşkilatı sayılan Qoşulmama Hərəkatına sədrlik dövründə də bu prinsipə sadiq qalıb. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində möhkəmlənib. Coğrafi mövqeyindən səmərəli istifadə edən ölkəmiz Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməyi bacarıb. Prezident haqlı olaraq qeyd etdi ki, dünyanın ən böyük beynəlxalq iqlim konfransının – COP29-un Azərbaycanda keçirilməsinə təqribən 200 ölkənin yekdil qərarı Azərbaycana hörmət və dəstəyin nəticəsi idi.
Prezident İlham Əliyevin sammit çərçivəsində Kazanda Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşü xüsusi əhəmiyyət kəsb edirdi və maraqla izlənilirdi. Görüşdə ikitərəfli sülh gündəliyinin irəli aparılması, xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması təlimatı bölgədə barışın əldə olunacağına nikbinlik yaratdı.
Gördüyümüz kimi, Azərbaycan milli maraqlarını qorumaq, geosiyasi statusunu inkişaf etdirmək, özünü ən əlverişli təhlükəsizlik şəraiti ilə təmin etmək üçün bütün beynəlxalq platformalardan maksimum yararlanır.
Qeyd edək ki, BRİCS-ə üzv ölkələrin liderləri assosiasiyanın fəaliyyətinin Qərbə qarşı yönəlmədiyini vurğulayırlar. Heç kimə qarşı yönəlməmək fikri Azərbaycan üçün daha aktualdır. Azərbaycanın BRİCS-in fəaliyyətinə cəlb olunması ölkəmizə, ilk növbədə, dünya siyasətində qlobal tendensiyalardan kənarda qalmamağa imkan verir. Müxtəlif güc və maraq mərkəzlərinin qovşağında olduğumuz üçün biz balanslaşdırılmış siyasət yürütməyə, beynəlxalq nizamın müxtəlif sistemlərindən yararlanmağa borcluyuq.
Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenilənməsi, təkmilləşdirilməsi dövlətimizin həyata keçirdiyi iqtisadi siyasətin əsas tərkib hissəsidir. Yol iqtisadiyyat, eyni zamanda, əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsi üçün böyük stimuldur. Bu gün təkcə işğaldan azad edilmiş ərazilərimizdə yaradılan yol infrastrukturunun timsalında Azərbaycanın beynəlxalq nəqliyyat mərkəzinə çevrildiyini böyük əminliklə deyə bilərik. Hər bir ölkənin malik olduğu iqtisadi imkanların təqdimatında əhəmiyyətli rol oynayan Davos Dünya İqtisadi Forumunun hesabatına nəzər saldıqda görürük ki, Azərbaycan reytinqlərə görə dünya miqyasında qabaqcıl yerlərdə dayanır.

İradə Rzazadə,
“Vətəndaşların Sosial Rifahı Naminə” İB-nin sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir