Beynimizin də “barmaq izi” var
İnsanları tanımaq məqsədilə hazırlanan fərqli biometrik identifikasiya növlərinə biri də əlavə edildi. Belə ki, İsveçrənin Ecole Polytchenique Federale de Lausanne Universitetinin tədqiqatçısı professor Enrico Amico insanın beynində də barmaq izinin olduğunu və bu izin zamanla müəyyən səbəblərə görə dəyişə bildiyini iddia edir. Onun rəhbərliyi ilə aparılan tədqiqatın nəticələri “Science Advances” jurnalında nəşr olunub.
Bir neçə il əvvəl Yale Universitetinin nevroloqları hər bir insanın beyninin bənzərsiz barmaq izinə sahib olduğunu aşkar etmişdilər. Lakin Maqnit Resonans Tomoqrafiyası (MRT) vasitəsilə bu izlər yalnız bir neçə dəqiqə ərzində aşkar edilir və tez bir zamanda, yəni, 5 saniyədə yoxa çıxırdı. Bu isə beyindəki barmaq izlərinin açılması üçün lazım olan məlumatların çox qısa müddət ərzində əldə edilə bilməməsi demək idi.
Bu tapıntıları bir addım daha irəli aparmaq qərarına gələn Enrico Amico MRT müayinəsi vasitəsilə bu izlərin beyindəki şəbəkə və xüsusən də fərqli sahələr arasındakı əlaqələrini araşdırıb. Tədqiqat qrupu beynin fəaliyyətini ümumiləşdirən rəngli matrislər kimi qrafiklər yaradıblar. Bu tip modelləşdirmə texnikası elmdə şəbəkə nevrologiyası və ya beyin konnektomikası kimi tanınır. Ehtiyac duyduqları bütün məlumatları funksional beyin konnektomlarında qrafikləşdirən elm adamları sinir şəbəkələrinin xəritəsini hazırlayıb və ən sürətli barmaq izlərinin beynin hansı bölgəsindən əldə edilə biləcəyini araşdırıblar. Nəticədə izlərin başlanğıc nöqtəsinin beynin görmə ilə əlaqəli bölgələrindən üzə çıxdığı məlum olub.
Tədqiqatçıların növbəti addımı sağlam insanların beynindəki barmaq izlərini Alzheimer xəstəliyindən əziyyət çəkənlərlə müqayisə etmək olacaq. Çünki alimlər nevroloji problemlərin zamanla beyindəki kimliyin itməsinə, yəni, barmaq izlərinin dəyişməsinə səbəb olmasını ehtimal edirlər.