Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) mərkəzi icra hakimiyyəti orqanlarının təlim mərkəzlərinin əməkdaşları üçün təlim keçirilib.
DİA-dan AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2023-2025-ci illərdə icrası üzrə Fəaliyyət Planını rəhbər tutaraq və həmçinin 2020-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq keçirilib. Təlimdə Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov “Prezident İlham Əliyevin yeni dövlət idarəçilik texnologiyaları: COP 29-a aparan yol” mövzusunda mühazirə ilə çıxış edib.
Rektor Urxan Ələkbərov çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası olan COP 29-un Azərbaycanda keçiriləcəyi ilə bağlı geniş məlumat verib. Akademik bildirib ki, hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi COP qlobal çağırışlara dair fəaliyyəti sürətləndirmək və məqsədlərə nail olmaq üçün keçirilən əhəmiyyətli görüşdür. Akademik diqqətə çatdırıb ki, “Yaşıl” iqtisadiyyata keçid və “yaşıl” enerji təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi sahədə həyata keçirdiyi uğurlu siyasətinin əsaslarındandır.
Təlimdə rektor dahi şəxsiyyət Heydər Əliyevin tarixi xidmətlərindən danışıb, 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətçiliyinin böyük təhlükələrdən xilas olduğunu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında əsaslı dönüşün yarandığını qeyd edib. Rektor ölkəmizdə qazanılan uğurların dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu deyib. Urxan Ələkbərov Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycanın qazandığı nailiyyətlərə diqqət çəkib. O, Prezident İlham Əliyev tərəfindən hazırlanaraq tətbiq edilmiş yeni dövlət idarəçiliyi texnologiyalarının Azərbaycanı davamlı inklüziv inkişafı naminə resurslardan səmərəli istifadə sahəsində regional və qlobal liderə çevirdiyini xüsusi vurğulayıb. Urxan Ələkbərov bildirib ki, inklüziv inkişaf sahəsində ölkəmizin yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri var. Rektor müstəqil və suveren Azərbaycan dövlətinin keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olduğunu qeyd edərək, inklüziv cəmiyyətin qurulması prosesinin ölkənin 2030-cu il üçün planlaşdırılmış əsas prioritetləri sırasında olduğunu söyləyib. O, beynəlxalq təşkilatların hesabatlarına əsaslanaraq ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən bu yeni strateji dövrdə Azərbaycan Respublikasının bütün dünya üçün prioritet kimi qəbul edilən inklüziv inkişafın planlaşdırılması və idarə edilməsi sahəsindəki uğurlarını dinləyicilərin diqqətinə çatdırıb.
Akademik Urxan Ələkbərov təlim zamanı qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də 5-ci prioritetin “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” adlanması təsadüfi deyil və bu istiqamətdə ölkəmizdə uğurlu addımlar atılır.
Daha sonra rektor Urxan Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin “yaşıl enerji” zonasına çevrilməsinin əsas istiqamətlərdən biri olduğunu bildirib. Rektor vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra 2020-ci ilin iqtisadi yekunlarına dair müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonasının yaradılmasına dair strateji baxış irəli sürülüb və bunun üçün həmin ərazilərdə kifayət qədər bərpaolunan enerji potensialının olduğunu qeyd edilib.