Beynəlxalq konqres: “Böyük əcdadların irsi – Üçüncü İntibahın təməli”
Daşkənd və Səmərqənddə “Böyük əcdadların irsi – Üçüncü İntibahın təməli” VIII beynəlxalq konqresin açılış mərasimi olub.
Elminfo.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a verilən məlumata görə, konqresdə 35 ölkədən 300-ə yaxın alim, mütəxəssis və tədqiqatçı iştirak edib. İştirakçılar arasında İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Beynəlxalq Türk Mədəniyyəti (TÜRKSOY), AL-Furqan xeyriyyəçiliyi Vəqfi, Dünya Müsəlman Liqası və digər beynəlxalq təşkilatların nümayəndələri olub.
Açılış mərasimində Özbəkistan Respublikası Prezidentinin müşaviri Xayriddin Sultanov Prezident Şavkat Mirziyoyevin “Böyük əcdadların mirası – Üçüncü İntibahın təməli” VIII beynəlxalq konqresinin iştirakçılarına təbrik məktubunu oxuyub.
Tədbirdə çıxış edən Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Orta Asiyanın zəngin tarixi və mədəniyyətini araşdırmağa həsr olunmuş konqresin elmi cəmiyyətin birləşdirilməsi üçün əsas platforma rolu oynadığını vurğulayıb. Türk xalqlarının mədəni irsinin qorunması və tədqiqi sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini qeyd edən akademik Şahin Mustafayev Beynəlxalq Türk Akademiyasının fəaliyyəti çərçivəsində əməkdaşlığın daha da inkişaf etməsi üçün yeni təşəbbüslər təqdim edib.
Qeyd edək ki, konqresdə plenar seanslar, seminarlar, sərgilər, turlar və “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında iştirak da daxil olmaqla hərtərəfli elmi və mədəni proqram təqdim edilib.
Bundan başqa, Səmərqənddəki Beynəlxalq Musiqi Festivalının açılışında, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak edib. Həmin tədbirdə akademik Şahin Mustafayev çıxış edərək konqresin elmi biliklərin dərinləşməsinə, qardaş xalqlar arasında mədəni əlaqələrin qurulmasına və türk mədəni irsini öyrənməyə həsr olunmuş müəssisələr arasında əməkdaşlığın gücləndirilməsinə zəmin yaradacağına əminliyini bildirib.
Həmçinin Şahin Mustafayevin rəsmi səfəri zamanı Beynəlxalq Türk Akademiyası və Özbəkistanda İslam Sivilizasiyası Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum elmi məlumat mübadiləsi, kitabxanalar arasında əməkdaşlıq, birgə konfrans və seminarların təşkili, eləcə də müştərək elmi əsərlərin dərc edilməsini nəzərdə tutur.