“Bir nurlu sahil var hələ sabahda”…
Əkbər QOŞALI
Macalım olunca ya şəxsi kitabxanamda ya hər hansı bir kitabxanada, kitab mərkəzində, bu da olmasa, virtual kitab aləmində gəzişir, kitablarla dərdləşir, uğurlaşır, oxuyub-öyrənməyə çalışıram. Bu dəfə güzarım “Kitab Yurdu”na (kitapyurdu.com) düşdü. Bir də, baxam, bizim Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Gənəşinin üzvü Ruhəngiz Əliyevanın ikidilli bir kitabı da tanıdılırmış, bu, məni çox sevindirdi.
Ruhəngiz bu kitabı nəşr olunmuş formatda mənə ötən il bağışlamışdı, lakin doğrusu, oxumağa vaxt bula bilməmişdim.
Onun yaradıcılığı, ictimai fəaliyyəti haqqında çoxdan yazmaq istəyirdim, bir türlü alınmırdı və sonra da, özəl bir səbəbə – yubileyinə, yeni kitabına, elmi ad, dərəcə almasına və s. ertələyirdim; demək, bu günə nəsibmiş… Hələ-hələ, bu il yaşı (5 ildən bəridir, hər hansı yubiley yaşından daha cazib məzmuna dolmuş) 44 olmuşsa, yazının tam da zamanı deyilmi?..
***
Naxçıvan Muxtar Respublikasının vətəndaş cəmiyyəti institutlarında, eləcə də, elm, ədəbiyyat-mədəniyyət sferasında fəal olanlardan biri də pedaqogika üzrə fəlsəfə doktoru, dosent, ədəbiyyatşünas və yazıçı Ruhəngiz Əliyevadır. Onun çoxşaxəli fəaliyyəti yalnız bilik və zəhmət üzərində qurulmuş uğur hekayəsi deyil, həm də milli mənəviyyatın və intellektual kimliyin bir yeni nəsil aydınımızın timsalında (necə deyərlər) fəlsəfi təcallasıdır. Mən onu Bakıda tanımışam – “Odlar Yurdu” Universiteti nəzdində yaradıcı gənclərin ədəbi birliyi vardı – orada. “Odlar Yurdu”na, eyni adlı qəzetin baş redaktoru və Atatürk Mərkəzinin o vaxtkı şöbə müdiri (indi isə Mərkəzin müdir müavini) Osman Ənvəroğlunun dəvəti, tələbə-gənclərin istəyi ilə getmişdim – illər öncələrdi. – Ruhəngizgilin hazırladığı almanax mənim önsözümlə nəşrə hazırlandı və az sonra gün üzü gördü. Bu, gənclər üçün o vaxt fövqəladə önəmli hadisəydi. Gənclərin sevincini bölüşmək çox xoş idi; di gəl, sonra o mühit, necə oldusa, dağıldı – bəlkə də obyektiv gerçəklikdi – tələbələr universiteti bitirdi, hərəsi bir şəhərə, kəndə, nə bilim, müəssisəyə getdi; sonra evlənən kim, ailə-məişət və başqa qayğılarla uğraşan kim… deyərkən, olanlar-oldu… İl dolandı, ay ötdü, gün keçdi, saat da fırlandı və Ruhəngizlə yenidən qarşılaşdıq. – Öncə sosial şəbəkədə, sonra gerçək həyatda. İllər öncə Yusif Günaydın mənə Almas Yıldırımın “Qara kitabı”nı bağışlamışdı, mən də onu oxumaqçün Ruhəngizə vermişdim. Necə olubsa, həmin kitabı itiribmiş. Siz, Kiçik Torpağın Böyük Ürəkliliyinin bir xanıməfəndinin timsalında təcallasına baxın ki (tapılması çox çətin olsa da), o kitabın tam eynisini tapıb, ürək sözlərini yazıb mənə təqdim etdi. Tərcüməçisi olduğu başqa bir kitabı da “Qara kitab”ın üstündə gətirmişdi… Çox duyğulandım, nə gizlədim; nə gizlədim, ELÇİNin avtoqragla 2009-cu ildə mənə bağışladığı kitabı da, daha bugünlərdə – üstündən illər keçəndən sonra qaytarıldı. – Məgər onu da bir başqa gənc yazarımıza – Yeqzar Cəfəfliyə vermişəmmiş, sonra ikimiz də unutmuşuq ya necə olubsa, mən başqasında bilmişəm və budur, Yeqzar o kitabı bulub qaytarmış bulunur. Hər iki kitab vəfadarını alqışlayır, əsənliklər diləyir və yenidən söhbətimizin əsl axarına qayıdıram.
