ELMİ ANONSLAR

bp-nin regional prezidenti: Kitabxana İnformasiya Mərkəzi AzTU-ya infrastrukturu modernləşdirməyə imkan verəcək

Texniki Universiteti Kitabxana İnformasiya Mərkəzinin yaradılması layihəsi Azərbaycanda təhsilin gələcəyinə və yeni nəsil mühəndis, eləcə də yenilikçi mütəxəssislər yetişdirilməsinə dəstək öhdəliyimizi əks etdirir.

“Report” xəbər verir ki, bunu bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qori Counz Azərbaycan Texniki Universiteti (AzTU) Kitabxana İnformasiya Mərkəzinin açılışında deyib.

Onun sözlərinə görə, məlumatların axtarışının nə qədər vaxt tələb etdiyi məlumdur, buna görə də rəqəmsallaşmaya keçid mütləqdir:

“Qürur duyuruq ki, daha sıx birləşmiş və innovativ təhsil mühiti qurmaq niyyətilə üz tutduğu transformasiya yolunda AzTU-nu dəstəkləyə bilmişik. Belə bir mühitin yaradılmasına doğru atılmış addım universitetə öz akademik infrastrukturunu modernləşdirməyə şərait yaradaraq biliklərin və tədqiqat imkanlarının daha əlçatan olmasını təmin edir”.

Q.Counz 10 mindən çox tələbənin və 600 nəfərlik professor-müəllim heyətinin müasir rəqəmsal vasitələrdən və distant təhsil imkanlarından faydalanmağa töhfə verə bildiklərinə görə məmnunluq duyduğunu vurğulayıb.

Qeyd edək ki, icra müddəti 18 ay olan bu layihəni öz sosial sərmayə fəaliyyətlərinin bir hissəsi olaraq bp şirkəti maliyələşdirib. Layihənin ümumi dəyəri 408 min manatdır (240 min ABŞ dolları).

Mənbə: Report.Az