ELMİ DİİASPORA AA

Dağlıq Qarabağ münaqişəsi: problemlər və perspektivlər

Bəşər tarixi yarandığı gündən müharibələrlə üz-üzə gəlib. Tarixi inkişafın bütün mərhələlərində dövlətlər və siyasi ittifaqlar arasında münaqişələr olub. Tarix boyu müharibələr, əsasən, ərazi və resurslar üçün aparılıb və dini, mədəni, ideoloji, etnik və digər ziddiyyətlərə səbəb olub.
Müasir dövrdə mütəxəssislər daha çox müharibə deyil, “silahlı münaqişə” anlayışından istifadə edirlər və onları miqyasına görə qlobal, regional və lokal olmaqla üç növə ayırırlar.
“Soyuq müharibə”dən sonra elə təsəvvür edilirdi ki, regional və lokal münaqişələr tezliklə nizamlanacaq. Fərziyyələr özünü doğrultmadı. İkiqütblü dünya strukturunun dağılması aqressiv millətçiliyin və separatizmin növbəti dalğasına səbəb oldu. Köhnə münaqişələrlə yanaşı, dünyanın müxtəlif regionlarında yeni münaqişə ocaqları da yaranmağa başladı. Cənubi Qafqaz regionunda belə münaqişələrdən biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konflikti oldu.
Ermənistanın Azərbaycandan əsassız ərazi iddiası XIX əsrin əvvəllərindən etibarən – Gülüstan və Türkmənçay müqavilələrindən sonra ermənilərin 40 mininin Qacar İranından, 90 mininin Osmanlı imperiyasından Şimali Azərbaycan ərazilərinə köçürülməsindən sonra başlansa da, erməni separatçıları 80-ci illərin ortalarında M.S.Qorbaçovun hakimiyyətə gəlməsi ilə yenidən fəallaşdı, milli ədavət daha da qızışdırılmağa başladı. Azərbaycanın Yuxarı (Dağlıq) Qarabağ regionu Ermənistanın dövlət separatizmi meydanına çevrildi.
1991-ci ilin sonlarında Ermənistan Respublikası Azərbaycan Respublikasına qarşı açıq və ədalətsiz müharibəyə başladı. Ermənistan hərbi qüvvələri Azərbaycan sərhədlərini pozub Qarabağa daxil oldu, bir sıra şəhər və kəndləri işğal etdi. Ermənistan silahlı qüvvələri irimiqyaslı hərbi əməliyyatları genişləndirdi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 1992-ci illərin əvvəllərindən başlayaraq daha çox beynəlxalq xarakterli problemə çevrildi. 1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası ATƏM-in (ATƏT) üzvü oldu və həmin il iyulun 8-10-da təşkilatın Helsinkidə keçirilən Zirvə toplantısında onun sənədlərini imzaladı. Müstəqil Azərbaycan Respublikası ATƏM-in üzvü olduqdan sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu təşkilatın prinsiplərinə uyğun olaraq üzv olan dövlətlərin müzakirə obyektinə çevrildi.
1992-ci il mayın 8-də Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi olan Şuşa şəhərini ələ keçirməklə Ermənistan ordusu bütün Yuxarı Qarabağı işğal etdi. Ermənistan Azərbaycan torpaqlarında möhkəmlənmək, Qarabağın dağlıq hissəsini Ermənistan Respublikasına birləşdirmək üçün dəhliz açmaq istəyirdi. Bu yolda iki respublika arasında yerləşən qədim Azərbaycan şəhəri Laçın əsas maneə idi. Beləliklə, 1991-1993-cü illərdə Ermənistan hərbi qüvvələri Azərbaycan Respublikasının Yuxarı (Dağlıq) Qarabağ bölgəsini, habelə Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonlarını işğal etdi. Ümumiyyətlə, Ermənistanın təcavüzü nəticəsində 25 mindən artıq Azərbaycan vətəndaşı həlak oldu. Bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrildi. Azərbaycan mədəniyyətinin nadir inciləri məhv edildi. Azərbaycan Respublikasına qarşı təcavüz ölkənin sosial-iqtisadi həyatına ciddi ziyan vurdu. İşğal olunan ərazilərdə 871 yaşayış məntəqəsi, o cümlədən 11 şəhər, 12 qəsəbə, 848 kənd, yüzlərlə xəstəxana yandırıldı və ya yararsız hala salındı. Yüz minlərlə bina və mənzil, minlərlə ictimai bina dağıdıldı, qarət edildi. Yüzlərlə kitabxana talan olundu, çoxlu sayda dəyərli əlyazma yandırıldı, məhv edildi. Bir neçə dövlət teatrı, yüzlərlə klub və çoxlu sayda musiqi məktəbi məhv edildi. Minlərlə emal, kənd təsərrüfatı və başqa tipli fabrik və zavod talan edildi. Yüzlərlə kilometr uzunluğunda suvarma sistemi tamamilə dağıdıldı. Azərbaycan otlaqlarının 70 faizi işğal olunmuş ərazilərdə qaldı. Bölgə infrastrukturu, o cümlədən yüzlərlə körpü, yüzlərlə kilometr yol, minlərlə kilometr su və qaz kəməri, çoxlu sayda qaz paylama məntəqəsi dağıdıldı. Azərbaycana qarşı müharibə həm işğal edilmiş ərazilərdə, həm də Ermənistanda Azərbaycanın mədəni irsinə ciddi ziyan vurdu.
