ELMİ ANONSLAR

Culia Bekker 16 yaşa çatmayanların smartfon və sosial şəbəkələrdən istifadələrinə qadağanın tərəfdarıdır

Uşaqlar süni intellektlə (AI) bağlı potensial risklər qarşısında ən həssas kateqoriyalardan biridir.

“Report”un Vyanada keçirilən “Avropa Nəşriyyat Konqresi-2025”i işıqlandıran əməkdaşınn məlumatına görə, bunu “Funke Media Group” nəşriyyat evinin Müşahidə Şurasının sədri Culia Bekker bəyan edib.

O, süni intellektlə bağlı təhdidlərdən qorunma tədbirlərindən biri kimi 16 yaşdan kiçik uşaqların sosial platformalardan istifadəsinin qadağan olunmasını təklif edib.

“Avropa İttifaqında, məsələn, müxtəlif mövzular üzrə çoxsaylı məhdudiyyətlər mövcuddur, lakin uşaqların smartfonlardan və sosial şəbəkələrdən istifadəsi hələ də heç bir şəkildə tənzimlənmir. Bu isə ciddi risklər daşıyır. Biz uşaqların smartfonlardan və sosial şəbəkələrdən istifadəsinin tam qadağan edilməsi imkanını ciddi şəkildə nəzərdən keçirməliyik. Avstraliya, məsələn, artıq 16 yaşdan kiçik şəxslərin sosial platformalara girişinə məhdudiyyət tətbiq edib. Sosial şəbəkələrdə uşaqlara təhlükəli tapşırıqlar təklif edə biləcək qapalı qruplar yaranır. Bütün bunlar sərt və vaxtında tənzimləmə tələb edir”, – C.Bekker bildirib.

Onun sözlərinə görə, digər ciddi təhdid uşaqların “WhatsApp” kimi mesencerlər vasitəsilə süni intellektlə aktiv şəkildə qarşılıqlı əlaqəyə başlamasıdır.

“Uşaq auditoriyası getdikcə daha çox çat-botlarla ünsiyyət qurur, süni intellekt vasitəsilə şəkillər və videolar yaradır. Daha sonra bunlar qapalı qruplarda yayılır. Bu da müəyyən təhlükə yaradır. Böyüklərin və tənzimləyici orqanların diqqətini tələb edir”, – C.Bekker vurğulayıb.

Mənbə: Report.Az