MÜSAHİBƏ

Ceff Teylor: “Azərbaycan üçün mühüm addım dayanıqlı inkişafın qanunvericiliyə daxil edilməsidir” – MÜSAHİBƏ

Dayanıqlı satınalma ekoloji və sosial məsuliyyətin təkmilləşdirilməsində mühüm rol oynayır. Azərbaycan da bu istiqamətdə səylər göstərir. Bu məsələdə Asiya İnkişaf Bankı (ADB) ilə əməkdaşlığın dərinləşdirilməsi bu səyləri dəstəkləyəcək və dayanıqlı inkişafa doğru irəliləyəcək.

ADB-nin Baş direktorunun müavini və satınalmalar üzrə əsas əməkdaşı Ceff Teylor “Report”a müsahibəsində bu sahədə vəziyyətin yaxşılaşdırılması yolları, dayanıqlı satınalmaların Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) çərçivəsində iqlim gündəliyinə təsiri, müxtəlif təşəbbüslərə bank tərəfindən dəstək planları və s. haqqında danışıb.

– Azərbaycanda dayanıqlı satınalma təcrübəsi ilə bağlı vəziyyət necədir və onu necə yaxşılaşdırmaq olar?

– Hesab edirəm ki, Azərbaycan yeni satınalma qanunu baxımından bütün düzgün addımları atıb. O, satınalmanın ekoloji, sosial və dayanıqlılıq aspektlərinə toxunur. Bu çox geniş mövzudur.

Buraya idarəetmə, iqtisadi, sosial mülahizələr və əlbəttə ki, çox vacib olan ekoloji mülahizələr daxil ola bilər. Buna görə də, ADB bu proqramları həyata keçirmək və dəstəkləmək üçün imkanlar axtaracaq ki, onlar bizim layihənin maliyyələşdirilməsi və fəaliyyətlərimizə uyğun olsun.

Bu daha ekoloji cəhətdən təmiz binalar, tikinti materialları və s. ilə əlaqəli ola bilər.

Hər bir ölkə coğrafiyadan və iqtisadi şəraitdən asılı olaraq fərqli prioritetlərlə öz yanaşmasından istifadə edir.

Amma hesab edirəm ki, Azərbaycan ən mühüm addımı atıb – davamlı inkişaf məsələlərini milli tənzimləmə və qanunvericiliyə daxil edib.

Bu, həm ADB-nin maliyyə portfeli çərçivəsində ekoloji, sosial və digər məsələləri necə dəstəkləyə biləcəyimiz, həm də hökumətin öz islahatlarını dəstəkləmək baxımından gələcək iş üçün çox yaxşı zəmin yaradır.

– Azərbaycanda dayanıqlı satınalma təcrübələrini tətbiq edən şirkətlər üçün hər hansı dəstəkləyici və ya təşviqedici tədbirlər varmı?

– Biz onları təklif etmək istərdik. Mən “yaşıl sement”i nümunə göstərə bilərəm. Bu, ənənəvi sementdən daha aşağı karbonlu sementdir. Biz onu ADB tərəfindən maliyyələşdirilən layihə çərçivəsində Hindistanda sınaqdan keçirdik.

Bazar bu tələbata cavab verə biləcəkmi, nəticə bundan asılıdır. Biz Hindistan bazarında dərin araşdırma apardıq və istehsalçıların bunu bacara biləcəklərini gördük. Ancaq biz qiymətləndirmə prosesində daha dayanıqlı və ya ekoloji cəhətdən təmiz materiallar təklif edən podratçıya üstünlük verməklə bunu dəstəkləyə bilərik.

– Dayanıqlı satınalmalar NDC-lərə nail olmaq üçün necə əsas elementə çevrilə bilər?

– “Yaşıl sement” nümunəsinə əsaslanaraq güman edə bilərəm ki, bu məsələdə tezliklə bəzi qlobal standartlar müəyyən oluna bilər. Belə bir sement istifadə ediləcəksə, karbon kompensasiyası və ya onun qənaəti NDC-də nəzərə alına bilər.

Ölçmə mexanizmləri mənim bilik sahəmə daxil deyil. Ancaq satınalmalar – onun həm tikintidə istifadə olunan üsul və materiallarda, həm də obyektin istismar xüsusiyyətlərində karbon izini faktiki olaraq azaltmaq üçün bir çox imkanları var.

Başqa bir nümunə, enerjiyə qənaət edən nasoslar, məsələn, LED küçə işıqlandırması və s. ola bilər ki, məncə, ümumi işə milli səviyyədə müəyyən edilmiş töhfə çərçivəsində baxıla bilər.