Kiçik Torpağın Böyük Ürəkli yeni nəsil aydınlarından olan Ruhəngiz Əliyeva maarifçi ruhun yeni dönəmin çağırışlafına biganə qalmayan xas daşıyıcılarındandır. O, bu sətirlərin müəllifi məktəbə başlayanda hələ anadan olmamışdı; bilirsiz, hər sonrakı nəsil öncəkindən bir addım qabağa getməli, daha fəal olmalı, daha üstün xidmət və töhfələri ilə ictimai fikri qidalandırmağı bacarmalı, ulusun, ölkənin xeyrinə işlərdə qabaqcıl olmalıdır. Ustad Məmməd İsmayıl demiş,
“Bir nurlu sahil var hələ sabahda,
Qaranlıq sulara yol açar avar…
Bir adam yol gedir bizdən qabaqda,
Amma bir adam da bizdən sonra var”!.. – Bizə ürəklə “Xocam” deyən, Türk dünyası ilə bağlı nələrisə bizdən öyrəndiyini hər macalda söyləyən Ruhəngiz xanıma demək istəyirəm ki, nə yaxşı bizdən qabaqda gedən, “Yaxşı ki, dünyaya cığır açan(lar) var”dı və nə yaxşı, nə yaxşı, bizdən sonrakılar içində sənin kimi istedadlı, nəcabətli, savadlı və vətəncanlı, Türk dünyası sevdalısı aydınlarımız var. Yoxsa, dünya adiləşər, anlamsızlaşar və gözümüzdən düşməzdimi?..
***
Ruhəngiz Əliyevanın elmi və ictimai fəaliyyəti ilk gündən klassik maarifçi gələnəyə əsaslanmaqla yanaşı, çağdaş dünyagörüşlə sintez olunur. Onun pedaqoji fəaliyyəti təkcə təhsil mühiti ilə sınırlanmır, həm də sosial, ruhi-mədəni aləmlərlə vəhdət təşkil edir. Məhz bu vəhdət onu maarifçiliyin çağdaş daşıyıcısına çevirir.
Ruhəngizi gəlin bir az daha yaxından tanıyaq:
O, 1981-ci ildə Naxçıvanda anadan olub. Odlar Yurdu Universitetində İbtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə oxuyub. Daha sonra magistratura və doktorantura pillələrini uğurla bitirərək, pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Dissertasiyası Azərbaycan maarifçiliyinin nəhəng siması Məmməd Səid Ordubadinin tərbiyə və məktəb məsələlərinə həsr olunması onun ideya köklərinin xalq maarifinə dayandığını bir daha sübut edir. Ordubadinin maarifçilik fikirlərinə həsr etdiyi doktorluq işi bir tərəfdən tarixi-mədəni irsə sədaqət, digər tərəfdən isə tənqidi təfəkkürün örnəyidir.
O, Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və Psixologiya kafedrasında müəllim, baş müəllim və dosent kimi fəaliyyət göstərməklə yanaşı, eyni zamanda, uluslararası elmi konfranslarda məruzələrlə çıxış edir, məqalələri dünyanın bir çox elmi jurnallarında çap olunur. Onun müəllifi olduğu monoqrafiyalar, metodik vəsaitlər, dərs proqramları və elmi məqalələr təhsil sahəsində elmi-nəzəri bazanın zənginləşməsinə töhfə verir.
Özəlliklə Ordubadi irsinin tədqiqinə və maarifçilik görüşlərinin şərhinə yönəlmiş araşdırmaları akademik çevrələr tərəfindən yüksək qiymətləndirilib. Dissertasiya və elmi məqalələrinin uluslararası rəqəmsal elmi bazalara daxil edilməsi (EBSCO, World Bibliographic, Elmmetric və s.) Ruhəngizin elmi yaradıcılığının Naxçıvandan ümumrespublika səviyyəsinə yüksəldiyini, buradan da, qardaş ölkələrə və digər ölkələrə yayıldığını göstərir.
Ruhəngiz Əliyeva eyni zamanda ədəbiyyatşünas və publisistdir. Onun “Poeziya, səni aparacağam”, “Səssizliyin səsi”, “Bir inci xanım” kimi kitabları, Türk dünyası qadın poeziyasını əks etdirən “Anne Şiirler Antolojisi”ndə iştirakı, eləcə də şeirlərinin yaxın-uzaq ölkələrdə yayınlanması qələm gücünü və bədii düşüncə imkanlarını göstərir.
Əsərlərində maarifçiliklə yanaşı, türkçülük, vətənpərvərlik və humanizm ideyaları ön plandadır. “Zəngəzur – Azərbaycanın tarixi torpağıdır” adlı kitabı ilə Ruhəngiz xanım yalnız elmə və ədəbiyyata deyil, milli yaddaşın dirçəlməsinə də töhfə verməkdədir.