1992-1993-cü illərdə münaqişəni nizama salmaq üçün BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr zamanı və Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri qəbul edilərkən Şuranın daimi üzvü olan böyük dövlətlər Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına deyil, münaqişənin ATƏT-in Minsk prosesi çərçivəsində atəşkəs və danışıqlar yolu ilə həll olunmasına razılıq verdilər. Ermənistan tərəfi BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi 4 qətnaməyə də məhəl qoymadı.
1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan arasında atəşkəs (Bişkek) protokolu imzalandı və bununla da Dağlıq Qarabağ münaqişəsi dondurulmuş konfliktlər siyahısına daxil edildi.
Hər bir beynəlxalq təşkilatın produktiv fəaliyyət göstərməsi üçün onun təsiretmə mexanizmi mövcud olmalıdır. ATƏT-in Minsk Qrupunun BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini (822, 853, 874, 884 saylı) yerinə yetirmək üçün hazırladığı “Təxirəsalınmaz tədbirlər cədvəli” heç bir təsir gücünə malik deyildi. ATƏT-in müqaviləni yerinə yetirməkdən imtina edən tərəfə qarşı sanksiya qəbul etmə mexanizmi yoxdur. Minsk qrupu tərəfindən qəbul edilən sənədlər yalnız məsləhət və tövsiyə xarakteri daşıyır. ATƏT-də tətbiq olunan qarşılıqlı güzəşt prinsipi müqaviləni pozan tərəfə öz əməllərinə görə məsuliyyət daşımamaq imkanı verir. Bu isə nəticə etibarilə işğalçı ilə işğala məruz qalan tərəf arasında fərq qoyulmamasına gətirib çıxarır, qəsbkarı cəzasız qoymaqla güzəştə getməməyə təşviq edir.
Ermənistanın işğalına məruz qaldıqdan sonra da Azərbaycan bütün vasitəçilik missiyalarından imtina etməyərək, problemin ATƏT prinsipləri çərçivəsində həllinə tərəfdar olduğunu bir daha nümayiş etdirdi. Münaqişənin dinc vasitələrlə nizama salınması üçün yaradılmış Minsk qrupu çərçivəsində aparılan danışıqlarda tərəflər arasında ziddiyyətlərin qalması, xüsusilə, Ermənistanın qeyri-konstruktiv mövqe tutması ilə yanaşı, qrupun üzvü olan böyük dövlətlərin mövqeyində də yekdil fikrin olmaması sülh prosesinin ləngidilməsinə və münaqişənin dondurulmuş vəziyyətdə qalmasına gətirib çıxartdı.
1998-ci il noyabrın 9-da beynəlxalq hüquq normalarına zidd, həmçinin Azərbaycan üçün qətiyyən qəbuledilməz olan və danışıqların davam etdirilməsinə imkan yaratmayan üçüncü təklif irəli sürüldü. Bu təklif dünya praktikasında mövcud olmayan “ümumi dövlət” ideyasına əsaslanırdı. Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən qətiyyətlə rədd edilən süni “ümumi dövlət” təklifi Azərbaycanın mənafeyinə zidd olmaqla yanaşı, ATƏT-in Budapeşt və Lissabon Zirvə toplantılarında qəbul edilən sənədlərə də etinasız yanaşılması demək idi. “Ümumi dövlət” prinsipi nizamasalma prosesinə ciddi maneə törətməklə yanaşı, münaqişənin həlli yollarına dair tərəflərin mövqeyindəki ziddiyyətləri daha da dərinləşdirdi. Nəticədə danışıqlar prosesində bir durğunluq yarandı və münaqişənin nizama salınması istiqamətində müsbət irəliləyiş əldə etmək mümkün olmadı. Həmsədrlər tərəfindən irəli sürülən “Ümumi dövlət” ideyası iflasa uğradıqdan sonra Minsk qrupunun fəaliyyəti praktik olaraq dayandı.
1999-cu il aprelin 26-da ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda Azərbaycan və Ermənistan prezidentləri arasında yeni formatda birbaşa danışıqlara başlandı və ATƏT-in Minsk Qrupu tərəfindən danışıqların bu formatı bəyənildi. Lakin bu görüşün nəticəsində də münaqişənin nizama salınması istiqamətində konkret nəticə əldə edilmədi.