– ADB Azərbaycanla dayanıqlı satınalmaların konkret hansı sahələrində əməkdaşlıq etmək niyyətindədir?

– Biz Azərbaycanın maraqlarını nəzərə almalı olacağıq. Çünki onun öz proqramı ölkəyə uyğunlaşdırılmalıdır, ADB tərəfindən yeridilməməlidir. Bank “siz bunu etməlisiz, mən bunu etməliyəm” dedikdə, bu işləmir, çünki dayanıqlılıq geniş mövzudur və milli məsuliyyət lazımdır.

Amma məni xüsusilə maraqlandıran sahələrdən biri tikintidir. Tikinti prosesində yaranan karbon təsirini və emissiyalarını necə azalda bilərik? Bütün müştərilərimizlə işləməkdə xüsusi maraqlı olduğum başqa bir sahə tənzimləmədə standartların tətbiqidir.

Müsahibənin əvvəlində dediyim kimi, Azərbaycan artıq ən mühüm addımı atıb, mahiyyətcə ADB-nin dəstəkləyə biləcəyi müstəqil iş üçün normativ-hüquqi baza yaradıb.

Tikinti materialları satınalma prosesinin bir hissəsidir. Tikinti ilə bağlı olan ağır sənaye sahələrinə – asfalt, sement, polad, alüminium istehsalına nəzər salsaq, görərik ki, onlar qlobal emissiyaların 30-40 %-ni təşkil edir. Bu sahələrdə kiçik bir azalma belə çox əhəmiyyətli təsir göstərir.

– ADB-nin Azərbaycanda dayanıqlı satınalmaya dair apardığı diaqnostika ilə bağlı daha ətraflı məlumat verə bilərsiz?

– Bəli, biz bunu etdik. Bunu borc alan 41 ölkənin hər biri üçün etdik.

Biz normativ-hüquqi bazanı araşdırdıq və müəyyən etdik ki, məsələn, Azərbaycanda bu, satınalmaların effektivliyi ilə əlaqədardır.

Vəziyyəti tam aydın görmək üçün, biz indi hər bir ölkə ilə razılaşdırma prosesindəyik. On ölkə artıq müsbət cavabını verib.

Azərbaycanla müzakirələr davam edir, əmin olmaq istəyirik ki, diaqnostikamız tam vəziyyəti əks etdirir. Axı biz Manilada yerləşirik və diaqnostikanın düzgün aparıldığından əmin olmalıyıq.

Bütün bunlar bizə hər bir ölkədə iş üçün prioritetlərin siyahısını yaratmağa imkan verəcək.

Müsahibənin ortasına qayıdacağam. İşimizin mümkün qədər səmərəli olmasını təmin etmək üçün dayanıqlı satınalma üçün milli prioritetlərə uyğunlaşmamız çox vacibdir.

– Dayanıqlı satınalma ilə bağlı hansı təşəbbüslərdə Azərbaycanı dəstəkləyəcəksiniz? Seçim meyarları hansılardır?

– Razılığa gəlsək, bu, artıq dediyim kimi, “yaşıl sement” ola bilər, o, həm də sosial inteqrasiya, qadınların tədarük zəncirində iştirakını təşviq etmək üçün qiymətləndirmə mexanizmləri və müqavilələrin bağlanması və s. ola bilər.

Hər şey Azərbaycanın prioritetlərindən asılı olacaq. Amma biz dayanıqlı inkişafla bağlı hər şey üçün açığıq və onu dəstəkləyirik.

Ancaq bu, uyğunlaşmalı olduğunuz yeganə bir proses deyil. Qarşımıza qoyduğumuz vəzifələrdən biri informasiya məhsullarının inkişafı, eləcə də dayanıqlılığın və satınalmanın qiymətləndirilməsi metodlarının hazırlanması və bütün müştərilərimizə nümunələrin və tematik araşdırmaların təqdim edilməsidir.

Deməli, əgər onların prioriteti poladdırsa, bu sahədə apardığımız araşdırmalara müraciət edə bilərlər. Asfalt, bitumlu kimyəvi maddələrdirsə, buna diqqət yetirə bilərlər.

Beləliklə, söhbət ADB tərəfindən maliyyələşdirilib-maliyyələşdirilməməsindən asılı olmayaraq satınalmalarda potensial olaraq istifadə oluna biləcək alətlər məcmusunun təqdim edilməsindən gedir.