GÜNDƏM

Beynəlxalq Diaspora Mərkəzinin və Qərbi Azərbaycan İcmasının Paşalı rayon icmasının birgə təşkilatçılığı ilə “Torpaqlarımızın azadlığında Aprel Zəfəri” mövzusunda tədbir keçirildi

bdmxeber.az xəbər verir ki, 025-ci il aprelin 23-də, saat 13:00-da başlayan tədbir, 1918-ci ilin aprelində Azərbaycan xalqının azadlığı uğrunda vuruşaraq şəhid olmuş Qafqaz İslam Ordusunun (QİO) naməlum döyüşçüsünün Bakı-Şamaxı avtomobil yolunun kənarında ucaldılmış abidəsinin ziyarəti ilə başlandı.

Tədbir iştirakçıları öncədən “Təklə” restoranında hazırlıq işlərini tamamladıqdan sonra əllərində Azərbaycan, Türkiyə və İrəvan xanlığının bayraqları, həmçinin şüarlarla at üstündə abidəyə doğru yürüş etdilər. Yol boyunca bayraqlar dalğalandı, vətənpərvərlik ruhunda şüarlar səsləndirildi. “Mehtər marşı” sədaları altında yürüş edən iştirakçılar Qafqaz İslam Ordusunun qəhrəman əsgərlərinin xatirəsinə ucaldılmış abidəyə gül dəstələri düzdülər, dualar oxudular və şəhidlərə dərin ehtiramlarını bildirdilər.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev bütün iştirakçıları salamlayaraq bildirdi ki, bu tədbirin əsas məqsədi torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhunu yad etmək və onların şanlı mübarizəsini unutmamaqdır. O, tədbir iştirakçılarını bir dəqiqəlik sükuta dəvət etdi, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı səsləndirildi.

İsmayıl Ağayev çıxışında ermənilərin dünyaya təqdim etməyə çalışdığı saxta “erməni soyqırımı” iddialarının tamamilə əsassız olduğunu vurğulayaraq, əslində türk xalqına qarşı soyqırımı və terror aktlarının həyata keçirildiyini qeyd etdi. O bildirdi ki, bu həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, tarixi ədaləti bərpa etmək Beynəlxalq Diaspora Mərkəzinin və Qərbi Azərbaycan İcmasının əsas vəzifələrindən biridir.

İsmayıl Ağayev əlavə olaraq qeyd etdi ki, bu gün Qərbi Azərbaycan İcmasında Hörmətli Əziz Ələkbərlinin rəhbərliyi altında görülən işlər təqdirəlayiqdir. “Biz də Diaspora Mərkəzi olaraq İcma ilə imzaladığımız ortaq protokola əsasən həyata keçirilən işlərə öz dəstəyimizi verdiyimizi bildiririk,” – deyə o qeyd etdi.

Daha sonra söz Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü, Paşalı rayon icmasının sədri, a.e.ü.f.d., dosent Faiq Xudayevə verildi. Faiq müəllim öncəliklə tədbir iştirakçılarını səmimi salamladı və Qərbi Azərbaycan İcmasının rəhbərliyindən olan dəyərli şəxsiyyətləri, xüsusilə də tədbirə verdiyi dəstəyə görə öz həmkarı Faiq müəllimi və İman müəllimi xüsusi olaraq salamladığını bildirdi. O, çıxışında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərlinin salamlarını tədbir iştirakçılarına çatdırdı. Faiq Xudayev vurğuladı ki, ermənilər tərəfindən uydurulmuş saxta soyqırımı iddiaları məhz aprel ayında ortaya atılıb. Lakin Azərbaycan xalqı bu ayı Aprel Zəfəri ilə xatırlayır. Bu zəfər torpaqlarımızın işğaldan azad olunmasında mühüm tarixi mərhələdir.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvləri Zaur İbrahimli və Fariz Əkbərov da çıxış edərək tədbirin əhəmiyyətini vurğuladılar. Zaur İbrahimli Aprel Zəfərinin yalnız hərbi uğur deyil, həm də milli birliyin və Azərbaycan-Türkiyə qardaşlığının təntənəsi olduğunu qeyd etdi. O bildirdi ki, bu kimi tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır.

Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeyni isə Ermənistan tərəfindən illərlə aparılan saxta soyqırımı təbliğatına qarşı türk və Azərbaycan xalqlarının haqq səsinin ucaldılmasının vacibliyini qeyd etdi. O vurğuladı ki, Aprel döyüşləri və Qafqaz İslam Ordusunun qəhrəmanlığı bu saxta iddialara tutarlı cavabdır. Zeyni, həmçinin Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına dəstəyini ifadə edərək, bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəyini bildirdi.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, Paşalı rayonunun İstisu icmasının sədri, filologiya üzrə fəlsəfə doktoru Alı Əliyev, Sabunçu rayon icmasının sədri Ələmdar Nəbiyev və digər natiqlər də Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını dəstəklədiklərini və bu istiqamətdə mübarizəni davam etdirəcəklərini bəyan etdilər.

Tədbirin rəsmi hissəsindən sonra iştirakçılar “Təklə” restoranında təşkil olunmuş ziyafətdə bir araya gəldilər. Məclis yüksək milli ruhda keçdi. İştirakçılar İrəvan xanlığının bayraqları altında milli rəqslər ifa etdilər. Tədbirin bədii hissəsində müğənni Rəşad İdrisoğlu gözəl ifası ilə tədbir iştirakçılarını valeh etdi. O, xalq mahnılarından “Üç ayaq”, “Yallı”, “İrəvanda xal qalmadı”, “Dərələyəz” və digər əsərləri səsləndirərək məclisə xüsusi rəng qatdı. Onun ifası təkcə musiqi baxımından deyil, həm də verdiyi mesaj və yaratdığı milli ruh baxımından tədbir iştirakçılarına dərin təsir bağışladı. Rəşad İdrisoğlunun səmimi və ruhlandırıcı çıxışı tədbirin ab-havasını daha da zənginləşdirdi.

Tədbirdə çıxış edənlər arasında Beynəlxalq Diaspora Mərkəzinin (BDM) sədrinin birinci müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Ceyhun Şakiroğlu, İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri Ramil Əliyev, Zəkiyyə xanım, Xəqani müəllim, BDM Gənclər Departamentinin rəhbəri Ramal İsmayılov, Paşalı rayonunun Terp icmasının üzvlərindən şair İnqilab Dərələyəzli və şair Bilman da yer alıb. Onlar çıxışlarında tədbirin əhəmiyyətindən bəhs edərək, erməni iddialarına verilən layiqli cavabı vurğuladılar. Tədbir həm milli həmrəylik, həm də tarixi yaddaş baxımından dəyərli və mənalı şəkildə yadda qaldı.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər, tədbirin yüksək səviyyədə təşkil olunmasından məmnunluqlarını ifadə etdilər və təşkilatçılara təşəkkürlərini bildirdilər.

Beynəlxalq Diaspora Mərkəzinin

Mətbuat Xidməti

 

IMG_0775