Mövcud formatın səmərəli olmadığını görən ATƏT-in Minsk Qrupu 2009-cu il iyulun 10-da “Böyük səkkizlər”in İtaliyanın Akvil şəhərində keçirilən toplantısında ABŞ, Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ problemini müzakirə etdilər. Müzakirənin nəticəsində hər üç dövlətin prezidentinin münaqişə ilə bağlı qəbul etdiyi birgə bəyanatda həmsədrlərə Azərbaycan və Ermənistan prezidentlərini Baza Prinsiplərinə dair son təkliflərin əks olunduğu, yəni, 2007-ci il noyabrın 29-da açıqlanmış yeni Madrid prinsipləri təqdim edildi. Lakin bununla belə münaqişənin nizama salınması prosesində Azərbaycan və Ermənistan tərəflərinin mövqelərində müəyyən fərqlər qalmaqdadır. Azərbaycan dövlətinin mövqeyi əvvəlki kimi birmənalıdır. Yəni, ermənilər Dağlıq Qarabağ ətrafında işğal etdikləri əraziləri mərhələli şəkildə azad etməli, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. Bundan sonra isə keçid dövründə Laçın və Kəlbəcər rayonlarının azad edilməsi ilə, eyni zamanda, Dağlıq Qarabağ və Ermənistan arasında dəhlizin yaradılması mümkündür.
Növbəti mərhələdə Dağlıq Qarabağdan olan məcburi köçkünlər öz torpaqlarına qayıtmalı və orada sülhməramlı qüvvələr yerləşdirilməlidir. Dağlıq Qarabağın azərbaycanlı əhalisi oraya qayıtdıqdan sonra isə status məsələsi müzakirə olunub hazırlana bilər. Heç şübhəsiz ki, bütün bunlar həllini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tapmalıdır. 2008-ci il noyabrın 2-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan  prezidentlərinin birgə imzaladığı bəyannamədə də münaqişənin ərazi bütövlüyü çərçivəsində həlli nəzərdə tutulur.
Ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və problemin dinc vasitələrlə nizama salınması ümummilli liderimiz Heydər Əliyevin xarici siyasət fəaliyyətində mühüm yer tutmuşdur. 1993-2003-cü illər ərzində Azərbaycanın dövlət başçısı Heydər Əliyev Ermənistan prezidenti ilə 23, ATƏT-in rəhbərliyi və Minsk qrupunun nümayəndələri ilə 140-a qədər görüş keçirmişdir.
Azərbaycan çox ağır və çətin keçən danışıqlarda öz haqlı mövqeyini müdafiə edərkən bir sıra çətinliklərlə qarşılaşır. Çünki münaqişə başlayandan keçən dövr ərzində aparılan danışıqlarda təcavüzkar Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətindən əl çəkmir. Digər tərəfdən dünya birliyinin “ikili standartlar” prinsipindən çıxış etməsi, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrini həyata keçirmək üçün konkret fəaliyyət göstərməməsi danışıqlar prosesində irəliləyişin əldə olunmasına maneə törədir. Buna baxmayaraq Azərbaycan dövləti beynəlxalq təşkilatların, xüsusilə də münaqişəni dinc vasitələrlə nizama salmaq üçün fəaliyyət göstərən ATƏT-in sülhyaratma təkliflərinə hörmətlə yanaşır. ATƏT-in Minsk Qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, indiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzu olunan nəticəni verməyib. Minsk qrupu və bu qrupa həmsədrlik edən ABŞ, Fransa və Rusiya kimi böyük dövlətlər münaqişənin dondurulmuş şəkildə qalmasında məsuliyyət daşımamış və təcavüzkara qarşı heç bir təzyiq göstərməmişlər. Təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də azaldır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hazırda dinamik dəyişikliklər mərhələsindədir. Bu münaqişədə Ermənistanın status-kvonun dəyişdirilməsini istəməməsi təhlükənin ehtimalını artırmaqdadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq bəyan edib ki, “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq. Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaq”. Rusiya Federasiyasının Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” fikri bu münaqişənin həllinin necə nəticələnməli olduğunu birmənalı şəkildə göstərir.

Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycan ərazisinin hərbi işğalı və status-kvonun saxlanılması münaqişənin həlli deyil və heç vaxt Ermənistanın arzuladığı siyasi nəticəni verməyəcəkdir. 2016-cı il Aprel döyüşləri də göstərdi ki, tərəflər arasındakı hərbi balans Azərbaycanın xeyrinə dəyişmişdir. Ermənistan münaqişənin həlli prosesində konstruktiv şəkildə iştirak etməli, beynəlxalq öhdəliklərini yerinə yetirməli və qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarmalıdır.

 

Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi
general-leytenant Heydər PİRİYEV

https://mod.gov.az/az/pre/29684.html