Ruhəngiz xanım eyni zamanda Türk dünyasında akademik və ictimai inteqrasiyanın iştirakçılarındandır. Azərbaycan və Naxçıvan Yazıçılar birliklərinin, DGTYB Gənəşinin, İMZA İctimai Birliyinin üzvü, CASCFENin Türkiyə ilə əlaqələr üzrə müşaviri və UDİARD Diplomatik Araşdırmalar Akademiyasının heyət üzvüdür.
Onun ötən il Türkiyə türkcəsində və ingiliscə çıxmış bir roman kitabı da var: “Meleğin kanadında” (In The Prayer of Angel)…
Bəs “Mələyin qanadında” nələr görünür?– Xanım yazar bu adda əsərində insan və kainat arasında mənəvi körpü qurmağamı çalışıb? O, bu işdə nə dərəcədə başafılı ola bilib?
Ədəbiyyat, Ruhəngizin yaradıcılığında təkcə ifadə vasitəsi deyil, həm də fəlsəfi axtarış meydanıdır. Onun qardaş Türkiyədə çıxmış “Mələyin qanadında” əsəri bu baxımdan özəl yer tutur. Bu roman klassik süjet çərçivəsindən qırağa çıxaraq, oxucunu ilahi varlıqla insan ruhunun qarşılıqlı təsiri, mənəvi oyanış və özünüdərk sürəci üzərində düşünməyə vadar edir. Əsərin baş qəhrəmanları – Raguel, Lucifer, M14 kimi metafizik surətlər vasitəsilə müəllif Tanrı, vicdan, əxlaq və məsuliyyət anlayışlarını yeni prizmalardan təqdim edir.
Romanın dili yüksək poetik yüklə, simvolik anlamlarla zəngindir. Burada “Qanadsız Mələk” obrazı – qadın şüurunun bəzən görünməyən, lakin ilahi missiyalar daşıyan dərin qatlarını təmsil edir. Ruhəngiz Əliyeva bu əsərdə yalnız bir ədəbiyyatçı kimi deyil, həm də ruhsal araşdırmaçı kimi çıxış edir. Əsərdə yer alan “Var olmaq – düşüncənin və mərhəmətin birliyində mümkündür” tezisi müəllifin ontoloji baxışlarının özətidir.
“Mələyin qanadında” romanında yer alan qadın obrazları – Raguel və digərləri, sanki Ruhəngizin öz simasının bədii təcəssümüdür. Onlar təslim olmayan, qərar verən, düşünən, sevən, qoruyan və savaşan varlıqlardır. Bu obrazlar nəinki fantastik səhnələrin bir hissəsi, həm də çağdaş qadının iç dünyasının simvolik səsləndirilməsidir.
Əsərdə qadın ilahi planın bir parçası – təkcə bioloji yox, həm də mənəvi doğumun daşıyıcısı kimi təqdim olunur. Bu ideya, çağdaş dünyada qadın obrazının fəlsəfi və estetik baxımdan yenidən qurulmasına yönəlmiş sanballı çağırış sayıla bilər.
İndi isə sözümüzü Mələk qanadlarından yenidən Yer üzünə gətirərək, ədəbiyyatdan diplomatik təmaslara – Ruhəngiz Əliyevanın çoxşaxəli ictimai missiyasına keçid edək.
Ruhəngiz yalnız Azərbaycan içində deyil, uluslararası miqyasda da çıxışlar edir. Onun müxtəlif türlü yazıları qardaş Türkiyə və Qazaxıstanda, habelə İspaniya, Almaniya, Ukrayna, Polşa və b. ölkələrdə yayımlanıb. O, müxtəlif uluslararası tədbirlərdə, konfrans və layihələrdə uğurlu iştirakı ilə Türk dünyasında ədəbi və akademik bağların qurulmasına özünəməxsus töhfələrlə çıxış edir.
Uzun sözün qısası,
Ruhəngiz Əliyevanın çalışmaları – maarifçiliklə çağdaşlığın, xanımlıqla intellektin, ədəbiyyatla xalq diplomatiyasının vəhdətidir. Məncə, belə yeni nəsil aydınlarımızın obrazı yalnız bir fərdi deyil, həm də bir düşüncə tərzini təmsil edir.
Uğurlar, Ruhəngiz! Adın Ruh ilə başlayır, ulusumuz adına gördüyün işlərdə heç vaxt ruhdan düşməyəsən!
Günün ağ olsun!
Mənbə: Turkustan.Az