BMU-nun magistratura səviyyəsi və MBA proqramı üzrə qəbul planı təsdiqlənib
Bakı Mühəndislik Universitetinin (BMU) 2025/2026-cı tədris ili üçün magistratura səviyyəsində və MBA proqramı üzrə qəbul planı təsdiqlənib.
BMU-dan Bakuplus.az-a bildirilib ki, qəbul planında magistratura üzrə ixtisasların sayı ötən illə müqayisədə 20-dən 25-ə, ixtisaslaşmaların sayı isə 28-dən 38-ə çatdırılıb. İxtisas və ixtisaslaşmalar üzrə ayrılan 333 yerdən 303-ü Azərbaycan, 30-u ingilis bölməsinin payına düşür.
BMU-nun MBA proqramında isə 8 ixtisaslaşma üzrə 175 yer planlaşdırılıb. Proqram üzrə 155 yer Azərbaycan, 20 yer isə ingilis bölməsi üçün ayrılıb.
Açılan yeni ixtisas və onların ixtisaslaşmaları sırasına informasiya təhlükəsizliyi (kibertəhlükəsizlik, Kompüter və şəbəkə təhlükəsizliyi), materiallar mühəndisliyi (materialşünaslıq və materiallar texnologiyası), nəqliyyat tikintisi mühəndisliyi (avtomobil yolları və aerodromlar), şəhərsalma (şəhər planlaşdırılması), nəqliyyatda servis (Sərnişin daşıma xidmətlərinin təşkili və təhlükəsizliyi) daxildir. Bu sırada, həmçinin informasiya texnologiyaları (maşın öyrənməsi), kimya mühəndisliyi (kimya mühəndisliyində yaşıl texnologiyalar), kompüter mühəndisliyi (kompüter sistemləri və şəbəkələri; bulud və şəbəkə infrastrukturu), maşın mühəndisliyi (soyuducu, kompressor maşın və qurğuları), mexanika mühəndisliyi (hidromexanika və hidravlik maşınlar, radiotexnika və telekommunikasiya mühəndisliyi (texnologiyalar və əməliyyatların idarəedilməsi) yer alıb.
Mənbə: BakuPlus.Az